Allahın ata-ana və uşaqlar arasında yaratdığı sevgi və hörmətdən qaynaqlanan haqq-vəzifə münasibətləri insan övladının ən müqəddəs borcu və taleyin vaz keçilməz bir şərtidir.
İslam ümmətinin prinsipi böyüklərə hörmət, kiçiklərə sevgidir. Hörmətə layiq olan insanlar isə, ən birinci valideynlərdir—haqları ödənilməyənlərdən.
Allahın verdiyi əmanəti doqquz ay bətnində gəzdirən analardan da, qanını verdiyi atalardan da danışılası çox məqam, toxunulası çox məram var. Bugünkü yazımızın məqsədi tam başqadır.
Valideynlərin Vətənə əmanət etdiklərindən, onların zirvəsindən və haqqı olanlardan yazacağam.
Bütün əməklərin qarşılığı alınanda gözəl olur, dəyəri birə-min artır, haqq dəftərində də ədalət bərqərar olur. Haqqı ödənilməyənlərdəndir şəhidlərimiz. Cənnəti qazananlar, tarixə qəhrəman kimi yazılanlar, bir ömür boyunca ailəsinə həsrət dolu fəxarət bəxş edənlərdəndir şəhidlər. Haqlarını ödəməyə çalışırıq, qələm əlimizdə, yolçu yolda gərək deyib bir-bir qapılarını döyürük; Şəhidimizdən ailəsinə əmanət-təşəkkürnamə verməyə, qarşılığında şəhid dolu xatirə almaq üçün…
Dörd ailəni ziyarət edə bilirəm gün ərzində; söhbətimiz ancaq sığır zamana. Göz yaşı dolu söhbəti ürəyimizin sınıq yerinə məlhəm etməyə çalışırıq, suçlu baxırıq sanki analara, gizlədiyimiz baxışlar nəm yüklüdür.
Antiterror şəhidləri polis serjantı Məmmədov Rasim Oktay oğlu, baş leytenant Daşdəmirov Sahib Natiq oğlu, ən gənc şəhidimiz İsmiyev Zeynal Mustafa oğlu, əsgər şəhidimiz Kazımov Vüsal Vüqar oğlunun ailələri ilə görüşdəyəm.
Gözlərinə baxanda ürəyimə od düşür sanki, anaların qəhərdən boğulan ürəyindən. Dilimdə xəfif bir pıçıltı gəzir:
Analar yanar ağlar,
Günlərin sanar,ağlar.
Şəhid məzarlar üsdə
Yarası qanar,ağlar.
İlk olaraq Vüsalın evindəyəm. Ana susqun gözlərlə atanın üzünə baxır “o danışsın”
Danışsın, nə deyirəm. Kişi fəxarəti, ata qüruru ilə dinləyirik şəhidimizi. Alnımızı açıq, üzümüzü ağ, qəddimizi dik, vicdanımızı təmiz edən zəfərlə nəticələnən bu savaşın önümüzdə açdığı qəhrəmanlıq salnaməsinin sütunudur atalar.
Ağlamasınlar amma. Qadınların göz yaşına alışıb bu dünya, ağlamaq zərif bəndin boyuna biçilib sanki. Di gəl, atalar ağlayanda dünya tərsinə dönər, od tutub alışar fələyin çarxı. Dayanağımız ,güvən yerimiz azalar, ötkəm sözümüz zəifləyər, başımız sinəmizdən qalxmaz. Kişilər ağlamasın…
Ağlama, qəhrəman atası. Kövrələn ,qubar tutan yerinə, dərdinə qurban. Mərd baxışların üstümüzdən əskik olmasın.
Təlatümlərlə ikinci ünvana yol alıram. Körpə Zeynalın valideynləri, yaşamadan yaşlanan gənc ailə. Mustafa və Vüsalənin qonağıyam. Körpəsinə bir kəlmə söz deyəndə dil-dodağı əsən qadını gördükcə özüm-özümə min danlaq etdim. Medallarına, ordeninə, şəkillərinə baxaraq aldım alacağımı. Cəmi iki ayın əsgəri, sümüyü bərkiməmiş müharibənin qan-qadasına tuş gələn, odun-alovun içinə düşən körpə şəhidimizdir, bir evin tək oğul övladı. Yarana sığal çəkə bilməyən əllərimiz indi sənə tərif yazır, bağışla bizi, oğul bala. Günahımız var.
İsmiyev Zeynal Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunda şəhid olub.
Nə deyim, nə danışım? Qapıdan içəri girər-girməz göz yaşı sel olan Sahibə ananın göz yaşının yandırdığı üzünə baxmağa utanıram,elə bil. Deyir, bütün vəsiyyətini elədi,getdi, qızım. Nə sözü vardısa,dedi, sanki əmin idi qayıtmayacağından. Onun ürəyindən keçənlər məni yandırdıqca ananı düşünürəm, səbrimizin daş yeri, ürəyimizin buz yeri ana. Səni yaramıza duz edənlər utansın.
Fəxr ediləsi oğul Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Daşdəmirov Sahib Natiq oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonunun Veysəlli kəndində şəhid olub.
Birdə mənim anam var, ağ saçlarına könlümü verdiyim, mələyim dediyim, şəhid Rasim Məmmədovun anası, əsl Azərbaycan qadını Xuraman ana. Qarabağ qadınının əsaləti, Xan qızı Natəvan əzəməti var bu qadında; insanın içinə dolur sanki. Yaraşıqlı ata, gözəl xanım ananın oğludur Rasim, iki göz istəyir tamaşa etsin camalına. Ümumiyyətlə, şəhidlərimizin hamısına sanki Allahdan bir yaraşıq, qamət verilib insanın içini titrədən.
Xuraman ana danışanda mən susuram, qələmə də ehtiyac yoxdur; diplomat səriştəsi ilə danışır qadın, nə də olsa, otuz ilin müəllim savadı öz sözünü deyir.
Rasim Məmmədov (8 oktyabr 1987-ci il, Bakı şəhəri, Xətai rayonu – 20 sentyabr 2023-cü il, Xocavənd rayonu) – Azərbaycan Respublikası, DİN, Bakı Əlahiddə Çevik Polis Alayı, Polis çavuşu, Antiterrror əməliyyatı zamanı şəhid olmuşdur.
08.11.2023-cü il tarixdə şəhid Rasim Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Ölkə Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Komandir heyəti tərəfindən bacarıqlı və intizamlı əməkdaş kimi xarakterizə edilmişdir.
Fəxr dolu səsində hiss olunan yanğı düzgün nitqinin ən kiçik bir hissəsinə də təsir etmir, Sara xatun yolunun davamçısıdır bu qadın, Şuşanın sambalı üstünə hopub elə bil. Tellərinin qarasını unutduran oğlana da, sənə də millət olaraq borcluyuq, önündə baş əysin cümlə-cahan. Vətənə oğul yetişdirən qadınların yeri başımızın üstü, qəlbimizin içindədir.
Şəhid ailələrinə dəstək və qayğısı ilə seçilən təşkilatlardan olan ŞAYHM (Şəhid ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ) birliyi bu yolda həmişə öz lazımi dəstəyini və qayğısını əsirgəməyib. Birliyin növbəti addımı ailələrin vətənə-millətə xeyirli və fədakar övlad yetisdirdiklərinə və vətənpərvər bir oğul tərbiyə etdiklərinə görə təltif olunması idi. Təşkilatın sədri tərəfindən imzalanmış və xüsusi hazırlanmış Fəxri Fərmanlar ailələrə təqdim olundu və sonda xatirə şəkli çəkildi.
Bu ailələrə lazım olan sadəcə diqqətdir, qayğıdır, övladlarının unudulmamasıdır. Bu yolda əlimizdən gələn nəyimiz varsa, beş qaba çəkməyə çağırıram hər kəsi. Unutmayın, unutdurmayın, onların yarasına məlhəm olmaq çətin iş deyil, sadəcə vətənpərvərlik və mərhəmət hissi yetərlidir. Vicdanının səsinə qulaq verə bilən hər kəsi bu yola dəvət edirəm; Şəhid analarına dəstək olaq. Hərənin bir sahədə yetəri var, mənim də gücüm bu qələmə çatır, ürəyimin səsini, qəlbimin naləsini , gözümün nurunu qatıb yazıram illərdir. Ömür vəfa etsə, yazacam da. Deyirəm, bəlkə, yatmış qəlblər oyana…