image-reklam-veteninfo
image-photo-2022-02-08-12-27-56-1backend

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı

image-reklam-veteninfo

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, digər kəşfiyyat və hasilat layihələri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars  – bunların hər biri strateji əhəmiyyətə malikdir. Bunların hər biri ölkəmiz və bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı və uğurlu inkişafı təmin edəcəkdir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Dörd seqmentdən – “Şahdəniz  Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət olan layihə çərçivəsində 2018-ci ilin mayında Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub.
Həmin ilin iyununda isə TANAP qaz boru kəməri istifadəyə verilib, 2019-cu ildə  isə TANAP Avropa sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın inşası isə u]urla davam edir. Yeddi ölkənin – Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə təxminən 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində strateji amildir.
Fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Toplantı “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularında plenar sessiyalarla davam edib. Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirak etmişdir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının  Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasının öhdəsindən uğurla gəldiyini deyən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir. Enerji böhranının tüğyan etdiyi bir vaxtda avropalı istehlakçıların enerji təminatındakı rolu ilə Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət etdiyini bir daha təsdiqlədi. “2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Bu müddətdə təkcə Avropa ölkələri uzunmüddətli müqavilələr, habelə qısamüddətli spot əməliyyatları üzrə, təxminən, 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub”,- deyə nazir əlavə edib.
Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi çıxışında  bildirib: “Enerji təhlükəsizliyinin təminatı enerji keçidi dövründə prioritet olaraq qalacaqdır. Ona görə də Azərbaycanla strateji tərəfdaşlıq mühümdür. Azərbaycana nəinki mühüm etibarlı tərəfdaş olmasına, həm də enerji təhlükəsizliyində fəal roluna görə təşəkkür edirəm.”
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib: “Cənub Qaz Dəhlizinin reallaşması və kommersiya qazının Avropaya nəqli mühüm addımdır. Dəhliz vasitəsi ilə nəql olunacaq qazın həcmini artırmaq üçün bizə əlavə ehtiyatlar və əlavə resurs ölkələri lazımdır. Bu baxımdan biz regionumuzun rifahı naminə Azərbaycan və Türkmənistanla əməkdaşlığımızı daha da inkişaf etdirməyə hazırıq.”
Rumıniyanın energetika naziri Vircil Daniel Popesku Rumıniyanın Cənub Qaz Dəhlizinin Balkanlar və Mərkəzi Avropa istiqamətində genişləndirilməsi planına Rumıniya-Bolqarıstan İnterkonnektoru və BRUA layihəsinin daxil edilməsini  bir daha təklif etdiyini açıqlayıb: “Regiondakı əksər dövlətlərin Azərbaycan qazına çıxış əldə etməkdə marağının artması Cənub Qaz Dəhlizinin inkişafını davam etdirmək üçün böyük imkan yaradır və bu imkanı əldən qaçırmaq olmaz. Biz Avropanın enerji təminatının sabitliyi üçün böyük əhəmiyyət kəsb edən strateji qaz nəqliyyatı infrastrukturu olan Cənub Qaz Dəhlizi layihəsini inkişaf etdirmək cəhdlərinə qoşulmağa hazırıq”.
Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinunun sözlərinə görə, enerji böhranı qarşısında heç bir ölkə tək qalmamalıdır: “Güclü Avropa tərəfdaşlığı qurulmalıdır. Əsas məqsəd hər kəs üçün dayanıqlı, etibarlı, çoxşaxəli mənbələrdən və münasib qiymətə enerjinin əldə edilməsinə nail olmaqdır”.
Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi qeyd edib ki, ölkənin qazlaşdırılması iqtisadiyyat üçün həlledici əhəmiyyət kəsb edir. “Şimali Makedoniyada qaz kəməri sisteminin tikintisi üzrə işlər davam etdirilir. Cari ilin birinci rübündə Şimali Makedoniyanı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək Yunanıstanla qaz bağlantısı üçün interkonnektorun tikintisinə başlanması planlaşdırılır. Biz artıq şimal qonşumuz Serbiya ilə qaz bağlantısı üçün interkonnektorun tikintisi layihələrini tamamlamaq üzərində işləyirik. Bundan əlavə Bolqarıstan və Albaniya ilə qaz bağlantısı üçün interkonnektorların tikintisi də nəzərdə tutulub”.
Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Dmitri Berejnoy Cənub Qaz Dəhlizini Avropanın enerji təminatı üçün böyük uğur hesab edib.
Monteneqronun Kapital İnvestisiyaları Nazirliyinin Dövlət katibi Marko Perunovic deyib: “Enerji keçidi prosesini düzgün şəkildə həyata keçirmək üçün biz diqqətimizi dayanıqlı təbii qaz təchizatını təmin etməyə yönəltməliyik. Biz Cənub Qaz Dəhlizi və İon Adriatik Boru Kəməri layihəsinin  inkişafı üçün əməkdaşlığa açığıq”.
Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr nazirinin müavini Ljiljana Lovric  və Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiç İon-Adriatik Boru Kəməri layihəsinin bu ölkələrdə qaz sektorunun inkişafını təşviq edəcəyini qeyd ediblər.
Həmçinin bu sessiyada bp,  TANAP, TAP AG, Azərbaycan Qaz Təchizatı Şirkəti və SOCAR-ın  layihə üzrə hesabatları təqdim edilib.
Enerji keçidi məsələlərinə həsr olunmuş ikinci sessiyada isə Məşvərət Şurası formatında əməkdaşlığın “yaşıl” enerji istiqamətində genişləndirilməsinə diqqət yetirilib. Sessiyada Avropa İttifaqının Enerji Direktorluğu, bp, “ACWA Power” “Masdar”,“TotalEnergies”, “Eguinor” və SOCAR-ın təmiz enerjiyə keçid, karbon emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr və bərpa olunan enerji üzrə əməkdaşlığa dair çıxışları dinlənilib.
Qeyd etmək lazımdır ki, dövlətimiz öz uğurlarına həmişə heç də asanlıqla nail olmamışdır. Xalqımız bu istiqamətdə daim xeyli səy göstərmişdir:Məsələn, Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyini bərpa etmişdi. Lakin əfsuslar olsun ki, ölkə öz xalqı üçün normal həyat şəraitini təmin edə bilməmişdir. Tam yoxsulluq var idi, iqtisadiyyat durğunluq vəziyyətində idi. Bir çox mürəkkəbliklərə və böyük itkilərə gətirib çıxaran xaotik bir vəziyyət var idi. 1992-ci ildə vəziyyət daha da pisləşdi. O zaman hərbi çevriliş nəticəsində Xalq Cəbhəsi hakimiyyətə gəldi. Deyərdim ki, o zaman fəlakət vaxtı idi. Çünki birillik hakimiyyət Azərbaycanı uçuruma gətirdi. İqtisadiyyat tamamilə məhv edilmişdi, geniş vüsət almış korrupsiya faktiki olaraq bizim yeni əldə etdiyimiz dövlətçiliyimizi pozan amil idi. İnflyasiyanın səviyyəsi 1000 faizdən artıq idi. Ermənistanın işğalı, 1 milyondan çox qaçqın və məcburi köçkün – hesab edirəm ki, o zaman biz adambaşına düşən qaçqınların sayına görə birinci yerdə idik. Ermənistan qüvvələrinin bizim ərazilərimizin bir hissəsini işğal etdiyi zaman Xalq Cəbhəsi hökuməti vətəndaş müharibəsinə, bu korrupsioner rejim azərbaycanlılar arasında müharibəyə başladı. Əldə edilmiş dövlətçilik yenidən risk altında idi. Azərbaycan xalqı bu antimilli rejimi məhv edəndə və Heydər Əliyevi Bakıya dəvət edəndə müdriklik və cəsarət nümayiş etdirdi. 1993-cü ilin oktyabrından, Heydər Əliyev prezident seçiləndən sonra Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymağa başladı. Beləliklə, həmin vaxtdan bəri ölkəmiz siyasi, iqtisadi və sosial sabitik vəziyyətində yaşayır.
Bəli, bu, bir həqiqətdir ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli formalaşdırılan enerji siyasəti “Əsrin müqavilə”si ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarında birbaşa iştirakçıya çevirib.
Müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi. Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında saziş imzaladılar. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-cu ildə başlanıldı. Əvvəlcə 4 platformadan gündəlik 674 min barrel neft ixrac edildi ki, bunun da 131 min barreli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil olunurdu. Yeni əsrdən etibarən isə Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon barreldən çox artıra bildi.
“Əsrin müqaviləsi” sonradan 19 ölkənin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir.
İmzalanan neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulan 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyar dolları dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdi. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulan ilk tankeri dünya bazarlarına çıxarıldı. Nəticədə enerji resursları ölkəmiz üçün təkcə dövlət gəlirlərinin artması mənbəyi deyil, həm də ciddi geosiyasi alətə çevrildi.
Bu gün haqqında geniş danışılan Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu boru kəməri (TANAP) layihəsi isə təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. 2019-cu ilin noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq.
Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca uzanan hissəsi isə 480 kilometrdir. “Enerjinin İpək yolu” adlandırılan TANAP-la Türkiyəyə indiyədək 4 milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edilib.
TAP boru kəməri isə Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP boru kəməri, həmçinin Cənub-Şərqi Avropa ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.
2019-cu ilin noyabrından TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanılıb. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qaz tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli səkildə nəql edilməyə başlanacaq. TAP vasitəsilə ticari məqsədlə qaz nəqlinin cari ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir.
Sonda xatırladım ki, sözügedən boru kəmərləri zənciri Azərbaycan təbii qazını Türkiyəyə və həmin ölkədən də Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək. Beləliklə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən Azərbaycan növbəti – Xəzər dənizi ilə Adriatik dənizinin boru kəməriləri ilə birləşdirilməsi hədəfinin astanasındadır.

Musayeva Aydan
Bakı Slavyan Universiteti

 

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki