Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından istifadə etməklə “saxta bayraq” əməliyyatı həyata keçirə və bununla NATO ilə gərginliyi artırmağa çalışa biləcəyi barədə xəbərdarlıq edib.
Sikorski bu fikirləri ABŞ-a səfəri zamanı səsləndirib. Onun sözlərinə görə, Varşava Kremlin fəaliyyətini diqqətlə izləyir və Moskvanın eskalasiyaya bəhanə yaratmaq məqsədilə təxribat ssenarilərinə əl ata biləcəyini istisna etmir.
Nazir bildirib ki, Rusiya Ukrayna dronlarından istifadə edərək NATO üzvü olan ölkələrdən birinə və ya öz ərazisinə hücum təşkil edə, daha sonra isə bunu cavab tədbirləri üçün əsas kimi təqdim edə bilər.
Radoslav Sikorski vurğulayıb ki, tarixdə avtoritar rejimlər oxşar üsullardan dəfələrlə istifadə ediblər. O, buna misal olaraq 1939-cu ildə baş vermiş Qlivitse insidentini göstərib. Həmin hadisədə nasist Almaniyasının xüsusi xidmət orqanları Polşa əsgərləri kimi geyinərək radio stansiyasına hücum etmiş və bunu Polşanın təxribatı kimi təqdim etmişdilər.
“Vladimir Putinə mesajımız budur: nə planlaşdırdığınızı bilirik və sizi belə addımlardan çəkinməyə çağırırıq”, – deyə Polşa XİN rəhbəri bildirib.
Bununla yanaşı, Sikorski hesab edir ki, Rusiyanın hazırkı şəraitdə Polşaya birbaşa hərbi hücum etmək imkanları məhduddur. Lakin o, müxtəlif təxribat və hibrid əməliyyatların mümkünlüyünü istisna etməyib.
Bundan əvvəl Qərb mediasında ABŞ-ın Polşa hakimiyyətini Rusiyanın mümkün silahlı təxribatı barədə xəbərdar etdiyi iddia olunmuşdu. Məlumatlara görə, Moskva belə bir ssenari vasitəsilə NATO-nun kollektiv müdafiə mexanizminin işləkliyini sınaqdan keçirməyə cəhd göstərə bilər.
Polşanın Baş naziri Donald Tusk da son açıqlamasında ölkəsinin müxtəlif təhlükəsizlik ssenarilərinə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, qarşıdakı aylar regionun təhlükəsizliyi baxımından həlledici dövr ola bilər.


























