Xəbər verdiyimiz kimi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycana işgüzar səfərə gəlmişdi.
Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüşdə Azərbaycan-Aİ münasibətlərinin perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional əməkdaşlıq və sülh prosesi ətrafında geniş müzakirələr aparıldı.
Cənubi Qafqazın gələcəyinə təsir göstərə biləcək bu səfər bir çox məqamlarla yadda qaldı.
1news.az mövzu ilə bağlı Milli Məclisin deputatı Cavanşir Feyziyevlə müsahibə edib:
– Ursula Fon der Lyayenin Azərbaycana səfərinin siyasi əhəmiyyəti nədən ibarətdir? Bu səfər Azərbaycan-Aİ münasibətlərində yeni mərhələnin başlanğıcı hesab oluna bilərmi?
– Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Azərbaycana səfəri həm Azərbaycan–Avropa münasibətləri baxımından, həm də Cənubi Qafqazdakı yeni reallıqlar baxımından çox əhəmiyyətlidir. Prezident Əliyevin bu səfərin Avropa-Azərbaycan münasibətlərində mühüm mərhələ olduğunu qeyd etməsi bir daha göstərir ki, Azərbaycan dövləti bu səfərə xüsusi əhəmiyyət verir. Mətbuat konfransında tərəflərin qeyd etdiyi kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr geniş gündəliyə malikdir və bir çox istiqamətdə məhsuldar əməkdaşlıq davam edir. Avropa Parlamentindən və Avropa Şurası Parlament Assambleyasından ölkəmizə qarşı vaxtaşırı səsləndirilən təxribat xarakterli bəyanatlara baxmayaraq, Avropa Komissiyası Azərbaycanla münasibətləri daha da dərinləşdirmək və gələcəkdə daha da genişləndirmək üçün əməli addımlar atmaqda davam edir. Fon der Lyayenin qeyd etdiyi kimi, Avropa İttifaqı tərəflər arasında ənənəvi enerjidən tutmuş bərpa olunan yaşıl enerjiyə qədər, kənd təsərrüfatından tutmuş rəqəmsallaşma və modernləşməyə qədər, eləcə də minaların təmizlənməsi və Zəngəzur dəhlizinin açılması da daxil olmaqla, Şərq-Qərb marşrutları üzrə konnektivliyin möhkəmləndirilməsinə qədər çoxsaylı layihələrdə iştirak etməyə hazırdır. Bu yanaşma yalnız Azərbaycan–Avropa münasibətlərini deyil, bütövlükdə Avropa–Cənubi Qafqaz–Mərkəzi Asiya oxu üzrə əməkdaşlığın möhkəmləndirilməsinə və nəticə etibarilə Avrasiyada təhlükəsizliyin daha etibarlı şəkildə təmin olunmasına böyük töhfələr verə bilər. Bütün bunları nəzərə alaraq, bu səfəri Azərbaycan-Aİ münasibətlərində yeni bir mərhələ hesab etmək tamamilə doğru qiymətləndirmədir.
.jpg)
– Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərlərini necə qiymətləndirirsiniz? Bu fəallığın arxasında hansı geosiyasi amillər dayanır?
– Bu səfərlərin intensivləşməsi qlobal geosiyasətdə köklü dəyişikliklərin baş verməsi fonunda baş verir. Münasibətlərin fəallaşmasına bu kontekstdən yanaşdıqda Azərbaycanın bütövlükdə Avrasiya üçün və ayrılıqda Avropa üçün əhəmiyyəti və yeni dünya düzəninin formalaşmasında strateji rolu ön plana çıxır. Azərbaycanın geostrateji mövqeyini diqqətə çəkən Fon der Lyayenin bəyanatında Avropa institutlarının mövcud reallığı və Azərbaycanın bu proseslərə töhfə vermək potensialını düzgün qiymətləndirdiyini sezmək mümkündür. Lakin Azərbaycana bu yanaşma sadəcə onun geosiyasi və geostrateji mövqeyi ilə formalaşmır. Son onilliklər ərzində Azərbaycan Respublikası tərəfindən aparılan ardıcıl, şəffaf, qətiyyətli və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasət ölkəmizi bütün əməkdaşlıq sferalarında etibarlı tərəfdaş kimi tanıdıb. Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərə yeni baxış, Rusiyanın neoimperialist iddiaları Avropanı ciddi şəkildə düşünməyə və prioritetləri yenidən dəyərləndirməyə vadar edir. Belə bir şəraitdə Azərbaycanın regional və qlobal siyasət arenasında artan nüfuzu Avropanı biganə qoya bilməz. Çünki Azərbaycanın irəli sürdüyü sülh və əməkdaşlıq təşəbbüsləri, həyata keçirdiyi regional və qlobal əhəmiyyətli infrastruktur layihələri Avropanın bu günkü maraqları ilə üst-üstə düşür və Avropa İttifaqı yeni dünya düzəninin formalaşmasında Azərbaycanın potensialından istifadə etməkdə maraqlı görünür.
– Ursula Fon der Lyayenin Azərbaycanı “strateji tərəfdaş” adlandırmasını necə qiymətləndirirsiniz? Bu ifadə gələcək əməkdaşlıq baxımından hansı siyasi və iqtisadi öhdəlikləri formalaşdıra bilər?
– Azərbaycan faktiki olaraq strateji tərəfdaşdır. Avropanın bu günkü problemlərinin həllində, xüsusilə enerji təminatında mühüm rol oynayır və gələcəkdə hərtərəfli əməkdaşlığın inkişaf perspektivlərinə hazırlığını nümayiş etdirir. Bu baxımdan Avropa İttifaqı Azərbaycanı artıq özünün strateji tərəfdaşı kimi dəyərləndirir və heç təsadüfi deyil ki, hələ 90-cı illərdən mövcud olan ikitərəfli əməkdaşlıq haqqında razılaşmanın statusunu qaldırmaq təşəbbüsü ilə çıxış edir. İstənilən tərəflər arasında strateji tərəfdaşlıq öz-özlüyündə siyasi və iqtisadi öhdəliklər nəzərdə tutur. Lakin bu öhdəliklər birtərəfli deyil, ikitərəfli xarakter daşımalıdır. Mövcud güc mərkəzləri və o cümlədən Avropa İttifaqı uzun müddət müstəqilliyini yeni qazanmış dövlətlərə qarşı münasibətdə yol göstərən tərəf və arbitr rolunda çıxış etməyə çalışıblar. Lakin bunun hansı fəsadlara yol açdığı artıq hamıya bəllidir. Ona görə də Azərbaycan həmişə bərabərtərəfli əməkdaşlıqda israr edib və bu bərabərlik siyasi və iqtisadi öhdəlikləri də əhatə etməlidir. Avropa İttifaqının ölkəmizə bugünkü yanaşması onu göstərir ki, Avropa artıq yeni və modern münasibətlər qurmağa hazırdır. Belə olan təqdirdə, Azərbaycan da qarşılıqlı faydalı əməkdaşlıq fonunda öz öhdəliklərini layiqincə yerinə yetirəcəyinə şübhə ola bilməz.
– Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləmək məqsədilə sərhədyanı bölgələr üçün 20 milyon avroluq yardım paketinin təklif olunmasını necə qiymətləndirirsiniz? Bu təşəbbüs real etimad mühitinin formalaşmasına töhfə verə bilərmi?
– Bunu Avropa İttifaqı tərəfindən müsbət jest olaraq qiymətləndirmək olar. Əslində humanitar yanaşmalarda həmişə Ermənistanla müqayisədə Azərbaycana qarşı ayrı-seçkilik sərgiləndiyini görmüşük. Ölkəmiz üçün ən ağır vaxtlarda Azərbaycana qarşı təbliğat kampaniyaları ilə üzləşmişik. Beləliklə, Azərbaycan hər zaman öz problemlərini özü həll etməyə çalışıb və buna çox yardım olunan ölkələrdən daha uğurlu şəkildə nail olub. Hazırda 30 illik işğalın nəticələrinin aradan qaldırılması üçün Azərbaycan ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdış kimi iri maliyyə tutumlu layihələr reallaşdırır. Bu proseslərdə Azərbaycana ən yaxından dəstək göstərən, əlbəttə, qardaş türk dövlətləridir. Avropa İttifaqının, ABŞ-nin və digər dövlətlərin və qurumların dəstəyi də Azərbaycan tərəfindən minnətdarlıqla qəbul oluna bilər.


























