image-0503b6ab-6927-4085-af49-4f9b4f0623a9backend

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir

image-reklam_sirab_01

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. , Ulu öndər Heydər Əliyevin öz ana dilinə sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər tariximizdə ciddi bir istisnalıq təşkil edir və hər bir soydaşımız üçün əbədi bir örnəkdir. Böyük rəhbər iftixarla deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”

 Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə rəhbərinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə ­uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adlı proqram sənədin hazırlanıb Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilməsi də önəmli tarixi hadisədir. Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsini, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələləri daim nəzarətdə saxlayan ölkə başçısının tapşırığı ilə ötən ilin oktyabrında dövlətin dil siyasətini icra edən qurumların və aparıcı media vasitələrinin rəhbərlərinin, tanınmış ziyalıların iştirakı ilə keçirilən “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” movzusunda konfransda ana dilimizin normal inkişafına əngəl törədən çeşidli nöqsanlar ciddi pisləndi.

 

Hər bir şəxsiyyətin öz xalqına olan məhəbbəti doğma tarixinə, dilinə, dininə və mədəniyyətinə münasibəti ilə ölçülür. Bu gün böyük sevgi ilə qeyd etdiyimiz Azərbaycan dili və Əlifbası Günü daşıdığı sosial-siyasi və məfkurəvi mənası ilə bizim hər birimizi milli varlığımızın aynası olan ana dilimizin saflığını qorumağa, onu zənginləşdirməyə çağırır. Unutmayaq ki, torpaq fiziki varlığımızın vətəni olduğu kimi, ana dilimiz də mənəvi dünyamızın beşiyidir.

 

İskəndərli Zəhra -Azərbaycan Dövlət Pedaqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki