image-280849_4t7un68grhbackend

Güclü qadın güclü cəmiyyətin təməlidir – Gülər Mübariz yazır

image-reklam_sirab_01

Qadın zərif olması ilə bərabər, yeri gəldiyində haqsızlıqlara boyun əyməyən, cəsur və dözümlü bir yaradılışa da sahibdir. Qadın ailədən başlayaraq cəmiyyətin bütün mərtəbələrinin daşıyıcı ünsürü, nəsillər yetişdirən anası və öyrətməni, iş həyatının önəmli faktoru sayılır. Bir insan olaraq həyatımızın hər dönəmini fərqli rollarla bəzəyən qadınlarımızın ləyaqətini, hörmətini qorumaq və layiq olduğu dəyəri vermək sağlam  cəmiyyətin təməlidir. Qadınlarına dəyər verməyən, haqqını əsirgəyən, əməyini görməyən ailə qarşısıalınmaz fəlakətlərə və yaralara məruz qalar.

Bir toplumun mədəniyyətinin ölçüsü onun qadına olan baxış bucağı ilə ölçülür. Ta qədimdən bu yana hökm sürən qadına olan xorgörmə, torpağa diri-diri basdırılan qız övladlarının baisi olan cahilliyi yıxan, qadını baş tacı edən, “Cənnət anaların ayaqları altındadır” deyərək qadınları ucaldan cəmiyyət formalaşmaqdadır. Bu düşüncə ilə tarixdə adını yazdıran bir çox şəxsiyyətlərimizin bugünkü günümüzə çox əməyi keçib.

1901-ci il oktyabrın 7-də görkəmli şəxsiyyət, xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və bir neçə il davam edən səyləri nəticəsində Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başladı. “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir” deyən H.Z.Tağıyevin min bir əziyyət bahasına açdırdığı qızlar məktəbi 20-ci əsr müsəlman Şərq təhsil tarixində həm çevrilişə, həm də qızlarımızın hüquqlarının qorunmağı və irəliləməyi üçün böyük bir addım oldu.

Zaman-zaman dahi şairlərimiz qadına olan sonsuz sayğı və göstərdiyi diqqət ilə qələmə aldıqları ədəbiyyat incilərimiz qadının yoluna işıq, qəlbinə ümid oldu. “Qadın gülərsə, şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” deyirdi Hüseyn Cavid.

Bu amalla vuruşan və qadınları əsarət altından xilas etməyə çalışan maarifçilərimizlə yanaşı, çox təəssüf ki, hələ də cahilliyin əsiri olan kütlə də var. Bu kütlə var olduqca milli-mənəvi dəyərlərimiz ayaq altına alınmaqla yanaşı, gələcəyimizi şübhə altına salacaq hadisələr cərəyan etməkdədir.

Qadın və kişi həyatın bərabər qurucusudur; qarşılıqlı hüququn yaratdığı məsuliyyəti daşıyan hər kəs bu bərabərliyin var olduğunu dərk etməlidir. Qadın-kişi arasında olan bərabərliyi anlamayan, hüququ pozan, ədaləti yox sayan, onları şəxsiyyətindən, daha sonra sosial vəzifəsindən uzaq tutan hər bir kəlmə, hər bir əməl bərpası mümkün olmayan həyat faciələrinə gətirib çıxaracaq. Qadın hüquqlarının var olduğunu unutdurmağa çalışanlar və bunu fərqli, kinayəli bir dillə xalqa sırımağa cəhd edənlər bu girdabda ilk öncə özlərinin boğulacaqlarını bir bilsələr. Qazdıqları quyunun uçurumuna ilk özlərinin yuvarlanacağını dərk etsələr, əməlindən tövbə edərlərmi? Aşağı zehniyyətin, bəsit düşüncənin, cahilliyin məhsulu olan bu əməlləri törədənlər, törətdiyiniz yanğının birinci qurbanı özünüz olacaqsınız.

Günü-gündən artan qadına zorakılıqla cəmiyyətimizin məhvinə səbəb olmaq istədiklərinin fərqinə belə varmadan bədbəxt qadından bədbəxt ana, bədbəxt anadan bədbəxt uşaq yaradırlar. İnsana dəyər qatan, mənəvi dəyərlərimizi qoruyub ucaldan bir gələcək üçün ancaq əmək verən qadının haqqını alması – ailənin ayaqda durması və toplumun rifahı deməkdir. Qadınların iş və ailə həyatı arasında qalmadan, çalışan və övlad yetişdirən bir fərd olmaqları, qadın rollarından birini digərinə fəda etmədən həyatlarına davam etməkləri təmin olunmalıdır. Güclü qadın, güclü ailəni, güclü ailə isə güclü cəmiyyətin təməlini yaradır.

Niyə bu mövzuya dəfələrlə toxunursan desəniz, bunun cavabı çarəsiz qadınların harayıdır. Qadın yaşadığının məhsuludur; dəyərini alsa, çiçək açar, xoşbəxt qadından xoşbəxt ailə yaradıcısı olar. Dəyərini almayan, şiddət görən, zorakılığa məruz qalan qadından müqəddəslik gözləməyin, ideallıq axtarmayın, psixoloji durumu yerində olmayan qadın həyatda heç bir rolunu düzgün yerinə yetirə bilməyəcək. Bu mövzunun aktuallığı, gündəmdə olmağı hələ də bu problemlərin var olmağından xəbər verir. Bu səbəbdən də bu qavramanı cəmiyyətimizin hər bir üzvü dərk etməlidir; gələcəyimiz naminə çalışan, vətənə igid oğullar tərbiyə edən, iş həyatında bəlli töhfələri olan və ya ola biləcək qadınlarımıza layiq olduğu dəyərin verilməsi bir günün deyil, hər günün mövzusu olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image