image-photo-2021-12-11-10-24-16-1backend

Azərbaycan Ordusunun memarı Heydər Əliyev

image-reklam_sirab_01

Ulu öndər Heydər Əliyev zəngin və çoxşaxəli siyasi fəaliyyəti ilə xalqımızın yaddaşında əbədilik qazanmışdır. O, təkcə xalqımızın deyil, eyni zamanda, bütün dünyanın şəxsiyyətinə böyük hörmət bəslədiyi siyasi lider idi.

Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunın ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu.

Ordu quruculuğunda yeni bir mərhələnin başlanğıcını isə Heydər Əliyevin radio və televiziya ilə xalqa 2 noyabr 1993-cü il müraciəti qoydu. Azərbaycan Respublikasının Prezidenti seçilməsindən cəmi bir ay sonra edilmiş bu müraciət bir tərəfdən  sağlam ordu quruculuğunun əsaslarını və bu istiqamətdə xalqın və dövlətin qarşısında dayanan mühüm vəzifələri müəyyənləşdirən konseptual bir sənəd idisə, bir tərəfdən də Heydər Əliyevin xalqa çağırışı idi. Bu çağırış xalqın bütün təbəqələri tərəfindən qəbul edildi və xalqın bütün potensialı ordu quruculuğuna istiqamətləndirildi. Yəni, Heydər Əliyev böyük dövlətçilik təfəkkürü ilə xalqın potensialını ordu quruculuğu kimi mühüm bir sahəyə səfərbər edə bildi. Heydər Əliyev respublika ağsaqqallarına, ziyalılarına, mədəniyyət və incəsənət xadimlərinə, dindarlara, iş adamlarına müraciət edib onları orduya daha yaxından kömək etməyə, əsgər və zabitlərin  mübariz döyüş ruhunda tərbiyə olunmasına yardım etməyə, orduda baş verən qanunsuzluqların, başlıcası isə fərariliyin qarşısının alınmasında qətiyyətli mövqe tutmağa çağırdı. Heydər Əliyev xüsusilə hərbi strukturlara yol tapmış rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini vurğuladı. Bu baxımdan Ümummilli Lider orduya çağırış-səfərbərlik işinin düzgün təşkil edilməsinə böyük əhəmiyyət verir, bu məsələni yalnız hərbi komissarlıqların və hərbi strukturların deyil, eyni zamanda, dövlət və hakimiyyət orqanlarını qarşısında dayanan çox mühüm vəzifə sayırdı.

Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Dünya miqyasında çox az şəxsiyyət tapılar ki, Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun, xalqı və milləti tərəfindən belə uzun müddət etibara və etimada layiq görülsün, uzun müddət xalqının xoşbəxtliyi, firavanlığı, inkişafı və müstəqilliyi yolunda fədakarcasına fəaliyyət göstərsin. Böyük şəxsiyyətin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun memarı olmasıdır. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir və zaman ötdükcə, nəsillər dəyişdikcə möhkəmlənən və inkişaf edən Azərbaycan Ordusu Heydər Əliyevin adını və əməllərini özündə daim yaşadacaqdır.

Əsasını ulu öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi. Ata-baba torpaqlarımızın işğaldan azad olunması ilə bitən möhtəşəm zəfərdə Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Qorxmaz, igid gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Təbii ki, gənclərin belə vətənpərvər, milli ruha sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətin müstəsna əhəmiyyəti var. Vətən müharibəsi Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi.

Abdullayeva Aytən Azərbaycan Dövlət Pedaqoji Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki