image-4backend

Vətən müharibəsi bizim şanlı tariximizdir

image-reklam_sirab_01

200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşmənçilik və etnik dözümsüzlük siyasəti həyata keçirilib. Çar Rusiyası tərəfindən imperiyanın cənub sərhədlərinin möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan Qarabağa köçürülməsindən sonra  xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir. Zaman-zaman öz havadarlarına arxalanan nankor ermənilər bütün vasitələrlə Azərbaycanlıları və bu ərazilərdə yaşayan digər millətləri sıxışdıraraq öz torpaqlarından didərgin salmağa cəhdlər etmiş, müəyyən vaxtlarda istəklərinə nail ola bilmiş, 20-ci əsrin əvvəllərində isə bizim ərazilərin bir hissəsi hesabına öz dövlətlərini yarada bilmişdilər.
İfrat millətçilik siyasəti yürüdən ermənilər ötən əsrdə Rusiya imperiyasında yaranan inqilabi şəraitlərdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdilər.  Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etdirildi. 1948-1953-cü illərdə  150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovuldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə yenidən on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğal etməsi  ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev müharibənin dayandırılmasına nail oldu, ölkədə bütün sahələrdə inkişaf və tərəqqi işlərinə başladı. Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Onun ölkəmizin inkişafı və tərəqqisi istiqamətində gördüyü işlər Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.

Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən inkişaf və tərəqqi siyasəti öz bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunun gücləndirilməsinə, müasir silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın 50 ən güclü ordularından birinə çevrildi. Nəhayət ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan “Dəmir yumruq” əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, “Güclü ordu – güclü dövlət” strategiyasının və «dəmir yumruq» siyasətinin nəticəsidir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 20 illik Prezidentlik fəaliyyəti dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin düşmən əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər Qələbəsi qazandı. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq. Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi.

Və nəhayət, bir neçə gün əvvəl, Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak oldu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu. Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar öz məğlubiyyətlərini etiraf edərək təslim oldular. Azərbaycan Ordusunun  əzmi və gücü qarşısında diz çökən separatçılar ağ bayraq qaldırdılar. Artıq bu ərazilərdə yerləşən bütün strateji yüksəklik və məntəqələrdə Azərbaycan bayrağı dalğalanır.

Qazanılan Şanlı Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə  əldə edilib. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Allah şəhidlərimizə rəhmət eləsin.

image-5

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl qələm” mükafatı laureatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki