image-hulya-mammadlibackend

Azərbaycanın xarici siyasəti bir çox böyük dövlətlərə nümunədir

image-reklam_sirab_01

Məlumdur ki, son zamanlar İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal düzənin sarsılması, BMT və onun orqanları kimi beynəlxalq təşkilatların nüfuzunun azalması, beynəlxalq hüququn bir sıra dövlətlər tərəfindən açıq-aşkar pozulması daha aydın müşahidə olunmaqdadır.

Qlobal təhlükəsizliyi ciddi təhdid edən problemlərin–böyük miqyaslı humanitar və ekoloji böhranlara səbəb ola biləcək silahlı münaqişələrin, qarşıdurmaların kəskinləşməsi, həmçinin, davam edən iqlim dəyişikliyi ölkələri bəşəriyyətin gələcəyi barədə daha çox narahat olmağa və çıxış yolları aramağa vadar edir. Bu baxımdan, Prezident İlham Əliyevin cari ilin 1 noyabr tarixində Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışı bir sıra çox vacib məqamları ilə diqqəti çəkir.

Çıxışında Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş işğal və soyqırımının timsalında dünyada ikili standartların mövcudluğundan bəhs edən dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən onillərlə kağız üzərində qaldığı halda, onun bəzi qərarları bir neçə gün ərzində icra olunur: “Bu, ikili standartdır, bu, yolverilməzdir. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır”.

Məhz beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmanın, ikili standartların nəticəsidir ki, insan həyatının, dövlətlərarası münasibətlərin bütün sahələrini tənzimləyən beynəlxalq hüquq sisteminin mövcudluğuna baxmayaraq, beynəlxalq münasibətlərdə ədaləti təmin etmək, bununla da münaqişələri həll etmək və onların yaranmasının qarşısını almaq mümkün olmamışdır.

Təsadüfi deyil ki, son illərdə dünyada sülh yolu ilə həllini tapmış ərazi münaqişəsi tapmaq çətindir. Ərazisinin 20 faizinin 30 ilə yaxın müddətdə işğalı dövründə qərəzli, ədalətsiz yanaşmaya məruz qalmış Azərbaycan isə Ermənistanın artan iştahına və təxribatlarına son qoymaq üçün özünü hərbi yolla müdafiə etmək hüququndan yararlandı, 44 günlük Vətən savaşının nəticəsində ərazi bütövlüyünü və yüz minlərlə məcburi köçkünün pozulmuş hüquqlarını bərpa etdi.

Azərbaycan dünyanın hər yerindəki ərazi münaqişələrinə məhz beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsiplərindən yanaşaraq, ikili standartlardan uzaq, hüquqa, ədalətə söykənən xarici siyasət modeli ortaya qoyur. Rəsmi Bakı bu yanaşmasını həm ikili münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində sərgiləyir. Belə ki, Azərbaycanın 2019-cu ildən sədrlik etdiyi, BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının son 3 ildə fəallığı artmış, qurumun institusionallaşması sürətlənmiş və ölkəmizin təşəbbüsü ilə təşkilatın COVİD-19-la mübarizə və vaksinlərin ədalətli bölgüsü kimi aktual qlobal məsələlərə dair fəal, yekdil mövqeyi ifadə olunmuşdur. Əminliklə demək olar ki, dünya siyasətində aparıcı rol oynamaq, proseslərə təsir göstərmək iddiasında olan bəzi böyük dövlətlərin xarici siyasəti hüquqa, ədalətə və əxlaqa söykənən Azərbaycandan nümunə götürməsinə ehtiyac var.

Bu məsələdə ən çox öyrənməli olan ölkələrdən biri isə Fransadır. ATƏT-in Minsk qrupunun həmsədri olduğu müddətdə bir vasitəçi kimi Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllinə heç bir töhfə verməyən rəsmi Paris bu azmış kimi, münaqişənin həllindən sonra ölkəmizə qarşı daha qərəzli, aqressiv mövqe sərgiləyir, 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış, ələ keçirdiklərini itirmiş Ermənistanda hansısa boş ümidlər oyatmağa çalışır. Özünü ermənilərin “hamisi” kimi göstərən Fransanın özünün yaxın keçmişinə nəzər saldıqda onun nə üçün işğalçı və türkofobiya, islamafobiya üzərində qurulmuş xəstə ideologiyaya malik bir dövlət olan Ermənistanı özünə yaxın gördüyü aydın olur.

Təkcə onu qeyd etmək kifayətdir ki, 1830-1962-ci illər ərzində bir əsrdən çox Fransanın işğalı altında olan Əlcəzairdə 1,5 milyondan çox yerli sakin öldürülüb, yerli əhaliyə qeyri-insani münasibət göstərilib, Əlcəzairə məxsus olan minlərlə arxiv materialları–qədim xəritələr, digər tarixi sənədlər oğurlanıb, ölkə ərazisində aparılan nüvə sınaqları, basdırılmış 5 milyondan çox mina nəticəsində minlərlə insan həlak, yaxud şikəst olub. Təsadüfi deyil ki, sözügedən çıxışında Prezident İlham Əliyev Fransanın Əlcəzair xalqına qarşı zorakılıq, kütləvi qəddarlıq törətdiyini vurğulayaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün bütün lazımi səylərin göstərilməli olduğunu bildirib.

Bundan əlavə, özünü demokratik ölkə, sülh carçısı kimi təqdim etməsinə baxmayaraq, Fransanın irqçi mahiyyəti bu gün də qalmaqdadır. Təsadüfi deyil ki, Avropa dövlətləri içərisində radikal sağçı siyasətçilərin və partiyaların ən fəal olduğu və demək olar ki, hakimiyyətin bütün strukturlarına nüfuz etdiyi ölkələrdən biri Fransadır. Elə bu günlərdə Fransa parlamentində Karlos Martens Bilonqo adlı qaradərili deputatın çıxışı zamanı digər bir deputatın “Afrikaya qayıt!” deyə qışqırması fransız “demokratiyasının” əsl simasını göstərən növbəti ifşaedici hadisə oldu.

Ona görə də tarix boyunca müstəmləkə zülmünə, işğala, haqsızlığa məruz qalan dövlətlərin ali bəşəri dəyərlərə, humanizmə, tolerantlığa, multikulturalizmə söykənən dəyərləri, beynəlxalq hüquq normalarını müdafiə etməsi və genişləndirməsi böyük önəm daşıyır. Bu baxımdan, gələn ilin martında Qoşulmama Hərəkatının Azərbaycanda keçiriləcək Sammitinin dünyaya vacib mesajlar çatdıracağı, təşkilat üzvlərinin qlobal məsələlərdə həmrəyliyini gücləndirəcəyi və ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracağı gözləniləndir.

 

Hülya Məmmədli

Politoloq

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image