Özbəkistanda korrupsiya cinayətlərinə görə məhkum edilmiş şəxslərin məlumatlarını əhatə edən qapalı reyestrin yaradılması planlaşdırılır. Yeni sistem dövlət orqanlarına işə qəbul və vəzifəyə təyinat zamanı namizədlərin keçmişini yoxlamağa imkan verəcək.
Özbəkistan Nazirlər Kabinetinin bununla bağlı qərar layihəsi ictimai müzakirəyə çıxarılıb. Sənəd Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən hazırlanıb.
Layihəyə əsasən, reyestrdəki məlumatlardan yalnız dövlət qurumlarının səlahiyyətli əməkdaşları və daxili antikorrupsiya nəzarəti bölmələrinin nümayəndələri istifadə edə biləcəklər.
Beləliklə, adi vətəndaşlar, jurnalistlər və potensial biznes tərəfdaşları hər hansı şəxsin korrupsiya cinayətinə görə məhkum olunub-olunmadığını müstəqil şəkildə yoxlamaq imkanına malik olmayacaqlar.
“Azattyq Asia”nın məlumatına görə, layihə reyestrdə saxlanılan fərdi məlumatların məxfiliyinin qorunmasını nəzərdə tutur. Qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla, şəxsin razılığı olmadan onun barəsindəki məlumatların üçüncü tərəflərə ötürülməsi qadağan ediləcək.
Sənəddə həmçinin qeyd olunur ki, şəxsin reyestrə daxil edilməsi onun ailə üzvlərinin və qohumlarının hüquqlarının məhdudlaşdırılması üçün əsas sayıla bilməz.
Məhkumluq ödənildikdə məlumatlar silinəcək
Reyestrə yalnız barəsində ittiham hökmü çıxarılmış və həmin hökm qanuni qüvvəyə minmiş şəxslər daxil ediləcək.
Layihənin mühüm müddəalarından biri məlumatların saxlanma müddəti ilə bağlıdır. Belə ki, şəxsin məhkumluğu qanunvericiliyə uyğun olaraq ödənildikdən və ya götürüldükdən sonra onun barəsindəki məlumatlar reyestrdən silinəcək.
Yeni məlumat bazasının idarə olunması Korrupsiyaya Qarşı Mübarizə Agentliyi və Daxili İşlər Nazirliyinə həvalə ediləcək. Sistemin fəaliyyəti “E-Komplaens” proqram kompleksi vasitəsilə təmin olunacaq.
Qərar qəbul ediləcəyi təqdirdə, proqram təminatının tam istifadəyə verilməsi və müvafiq informasiya sistemlərinin inteqrasiyası üçün aidiyyəti qurumlara iki ay vaxt ayrılacaq.
Reyestrin yaradılması prosesi bir neçə il davam edib
Korrupsiyaya görə məhkum olunan şəxslərin reyestrinin yaradılması ilə bağlı qanun layihəsi ilk dəfə 2022-ci ilin əvvəlində hazırlanıb. Sənəd 2023-cü ildə müvafiq nazirlik və idarələrlə razılaşdırılıb, bu il isə Prezident Administrasiyasına təqdim olunub.
Prezident Administrasiyası layihədə bir sıra çatışmazlıqlar müəyyən edib və onun beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsini tapşırıb.
Qeyd edək ki, ilkin mərhələdə reyestrin açıq olması nəzərdə tutulurdu. Lakin sonrakı dəyişikliklər nəticəsində məlumat bazasının yalnız səlahiyyətli dövlət qurumlarının istifadəsinə verilməsi təklif edilib.


























