image-img-20240306-wa0000backend

Bir dəfnin düşündürdükləri

image-reklam_sirab_01

Qışın son zəfərini yaşadığı günlərdə Ankarada Azərbaycan əsrinin Səyavuşu – xilaskarı yurdunun yenidən azad olduğunu görmədən özü ilə bərabər tarixin şanlı bir səhifəsini qapadırdı. Bu tarixin qürubuna şahid olanların əksəriyyəti də o tarixin bir parçası olmuşdular, indi isə qalın paltolarına bürünərək yaratdıqları tarixin ən parlaq ulduzunun qeybə çəkilməsinə tanıq olacaqdılar. Əsri məzarlığına doğru addımlayan, qazılmış məzar yerinin yanındakı tabuta baxan bu insanların hər birinin üzünə bir daha geri dönməyəcək keçmişin həsrəti, ağrılar içərisində keçən mühacir ömrün hüznü, həyatın və zamanın amansızlığı çökmüşdü.

Hacı Bayram məscidinin önünə yığışmışdılar. Məscidin ətrafını böyük kütlə və çələnglər bürüdüyü üçün Ankaranın sadə insanları da hasarın o üzündən baş verənləri maraqla izləyirdilər. Onların, bəlkə də, heç biri ölənədək hansı ana şahidlik etdiklərini anlamadılar, amma həmin gün çəkilən fotoşəkillərdə yer aldılar.

Şəkillərdə məscidin həyətində musalla daşının üzərinə qoyulan tabutun önündə gənc bir adam görünür. Süleyman Təkinər. II Dünya müharibəsində almanlara əsir düşmüşdü. Rəsulzadəni görmək üçün Buxarestə getmiş, amma onu orada tapa bilməmişdi. Bir neçə il sonra – 1949-cu ilin noyabrında Türkiyəyə gəlmiş, Rəsulzadənin Ankarada olduğunu eşidincə, oraya getmiş, evində ziyarət etmiş, əlini öpərək demişdi: “Bu mübarək əlləri öpmək üçün mən çox-çox dolaşdım”. Məhəmmədəmin bəyin gözləri xəfif yaşarmış, onun yanağını oxşayaraq demişdi: “Demək, bizi hələ Azərbaycanda unutmayanlar var”. Beş il ərzində Rəsulzadənin ən gənc silahdaşı olmuşdu Süleyman bəy. Onun sayəsində Məhəmmədəmin bəyin bir çox məktubu günümüzə çatıbdır.
Həmin gün qılınan cənazə namazında, tabutu çiyinlərində daşıyanlar arasında bir şəxs vardı. O şəxs məzarlığa daxil olan mərhumun ömür-gün yoldaşı Leyla xanımın qolundan tutan, ona təsəlli verən adamdı. Qazılmış məzar yerinin ucuna qoyulmuş tabutun önündə dayanan bu şəxs həyatın bütün puçluğu üzünün cizgilərinə yayılmış əziz bir qohumu idi mərhumun… Məhəmmədəli bəy. O an xəyalından nələr keçmirdi ki… Gəncliyin ilk günlərinə birgə addım atdıqları dövrdə fəhlə klublarında başlayan mücadilə, Hümmətdən Müsavata doğru gedən yol, bu yolda aralarından daha erkən ayrılmış Abbasqulu Kazımzadə bəyin kitab mağazasının arxa otağında qurduqları firqə, mərhumun İstanbuldan göndərdiyi məktublar, 1913-cü ildə vətənə qayıtdığı zaman əmisi oğluna sarıldığı o an, Cümhuriyyətin qurulduğu o həyəcanlı günlər, işğalın yaşandığı o məşum hadisələr və qatarda birgə sürgünə göndərildiyi mühacirət həyatının başlanğıcı… Tabuta baxarkən dostlarının sonradan xatirələrdə yazdığı bir fikir də beynində keçmişdi: “Kaş mən öləydim, Əmin bəy yaşayaydı”. Həyatı və ölümün müddətini yazan isə İlahidir. Məhəmmədəli bəy bu dəfndən sonra da uzun ömür yaşadı, Azərbaycanın yenidən müstəqilliyinə 9 il qalmış yüz yaşında dünyadan köç etdi.
Məscidin həyətində çəkilən fotoşəkildə musalla daşının o biri üzündə dayanan bir şəxs var. Həmin şəxsi dəfn zamanı da tabutun önündə görürük. Mustafa Vəkiloğlu. Mərhumla münasibətləri hamar olmamışdı. Bir müddət dostluq etmiş, eyni cəbhədə mücadilə aparmış, bir müddət isə düşüncə ayrılığı yaşayaraq fərqli yolda yürümüşdü. Həmin an onun xəyalından nələr keçə bilərdi? 1919-cu ilin xoşbəxt günlərindən biri. “Azərbaycan” qəzetinin redaksiya heyəti toplu şəkildə fotoşəkil çəkdirmək üçün yığılmışdılar. Mərkəzdə mərhum əzəmətli şəkildə əyləşmiş, ətrafında isə dövrün ziyalıları yer almışdı. Qəzetin mühərriri və baş yazarlarından Üzeyir bəy, İstanbulda bir çox macəralar yaşamış, “türkün tökülən qanları bihudə gedərmi” deyə üsyan edən Məhəmməd Hadi, qəzetin rus dilində çıxan versiyasının redaktoru Şəfi bəy, qəzetin xanım əməkdaşı Şəfiqə Əfəndizadə, istiqlal şəhidlərindən Piri Mürsəlzadə, Qarabağ barədə yazıların müəllifi Xəlil İbrahim… və Cümhuriyyət dövründə parlament üzvü və nazir olan özü… İndi tabutun başında o fotoşəkil xoş bir yuxu kimi görünürdü. Və ya İstanbula gəldikləri ilk gün. O, mərhum, Abbasqulu Kazımzadə və İsmayıl Fəyyaz bəylə sonuncunun Çəmbərlidaşdakı evində birgə qalırdılar. Yeməkləri ən ucuz olan kartof qızartması idi. Amma buna rəğmən ümidli idilər. Hələ axşamlar Abbasqulu bəy qarmonda “Ay uca dağlar” mahnısını ifa etdiyi zaman gözləri Çəmbərlidaşdan Çəmbərəkəndə qədər yol çəkərdi…

Tabut cənazə maşınına qoyularkən bu səhnəni izləyən bir şəxs də fotoşəkildə yer alıb. Həmid Ataman. Mərhumun böyük əməyi sayəsində parlamentdən keçən xaricdə yüz tələbənin təhsil alması ilə bağlı qanundan o da yararlanmışdı. İllər sonra Ankarada yenidən görüşmüşdülər. Məhəmmədəmin bəy onların ən xoş günlərində – qızlarının ad günündə iştirak etmişdi. Həmin gün unudulmasın deyə fotoşəkillər də çəkilmişdi… Mərhumun ölüm döşəyində başı ucunda olanlar arasında o da vardı.

Həmin fotoşəkildə Həmid bəyin arxasında dayanan bir şəxs də var. Həmin şəxsi tabut çiyinlərdə aparılarkən müşaiyət etdiyini görürük. Dəfn zamanı isə Leyla xanımın yanında dayanmış şəkildə kadrlara düşüb. Kərim Odər. O da mərhum kimi Bakıda doğulmuşdu. Tale ona Məhəmmədəmin bəyin qurduğu partiyanın və milli mərkəzin sədri olmağı da qismət etmişdi… İndi isə tabuta baxarkən, bəlkə də, Rəsulzadənin 1935-ci ildə Parisdən ona göndərdiyi imzalı fotoşəklinin indi necə əziz bir xatirəyə çevrildiyini düşünürdü…

Dəfndə əlini əlinin üstünə qoyaraq gözlərini yerə dikmiş bir şəxs də görünür. Əbdülvahab Məhəmmədzadə. Məhəmmədəmin bəy Müsavatı qurarkən gənc bir adamdı. Firqədə yer aldı, Cümhuriyyətin işğalından sonra gizli Müsavatın qurucularından olduğu üçün 11 il sürgün həyatı yaşamışdı. Sürgün və əqidə yoldaşı Kərbəlayi Vəli Mikayılzadə ilə birlikdə İrana, oradan isə Türkiyəyə qaça bilmişdi. Uzun illər Rəsulzadənin təsis etdiyi “Azərbaycan” jurnalının rəhbəri olmuş, bu dərgiyə xatirələrini yazmışdı. Dəfndən sonra məzar başında ilk çıxışı da o etmiş, belə demişdi: “Əmin bəy türk ulusunun təşkilatlanmasında önəmli pay sahibi olmuş, millətini istiqbala doğru aparanlardan biri olmuşdur. Onun adı şanlı bir mücadilə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur!”

Ardınca fotoşəkillərdə yer alan professor Əhməd Cəfəroğlu danışmışdı. Mərhumla uzun müddət küsülü qalmışdı. İllər sonra səhvini anlayaraq onunla barışmış, görüşmüşdülər. Mərhumun mücadiləsindən bəhs edən professor “heç bir zaman enməyən istiqlal bayrağını bütün dünyaya yenidən dalğalandırmış” ifadəsini işlədərək tarixi bir həqiqəti söyləmişdi… Yaşlı görünüşü ilə bu çıxışı edərkən Əhməd bəy çox güman ki 1924-cü ildə İstanbulda Mustafa Vəkiloğlu, Abbasqulu Kazımzadə ilə birgə olan xatirə şəkillərini da yada salmışdı…

Mühacirət illərində Rəsulzadə çox məhrumiyyətlər yaşamışdı. İstanbula gəldikdən sonra dəfələrlə cəhd etsə də, həyat yoldaşı və övladlarını yanına gətirə bilməmişdi. Ailəsinə sahib çıxacaq qoca atasının da vəfatından sonra daha da ümidsizləşmişdi. Dəmir pərdə endikdən sonra ailəsi ilə məktublaşmaları da kəsilmişdi. Qanlı repressiya illərində gənc oğlu güllələnmiş, ailəsi Qazaxıstana sürgün edilmişdi. Bu gün onun dəfnində Bakıdakı doğmalarından yalnız Məhəmmədəli bəy vardı. Amma bu itkilərin müqabilində Tanrı onu son günə qədər sevəcək başqa bir qadını da qarşısına çıxarmışdı. Leyla xanım. Başında şlyapa, üzündə örtük olan Leyla xanımı fotoşəkillərdə tabutun önündə görürük. Sevgili ərini son mənzilə gələn mücadilə silahdaşlarının yanında ömür yolunun silahdaşı olan o da vardı… O qadın ki mərhumun nişan üzüyünü Türkiyə dövlətinin xəzinəsinə bağışlamışdı.

… 1955-ci ilin martın 8-i Ankarada soyuq bir hava vardı. Ankara sanki Məhəmmədəmin bəylə birgə azərbaycanlıların da ürəklərindəki istiliyi dəfn edirdi… Amma enerji itmədiyi üçün bu istilik 1988-ci ildə yenidən alovlandı və mərhumun dediyi “bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı öz təsdiqini tapdı.

Dilqəm Əhməd


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki