Şirkətin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məcidov və Həsən İbrahimovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Orxan Məcidov və Həsən İbrahimovun hər birinə 10 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin onlara Cinayət Məcəlləsinin 72-ci maddəsi tətbiq olunmaqla 3 il şərti cəza verilərək təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
Xatırladaq ki, ötən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı hər iki təqsirləndirilənin 6 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, Orxan Məcidov və Həsən İbrahimov “Güzdək” MMC-yə məxsus 970 min manat pulunu mənimsəməkdə təqsirləndirilərək barələrində CM-nin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.4-cü (mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülərək həbs qətimkan tədbiri seçilmişdi.


























