image-ee4bc4ff-ef59-4a29-ae62-cbbec8405600backend

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir.

image-reklam_sirab_01

Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir.

“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.”

Heydər Əliyev

      Hər bir xalqın milli varlığını, kimliyini təsdiq edən ən mötəbər dəyər ilk növbədə onun doğma ana dilidir. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Dilin hər tərəfli inkişafı, zənginləşməsi, yüksək səviyyədə inkişaf edərək nüfuz qazanması mütəffəkirlərinin adı ilə bağlıdır. Əcdadlarımızın bizə miras qoyub getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun kimi dahi yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur.

Azərbaycanın gələcəyi üçün əlindən gələni əsirgəməyən fenomen şəxsiyyət, xalqımızın fəxri, böyük zəka sahibi, Ulu öndər Heydər Əliyev dilimizin hərtərəfli inkişafına daim çalışmış, onun saflığı, dövlət dilinə çevrilməsi, zənginləşə-zənginləşə nüfuz qazanması və dünyanın ən mötəbər kürsülərindən eşidilməsi üçün əlindən gələni əsirgəməmişdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət yetirmişdir. Belə ki, Ulu öndər Heydər Əliyev 1978-ci ildə tarixi bir uğura imza atdı. 1978-ci ildə SSRİ-nin son Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə, bütün qadağa və təhlükələrə baxmayaraq, həmin illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. Həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin tarixinin öyrənilməsi, tədqiqatı və  inkişaf etdirilməsi geniş vüsət almışdır. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini tapdı. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi qeyd edilir.

 

Ulu öndər bildirirdi ki, bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Dilini itirən xalq məhvə məhkumdur.  Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. Azərbaycan dili də Azərbaycan  xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir.

 

Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəslə ötürə bilərik.

Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir.

Dil xalqın tarixi, dünyagörüşü, fərdi yaradıcılıq aktı kimi izah olunmalıdır.

      Ana dilimiz xalqımızın əvəzsiz sərvətidir. Milli sərvətimizi qorumaq, onun keşiyində durmaq hamımızın borcudur.

 

 

 

 Azərbaycan Dillər Universitetinin tələbəsi

Ağacanova Cəvahir Natiq qızı

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki