Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının 5-ci iclası keçirilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, 2021-ci ildən fəaliyyət göstərən şura iki ölkə arasındakı münasibətlərin inkişafı məqsədi daşıyır:
“Bu gün Rusiya-Azərbaycan Ekspert Şurasının 5-ci iclasıdır. Bu dəfə bir sıra vacib məsələləri müzakirə edəcəyik. Bu gün iclas yeni reallıq çərçivəsində keçirilir. Azərbaycan işğaldan azad olunan ərazilərdə quruculuq işləri həyata keçirir. Bu günkü iclasda regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Azərbaycan regional tərəfdaşlığa açıqdır”.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bugünkü Rusiya-Azərbaycan münasibətlərinin təməli 2001-ci ildə Ümummilli lider Heydər Əliyev və Rusiyanın Prezidenti Vladimir Putin tərəfindən qoyulub:
“Hazırda ölkələrimiz arasında bir çox sahələr üzrə münasibətlər dərinləşir. Azərbaycan Rusiyanın 70-dən çox subyekti ilə geniş əlaqələrə malikdir. Prezident İlham Əliyev bir müddət əvvəl Baykal-Amur Magistralının inşasının 50-ci ildönümü münasibətilə Rusiyada səfərdə olub. BAM Heydər Əliyevin zəngin təcrübəsi sayəsində reallığa çevrilib. Bu gün biz nəqliyyat arteriyalarına tələbatın getdikcə daha da çox artdığı bir zamanda yaşayırıq. Hazırda “Şimal-Cənub” nəqliyyat dəhlizinin buraxılış gücünün artırılması istiqamətində işlər aparılır. Malik olduğu nəqliyyat infrastrukturu Azərbaycana Avrasiya kontinentinin əsas nəqliyyat arteriyasına çevrilməsinə səbəb olub. Ölkəmiz “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafında da mühüm rol oynayır. Eyni zamanda humanitar sahədə də əməkdaşlığımız yüksək səviyyədədir. Bu il Azərbaycanda “Rusiya mədəniyyəti Günləri” keçiriləcək. Bu çərçivədə çoxsaylı tədbirlərin təşkili nəzərdə tutulur. Bir sözlə, əlaqələrimiz bütün sahələrdə geniş inkişaf edir”.
Rusiya Prezidenti Administrasiyasının Xarici Ölkələrlə Regionlararası və Mədəni Əlaqələr İdarəsinin rəisi İqor Maslov isə bildirib ki, 2021-ci ildə yaradılan ekspert qrupunun səlahiyyətləri sonradan genişləndirilib:
“Əvvəlcə 2021-ci ildə yaradılan ekspert qrupunun yalnız ikitərəfli münasibətlərin inkişafı ilə məşğul olması planlaşdırılırdı, sonradan isə qrup beynəlxalq problematikaya da diqqət yetirməyə başladı. İkiqütblü dünya sisteminin dağılmasından sonra qlobal təhlükəsizlik sistemini yeni reallıqlara uyğunlaşdırmaq zərurəti yarandı. Hazırda biz görürük ki, müxtəlif ölkələr, xalqlar və mədəniyyətlər arasında münaqişə səviyyəsi son dərəcə yüksəkdir. Dünya iqtisadiyyatında və insanlar arasındakı münasibətlərdə baş verən dəyişikliklər son dərəcə qlobal xarakter alıb”.
Tədbir mətbuata qapalı şəkildə keçirilən panellərlə davam etdirilib. (apa)