image-2backend

Erməni işğalında olan, qızıl yataqları ilə zəngin Azərbaycan kəndi

image-reklam_sirab_01

Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənddir, 3 eksklav ərazisindən biridir. Naxçıvan Muxtar Respublikasının Şimal-qərbində, Sədərək qəsəbəsinin 8-10 kilometrliyində yerləşən Kərki 960 hektara yaxın ərazini əhatə edir. Vaxtilə Sədərəkdən Kərkiyə avtomobil yolu gedirdi. Bu kənd 1990-cı ilin yanvarın 15-20-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb.

Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb. 1990–1993-cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü, 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd Arpaçayın sahilində, düzənlik ərazidə yerləşir. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən magistral yol keçir. Kəndin azərbaycanlı əhalisi 986 nəfərdir (2019-cu il). Bu kənddə qədim tarixi olan “ Telli Tejgar” adlı ziyarətgah da var. Kərki adi bir kənd deyil, vacib hərbi-strateji məntəqədir. Bundan başqa, Kərki kəndinin ərazisindəki hündür dağın zirvəsindən birbaşa Ermənistan paytaxtı İrəvan görünür. Kərki kəndinin ətrafında böyük bir dağ silsiləsi uzanır. Tarixi mənbələrə görə, lap qədim zamanlarda yerli azərbaycanlılar həmin dağı “Qızıldaş” adlandırıblar. Bəzi məlumatlara görə, “Qızıldaş” dağında qızıl yataqları mövcuddur.

Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ mövcuddur.

image-3

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

Osman Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki