image-reklam-veteninfo
image-72b42fbaa6229dd28f263632f390c3bbbackend

Azərbaycanda 10 şirkət ləğv olundu – Nə BAŞ VERİR?

image-reklam-veteninfo

Bakıda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən 10 Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) eyni vaxtda ləğv olunması diqqət çəkib. Rəsmi elanlara əsasən, “Bakı 1, 5, 6, 7, 8, 9 və 10 nömrəli Yol İstismarı” MMC-ləri, eləcə də “1, 17 və 18 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-ləri fəaliyyətini dayandırır. Hələlik bu qərarın səbəbləri və həmin qurumların səlahiyyətlərinin hansı mexanizmlə həyata keçiriləcəyi barədə rəsmi açıqlama verilməyib. Halbuki sözügedən müəssisələr uzun illər paytaxt yollarının saxlanılması, cari təmiri və istismarı ilə məşğul olublar. Bu baxımdan qərar yol təsərrüfatının idarə olunmasında yeni islahatların başlanğıcı kimi də qiymətləndirilir.

MMC-lərin ləğvi dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində aparılan islahatların davamı hesab olunur? Bu addım yol təsərrüfatının idarə edilməsində hansı dəyişikliklərə gətirib çıxaracaq?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov mövzu ilə bağlı  deyib ki, Bakıda yol təsərrüfatı sahəsində fəaliyyət göstərən təxminən 10 MMC-nin eyni vaxtda ləğv edilməsi ictimaiyyətə və ölkə rəhbərliyinə struktur islahatı kimi təqdim olunur:

“Lakin fikrimcə, mövcud iqtisadi kontekstdə və hazırkı vəziyyətdə bu addımın əsas motivi idarəetmənin təkmilləşdirilməsi deyil, xərclərin azaldılmasına göstərilən cəhddir. İdarəetmə məsələsi burada ikinci dərəcəli görünür, əsas məqsəd fiskal qənaətdir. Xüsusilə hökumətin fiskal siyasətində baş verən dəyişikliklər — bir sıra ştat vahidlərinin ləğvi və bu istiqamətdə atılan addımlar — bunu deməyə əsas verir. Bu idarəetmə təkmilləşməsi olsaydı, hökumət bütün struktur bölmələrində şaquli və üfüqi məsuliyyət bölgüsünə əsaslanan, bir-biri ilə sıx bağlı olan kompleks islahatlar aparmalıdır. Bu cür yanaşma qısa müddətdə büdcəyə qənaət baxımından müəyyən nəticə versə də, orta və uzunmüddətli dövrdə sistemin effektivliyi ilə bağlı ciddi suallar doğurur. İlk növbədə, MMC-lərin ləğvi ilə yüzlərlə işçi eyni vaxtda əmək bazarına daxil olacaq və işsizlər ordusuna qoşulacaq. Alternativ məşğulluq mexanizmləri qurulmadan bu addımın atılması sosial gərginliyi artırır və əmək bazarında təzyiq yaradır. Digər tərəfdən, yol təsərrüfatında çalışan mühəndislər spesifik sahənin mütəxəssisləridir. Bu adamları öz sahələrindən uzaqlaşdırdıqda, onların gedib başqa bir qurumda, məsələn, süd müəssisəsində işləməsi qeyri-mümkündür. Bu kadrların aqibətinin necə olacağı böyük bir sualdır. Üstəlik, illərlə formalaşmış texniki infrastrukturun və icra mexanizmlərinin birdən-birə ləğvi idarəetmədə boşluqlara, koordinasiya problemlərinə və xidmət keyfiyyətinin aşağı düşməsinə rəvac verə bilər. Belə genişmiqyaslı struktur dəyişiklikləri zamanı şəffaf kommunikasiyanın və institusional izahatın zəif olması da qərarın real məqsədləri barədə qeyri-müəyyənlikləri artırır”.

Ekspert əlavə edib ki, SSRİ dövründən bu yana bir sıra qurumlar birbaşa dövlət büdcəsindən maliyyələşir:

“Müasir idarəetmədə dövlət bu sahələri özəlləşdirməyə çalışmalı, dövlətin üzərindəki asılı yükü azaltmalıdır. Tarixdə bir qurumun tam dövlət xətti ilə fəaliyyət göstərib yüksək iqtisadi səmərəlilik verdiyi görünməyib. Hökumət fiskal qənaət əvəzinə, güclü iqtisadiyyat və lazımi şərait yaratmalıdır ki, özəl investorlar və sahibkarlar bu sahəyə yatırım edib fəaliyyət göstərsinlər. Əgər biz idarəetməni həqiqətən optimallaşdırmaq istəyiriksə, bu fundamental iqtisadi məsələlərə ciddi şəkildə riayət etməliyik”.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki