Avropa İttifaqının (Aİ) 27 dövlətinin liderləri İttifaqın növbəti beş-on il üçün “Strateji Kompas” adlanan ilk ümumi müdafiə və təhlükəsizlik strategiyasını təsdiqləyib.
Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter” hesabında bildirib.
Bu həftənin əvvəlində sənəd Aİ xarici işlər nazirləri tərəfindən razılaşdırılıb.
Sənəddə deyilir ki, Ukraynadakı münaqişə, dünyada baş verən geosiyasi dəyişikliklər Aİ-nin öz baxışını müdafiə etmək və maraqlarını qorumaq qabiliyyətini şübhə altına alır: “Biz strateji rəqabət və mürəkkəb təhlükəsizlik təhdidləri, regionumuzda və onun hüdudlarından kənarda artan münaqişələr, silahlı təcavüzlər və qeyri-sabitlik mənbələri mühitində yaşayırıq ki, bu da böyük humanitar iztirablara və əhalinin yerdəyişməsinə səbəb olur”.
Sənəddə həmçinin vurğulanır ki, Aİ yaranan böhranlara təkbaşına və ya tərəfdaşları iləbirlikdə cavab verə bilməlidir. Bununla əlaəqdar “Strateji Kompas” 5000 nəfərlik korpusdan ibarət Avropa çevik reaksiya qüvvələrinin formalaşdırılmasını nəzərdə tutur.
Ölkələr həmçinin Vahid Müdafiə və Təhlükəsizlik Siyasəti çərçivəsində dənizdə və quruda müntəzəm birgə təlimlər keçirməli, hərbi səfərbərliyi artırmalı, mülki və hərbi missiyaları gücləndirməli olacaqlar.
Bundan əlavə, sənəddən belə çıxır ki, daha güclü Avropa NATO və transatlantik əməkdaşlığın rolunun azalması mənasına gəlmir, əksinə onun üzvləri üçün kollektiv müdafiənin əsası olmaqda qalan alyansı gücləndirəcək.