image-c27ef6a6-a20a-43c5-90c2-5c3230e92145backend

Zəfəri özünə yaraşan,qalibiyyəti əyninə biçilən Azərbaycan…

image-reklam_sirab_01

İllərdir ayrılmış, parçalanmış torpaqlarımız, ayrı düşmüş soydaşlarımız naminə bütövlük motivi ilə sözə başladığım vətənim Azərbaycandan yazacağam.
Zaman-zaman müxtəlif dövlətlərin təzyiqi ilə parçalanmış, siyasi məqsədlər zəminində ayrılmış bir xalqın birləşmə idealını içimizdə, dilimizdə yaşada-yaşada, yaralı halda, yarımçıq, nisgilli vəziyyətdə gəzdik. Az qala inandırıcılığını itirən ideyalar halına gəlmiş bu torpaq yarası millətin ağrılı düşüncəsinin mühakiməsində hər gün canlanan bir amala çevrilirdi.
Tarixin son 30 ili Azərbaycanın tarixinə unudulmaz qanlı səhifələr açdı. Ermənilərin xalqımıza qarşı törətdikləri qanlı terror aktları-soyqırımlar vətənimizə olan oğru düşüncəsindən, əsassız iddialarından irəli gəlirdi. Bu gün mənfur düşmənin əməllərini qələmə alsaq, heç bir səhifəyə və insan düşüncəsinə sığmaz. Keçmiş ola, sözümüz bitib bu barədə.
Yazımızın əsas mövzusu zəfər yolu, bu yolda yaşadıqlarımız və qələbə sevinci özünə çox yaraşan millətimizdir.
Nəhayət ki, gözümüzün önündə reallaşan ideyalar halına keçən Qarabağ savaşımızdan-haqlı davamız, könül yaramız, alın yazımızdan danışacağam.
Vətən sevgisini siyasət düşüncəsinə daşıyan, sözünü bütün dünyaya tanıdan sərkərdəmiz, milli qürurumuz olan ordumuz, ən az ön cəbhə qədər əmək verən millətimizdən danışacağam.

2020-ci ilin iyul hadisələri ilə “Qarabağ Azərbaycandır!” şüarı altında ölkə başçımız, Ali Baş komandan İlham Əliyevin xalqa bir çağırışı oldu.Bu çağırışın sədası və əminliyi ilə Qarabağı qarış-qarış, kənd-kənd, oba-oba azad edən əsgərlər dünyanın ən məğrur, ən qüdrətli əsgərlərinə çevrildilər. Şəhidi, qazisi, döyüşçüsü ömürlük millətin gözünün işığına çevrilərək tarixin şanlı səhifəsinə yazıldı. Dünyaya səs salan Qafqazın yenilməz  qartalı  – Azərbaycan Ordusu zəfər salnaməsini gözümüzün önündə yazdı. 30 ili əhatə edən torpaq yaramıza dərman oldu. Alnımızdakı qara yazını təmizə çıxardı, sinəmizə əyilən başımızı səmaya ucaltdı.

Sən nə gözəlsən, azadlıq? Sən nə fəxarət duyğususan,belə? Bu nə qürur hissidir, tərifi anladıla bilməyən, heç yerdə analoqu olmayan? Sənin tayın- bərabərin yoxdur, sən ən möhtəşəm sevdasan, ən ali duyğusan. Dünyanın hər yerində avaz-avaz bağıra biləcəyimiz cümləsən “ Bizim torpağımız artıq azaddır” . Artıq

Bura Vətəndir, deyə biləcəyəm.
Gülü bitəndir,
Əlim çatandır,
Ünüm yetəndir, deyəcəyəm.

Torpağımızı əlimiz çatan,ünümüz yetən edənlər-sizin haqqınızı ödəmək qeyri-mümkündür, sizə təşəkkür etməyin yolu yoxdur, mükafatın, sağolun o mərtəbəsi kəşf olunmayıb hələ. Qırılan qürurumuzu, torpaqlarımızla oğurlanan ləyaqətimizi qaytardınız, artıq Qarabağımız qara dərdli deyil, üzünüz ağ olsun. Hər iki cahanda cənnəti qazanan mərd oğullarımız, sizə nə yazım könlüm sakitləşsin, necə mədh edim ki, Vətən razı qalsın, necə oxşayım yaralarınız sağalsın, necə məlhəm olum sizi dünyaya gətirənlərin ürəyinə?…
Sizin qeyrətinizin, sizin vətən sevdanızın, sizin ləyaqətinizin qarşısında diz çökməmək günahdır, bütün xalq olaraq qarşınızda baş əyirik. Allah qarşısında ən böyük mükafatı haqq edənsiniz, siz də haqqınızı halal edin.
Halal et haqqını, şəhidim, səndən gələn hər nə var, başımız-gözümüz üstünə. Yadigarın yadigarımızdır.

Halal et haqqını ,sağlığından vaz keçən qazim, Vətən xidmətindədir.
Halal et haqqını, əziz əsgərim, dualarımız səninlədir.
Halal et haqqını , qalib sərkərdəm. Vətən naminə bütün əməklərinizə eşq olsun.
Halal et haqqını ,qələbədə ən az ön cəbhə qədər haqqı olan arxa cəbhə qəhrəmanları;
Gecəsini gündüzünə qatan həkimim, günü yollarda keçən polisim, olanları xalqa çatdıran jurnalistim, şəhidinə lay-lay deyən anam, əsgərinə dayaq olan xalqım,qismətindən pay tutan millətim. Hərə öz dünyasında köməklik etməyə çalışdı, hamı birlik oldu, kasıb-dövlətli demədən hamı dəmir yumruğun barmaqları kimi sarıldı bir-birinə.
Türkün cihadına, haqlı savaşına bütün dünya boyun əydi, qəbul etdi; “Qarabağ Azərbaycandır” dedi. Cəhənnəmə vasil olan xəyal dünyaları ilə baş-başa qaldılar. Qarabağın üzərində qara qəpik qədər haqqı olmayanlar yaşatdıqlarını yaşayaraq getdilər. Gəldikləri kimi getdilər, cani deyilik biz. Üzümüz üzlərinə baxa-baxa qaralmamışdı, biz o xislətin, o əqidənin adamı ola bilmərik. Sakitcə , sərhəddən üzü o yana yola salıb “ DÜZ GET” dedik. Erməniylə erməni olunmaz.

Bizim vicdanımız, qeyrətimiz kifayət edər sizləri sakit yola salmağa. Türkün qanı damarda dəli axar, əqidəsi qaya kimi möhkəmdir, dözümlüdür, təmkinlidir. Dünya əzəmət görsün, anlayış öyrənsin, kişilik dərsi alsın mənim xalqımdan.

Türk oğlu türkük, zəfər bizə çox yaraşdı…Döyüş alnımıza yazılmışdı, qalibiyyət əynimizə biçildi sanki. Cıdır düzündən Xankəndiyə, Laçın Qayasından Kəlbəcər dağlarına, Ağdərədən Xocalıya hər qarışının dərdini almışıq, sağaldı, bütün oldu qara qadasız Qarabağım.
Mübarəkdir zəfərin Vətən, şanına,şöhrətinə xələl gəlməsin, Yaradan millətimi, Azərbaycanımı, sərkərdəmizi hifz eyləsin, hələ çox işlərimiz var…
Qarabağa köçümüz var…

Əlavə: Son abzası yazmaq üçün 40 gün gözləmək istərdim,şəhidimin ruhu naminə. Keç günahımdan, vətən oğlu, gözləyə bilmədim. Ömrə vəfa olmaz birdən…

Gülər Mübariz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image