image-c441251f-9111-3ee0-adc0-e25d5d27355b_850backend

Dünyada baş verən son proseslər Azərbaycanı Avrasiyada əsas tranzit ölkəyə çevirib

image-reklam_sirab_01

Rusiya-Ukrayna müharibəsi dünyanın geosiyasi, eyni zamanda geoiqtisadi mənzərəsini də əhəmiyyətli dərəcədə dəyişməyə başlayıb.

Veteninfo.az xəbər verir ki, bu kontekstdə ölkələrinin iqtisadi əməkdaşlıq münasibətlərində mühüm yeniliklər müşahidə edilir. Həmin yeniliklərin ən önəmli tərkib hissəsindən biri Asiya və Avropanı birləşdirən ənənəvi ticarət marşrutların əhəmiyyətini itirməsidir. Elə bu da analoji funksiyanı yerinə yetirən yeni marşrutlara indidən böyük tələb yaradır.

Mövcud vəziyyət Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycanın Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi məqsədilə son 18 ildə həyata keçirilən fəaliyyətin nə dərəcədə böyük önəm kəsb etdiyini aydın nümayiş etdirir. Azərbaycan qitələri birləşdirən nəqliyyat və logistika layihələrini vaxtında icra etməklə bu gün tranzit imkanları baxımından Avrasiyada ən həlledici söz sahibi olan ölkələrdən biri kimi çıxış etməyə başlayıb.

Təsadüfi deyil ki, Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycan ön sıralarda yer alır. Bu günlərdə Çinin Sian şəhərindən Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün yeni marşrut açıldığı elan edilib. Bu marşrut qarışıq dəmiryolu və dəniz nəqliyyatından istifadə etməklə Qara dəniz və Xəzər dənizlərindən keçir. Sian şəhərindən yola düşən qatarlar Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçərək Manhaym şəhərinə çatacaqlar. Çindən Avropaya uzanan yeni marşrut hər iki istiqamətdə yüksək intensivliyə malik olacaq. Buna əsas səbəb Qərb ölkələrinin, o cümlədən Avropanın Rusiyaya qarşı sayı artan sanksiyaları, tərəflərin iqtisadi-ticarət münasibətlərinin həcminin sürətlə azalmasıdır. Bu vəziyyətdə yükdaşımalar üçün alternativ marşrutlara ehtiyac artır və həmin alternativ marşrutların keçdiyi əsas ölkələrdən biri də məhz Azərbaycandır.

Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün vacib hissəsidir.

Çin, Qərb ölkələri ilə yanaşı, Azərbaycanın tranzit imkanları sərt sanksiyalar altında olan Rusiya, İran kimi qonşularımız, eləcə də Hindistan, Cənub-Şərqi Asiya və Fars körfəzi dövlətləri üçün də həyati əhəmiyyət kəsb edir. Bu ölkələr Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam gücü ilə düşməsi fonunda Azərbaycan üzərindən daha çox yük daşınmasında maraqlı tərəflərdir.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Dağıstanın sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə bildirib ki, Şimal-Cənub dəhlizi ölkəsinin ticarət dövriyyəsinin inkişafını və məhsul tədarükünün logistikasını təmin edəcək. Məhz bu dəhliz Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tam gücü ilə cari ilin sonunda işə düşməsi nəzərdə tutulur. Dəhlizin tam işlək vəziyyətə gəlməsi Rəşt-Astara dəmir yolunun istismara verilməsindən asılıdır. Hazırda bu yolun tikintisi sürətlə davam edir və işlərin təxminən 70 faizi həyata keçirilib.

Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır və bu da Şimal-Cənub dəhlizinin əsas seqmentini təşkil edir. İranın Fars körfəzi sahilindəki Bəndər Abbas və Oman dənizi sahilindəki Çabahar limanlarına daxil olan yüklər Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə tranzit olaraq Azərbaycan ərazisindən daşınacaq. Bunun üçün ölkəmiz zəruri infrastrukturu vaxtında yaradıb. Bakı Beynəlxalq Ticarət Limanının yenidən qurulması, İran Astarası ilə Azərbaycan Astarası arasında dəmir yolu xəttinin çəkilməsi, Ələt-Astara magistral yolunun inşası və digər infrastruktur layihələrin həyata keçirilməsi Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticə olmaqla yanaşı, ölkəmizə tranzit yükdaşımalarda yeni vacib imkanlar yaradan mühüm vasitədir.

Şimal-Cənubla yanaşı, Rusiya-Ukrayna müharibəsi Şərq-Qərb nəqliyyat dəhlizinə, xüsusən onun vacib tərkib hissəsi olan Transxəzər Nəqliyyat Marşrutuna da beynəlxalq miqyasda böyük maraq yaradıb. Bu vəziyyətdə Çinin təklif etdiyi multimodal daşımaların reallaşacağı halda yüklər Xəzər dənizi üzərindən daşınan Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə Qara dənizə, oradan isə Bolqarıstan, Rumıniya, Çexiya və Almaniyaya göndərilir. Bu yolun multimodal alternativi Qara dəniz üzərindən davam edir, yüklər Çin istiqamətində ölkəmizə, buradan Gürcüstan limanlarına, oradan da Rumıniyanın Konstanta limanına, Macarıstan, Çexiya və Almaniyaya göndərilir.

İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması da Avrasiya dövlətləri üçün böyük önəm kəsb edir. Azərbaycanla İran arasında imzalanan “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”na uyğun olaraq Araz çayı üzərində salınacaq dəmir yolu və avtomobil körpüləri, eləcə də 55 kilometrlik yol beynəlxalq tranzit yükdaşımalarda da istifadə ediləcək. Bu yol Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində və nəqliyyat xətlərinin şaxələnməsində də mühüm rola malik olacaq;

Hadisələrin inkişaf axarı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Avropa ilə Asiyanın daha sıx birləşməsinə təkan verəcək. Elə bu səbəbdən sözügedən dəhlizin açılması ilə bağlı Azərbaycanın mövqeyi Avropada, Çində də dəstəklənir. Ümumiyyətlə, Çin və Qərb dünyasında qəbul edilir ki, Zəngəzur dəhlizi bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrini, Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanı əlaqələndirən yeni körpüdür. Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki