image-1a-1backend

Bölgədə sülh və əməkdaşlığın təminatçısı olan Azərbaycan

image-reklam_sirab_01

Fevralın 17-də Almaniyada əsas şüarı “Dialoq vasitəsilə sülh” olan Münxen Təhlükəsizlik Konfransı öz işinə başlayıb. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak ediblər. Dövlətimizin başçısının növbəti dəfə belə mötəbər tədbirə dəvət alması Azərbaycan liderinin böyük nüfuzunun, yüksək liderlik və natiqlik qabiliyyətinin, qlobal prosesləri obyektiv təhliletmə məharətinin göstəricisidir. Prezident İlham Əliyev builki MTK-da iştiraka dəvət olunan və iştirakı diqqət mərkəzində olan az sayda dövlət başçılarından biridir.

 

Səfərin ilk günündə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə Prezident İlham Əliyev alman şirkətlərinin ölkəmizdə fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığını və uğurlu təcrübəmizin olduğunu qeyd edərək ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğuladı. Ölkəmizin başçısı həmçinin, bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanlar var.

Bununla yanaşı, Prezident Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və mötəbər qurumla ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlığından söhbət açdı.

Münxen Konfransı Ermənistanın sülh müqaviləsindən yayınmasının ifşası baxımdan böyük əhəmiyyətə malik idi. Dünya birliyi bir daha Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu. Belə ki, Ermənistanın bütün danışıqlardan yayınması və bölgədə gərginlik yaratmasına rəğmən Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin təklifi ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü bir daha ölkəmizin sülhpərvər mövqeyini ortaya qoydu. Azərbaycan müharibədən qalib çıxan ölkə kimi sülhpərvər mövqeyi ilə dünyaya öz prinsipini göstərmiş oldu.

Bu günə qədər danışıqlardan qaçan Ermənistanı Azərbaycan lideri Münxendə növbəti dəfə ifşa etdi.

Prezident İlham Əliyevin “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusundakı plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını xahiş etdi. Prezident Azərbaycanın Qarabağ bölgəsinin mövcud olduğunu və orada məskunlaşan ermənilərin ölkəmizdə yaşayan digər milli azlıqlar kimi bərabər hüquq və imtiyazlara malik olduqlarını, onların təhlükəsizliyinin də tam təmin edildiyini bir daha bəyan etdi.

Ölkə başçısı qeyd etdi ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq. Bu da Ermənistan rəhbərinin növbəti yalanını bir daha sübut etdi

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində ölkəmizin başçısı Qarabağ haqqında hər hansısa müddəanın olmasının qəbuledilməz olduğunu, sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacibliyini şərt kimi diqqətə çatdırdı. Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırıılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi.

Beləliklə, Münxen Konfransında Azərbaycan Prezidentinin diplomatik demarşı ilə yadda qaldı və ölkəmizin növbəti siyasi uğuru olaraq müstəqillik tarixinə yazıldı. Qalib ölkə liderinin Münxendə ortaya qoyduğu mövqe dövlətimizin beynəlxalq miqyasda siyasi, iqtisadi üstünlüklərinin açıq-aydın ifadəsi idi.

image-israfil-kerimov-11

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image