image-5backend

Ermənilərin qorxulu röyası olan general: Cəmil bəy atasının qatilini Şuşada necə məhv etdi?

image-reklam_sirab_01

Səhər açılandan Şuşaya narın-narın yağırdı. Artıq uzun müddət idi ki, şəhər əhalisi hər gecəni qorxu içində yatır, səhər qorxu içində yuxudan oyanırdı. Hər gün silahlı ermənilər köməksiz şəhər əhalisinə divan tuturdu. Bu səhər də şəhər əhalisi qorxu içində oyanmışdı. Amma şəhərin hər tərəfinə yayılan türk marşının sədaları onları təccübləndirirdi. Nə baş veriridi? Bir qədər sonra bütün şəhərə xəbər yayıldı. Xilaskar türk ordusu Şuşaya gəlib.

Bütün şuşalılar Cıdır düzünə toplaşmışdılar. Hər kəs türk ordusunun Şuşaya gələn komandirinin çıxışını gözləyirdi. Ucaboy bir türk zabitinin tribunaya çıxması ilə hər tərəfi alqış səsi bürüdü. Bu ucaboy zabit, türk ordusunun Qarabağa gələn hissəsinin komandiri polkovnik Cəmil Cahid bəy Toydəmir idi.

Cəmil Cahid bəy İstanbulda doğulsa da, həyatının ən gözəl günlərini Azərbaycanda kecirib. O, adını tək Türkiyənin hərb tarixinə deyil, həm də Azərbaycanın hərb tarixinə yazdırıb. Qəhrəmanımız öz əqidəsi və amalı ilə canını türk dünyasına fəda edən general-mayor Cəmil Cahid bəy Toydəmirdir.

Cəmil Cahid bəy Toydəmir Böyük Çərkəz sürgünündə Anadoluya köç edən Məhəmməd Cahid bəyin oğludur. O, 1883-ci ildə Türkiyənin İstanbul şəhərində doğulub. Hərb məktəbini 1902-ci ildə bitirən Cəmil Cahid bəy, Balkan və Birinci Dünya müharibəsində iştirak edib. 1918-ci ildə Yusuf İzzət paşanın qoşununun tərkibində alay komandiri kimi Qafqaza gəlib.

Bakıya gələn Qafqaz İslam ordusunun cənub qrupu birliklərinə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmai kəndləri Əlahiddə Azərbaycan korpusu və Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edildi. Maştağa və Hökməli kəndlərində mövqelərini möhkəmlədən hərbçilərimiz yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. 1918-ci il avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakıya yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 20.30-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 nömrəli əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatdırıldı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi.

image-download

Döyüş sentyabrın 15-də səhər saat 5.30-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının düşmənlərdən təmizlənməsi müəyyənləşdirildi. Hücum planına görə, o zaman Ermənikənd adlanan ərazinin cənubundan keçmək şərtilə şəhərin qərb hissəsinin ələ keçirilməsi 5-ci diviziyaya həvalə olunmuşdu. 15-ci diviziya isə sağ cinahı həmin ərazidən keçməklə şəhərin şimal və şərqindən irəliləməli, Qaraşəhər ərazisini nəzarət altına almalı idi. Polkovnik Cəmil Cahid bəy Toydəmirın komandirliyi altında Azərbaycan könüllü hissələri isə Sabunçudan şəhərə gələn dəmir yolu xətti boyunca hücuma keçib Keşləyə girməli və orada möhkəmlənməli idi. Milli qüvvələrin digər bir hissəsinə Əhmədli istiqamətindən şəhərə girmək əmr olunmuşdu. Əhmədlidən irəliləməkdə olan və əsasən milli qüvvələrdən təşkil edilən süvari dəstəsinə Qarayazı süvari alayı, Ləzgi süvari alayı və digər süvari bölüyü daxil idi. Səhər saatlarında bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Bu döyüşlərdə polkovnik Cəmil Cahid bəyin komandiri olduğu dəstələr erməni daşnak dəstələrinə sarsıdıcı zərbələr endirdilər. Bir neçə istiqamətdə düşmənin hücumu qətiyyətlə dəf edildi. Hücumların qarşısının alınmasının qeyri-mümkünlüyünü görən “Sentrokaspi” rəhbərliyi danışıqlara başlamağı qərara aldı.

Saat 10.30-da “Sentrokaspi” ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn “Sentrokaspi” rəhbərliyinə xüsusi şərtlər diktə edildi: şəhərin qeyd-şərtsiz təslim edilməsi; şəhərdəki düşmən qüvvələrinin təslim edilməsi; top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi.

Bu şərtlərin qəbul edilməsi ilə yanaşı əhalini sakitliyə çağıran, onların həyatları və mülklərinin təhlükəsizliyi üçün xüsusi bəyanat hazırlanaraq “Sentrokaspi” nümayəndə heyətinə verildi.

Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətlərdən olan əsgər əsir götürüldü. Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər itki vermişdi. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit itirdi. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri çox idi. Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə bizimkilərin nəzarəti altına keçdi. Nuru paşa Bakının azad edilməsilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin.

Bakı şəhərinin azad edilməsi həm Azərbaycan xalqının, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular Qrupu komandanı Xəlil paşaya göndərdiyi teleqramda yazırdı: “Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm”. Ənvər Paşa Nuru Paşaya göndərdiyi teleqramda qeyd etmişdi: “Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithiaf edirəm”. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski də Bakının azad edilməsi münasibətilə Nuru paşaya məktub ünvanlamışdı: “Cəsur türk əsgərlərinin Azərbaycanın başkəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır”.

Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldı. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə ikimərtəbəli böyük malikanəsini – indiki Azərbaycan Tarix Muzeyini türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O, öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi.

Bakının azad edilməsindən bir neçə gün sonra Əlahiddə Azərbaycan korpusu və Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. 1918-ci il sentyabrın 15-də Bakıya daxil olan türk ordusu iki həftə sonra Şuşaya istiqamətləndi. Türk ordusu və könüllü azərbaycanlılarla savaşmağa cəsarət etməyən, Şuşanı mühasirədə saxlayan Andranikin quldur dəstəsi cənuba qaçdı. Türk ordusunun başında Şuşaya daxil olan Cəmil Cahid bəy Şuşa sakinlərini məscidə toplayaraq şəhərdəki ermənilərdən intiqam almamağı tapşırdı. Halbuki elə Cəmil Cahid özü çıxışında ermənilərin türklərə çox zülm etdiyini bildirirdi. Toydəmir bundan sonra Şuşadakı ermənilərə müraciət edərək onlardan türk ordusuna tabe olmağı tələb etdi. Ermənilər cavab verməkdə gecikmədilər, “türk ordusununu bütün əmrlərinə tabeyik” vədini verdilər. Lakin bir qədər sonra ermənilər yenidən hiyləyə əl atdılar. Şuşa ətrafında 4 nəfəri tikə-tikə doğrayaraq dərəyə atdılar. Cəmil bəy qısa araşdırmadan sonra bu cinayətin Türkiyədən gələn daşnak Gevorkun dəstəsi tərəfindən həyata keçrildiyini öyrəndi və qısa zamanda dəstəni zərərsizləşdirib başçısını həbs etdirdi. Qarşısına gətirilən dəstə başcısını görən Cəmil bəy onu yaxşı tanıyırdı. Vaxtilə onlarla qonşuluqda yaşayan mehtərin oğlu, Osmanlı ordusunun zabiti olan Gevork idi. Bu o Gevork idi ki, onların evini yandıraraq, Cəmil bəyin atası Məhəmməd Cahid bəyi qətlə yetirmişdi. Cəmil bəy atasının qisasını almaq üçün Gevorku duelə dəvət elədi və elə birinci atəşlə onu öldürərək atasının, həm də Şuşa sakinlərinin qisasını aldı.

Qarabağda hamının sevimlisinə cevrilən Cəmil Cahid bəy sonralar xatirələrində Qarabağda qalmadığı ücün təəssüfləndiyini yazırdı. O, Şuşanın daşnaklardan təmizlənməsindən sonra Qaladərəsini boşaltmaq üçün ermənilərə 1 gün vaxt vermişdi. Ermənilərin 5 nəfərlik nümayəndə heyəti məsləhətləşməyə gəlsə də, Toydəmir qərarında qəti idi. Ona görə də bir saatın içində Qaladərəsini boşaltdılar. Baş verən qırğınların qarşısının alınmasında fədakarlıq göstərən, düşməni məmləkətin hüdudlarına qədər qovub çıxaran Cahid bəyin şücaətini qiymətləndirən ordu rəhbərliyi onu general-mayor ali rütbəsi ilə mükafatlandırdı.

Azərbaycanda olduğu müddətdə bir cox ağır döyüşlərə rəhbərlik edən Cəmil Cahid bəy sonralar öz xatırələrində yazırdı: ”Azərbaycanı cox sevdim. Qarabağ mənim həyatımda xususi bir iz qoydu. Yenidən orada olmaq və yaşamaq istərdim.” Cəmil Cahid bəy Azərbaycandan gedərkən onunla bir yerdə döyüşən 4 azərbaycanlı gənci də özü ilə Türkiyəyə apardı. Türkiyənin müdafiə naziri vəzifəsinə qədər yüksələn Toydəmir Türkiyənin II Cahan savaşında iştirak etməməsi üçün var gücü ilə çalışdı və istəyinə nail oldu.

Bu cəsur general Türkiyənin qısa bir zamanda müharibəyə qoşulmasını istəyən Adolf Hitlerlə 1943-cü ildə görüşərək onu inandırdı ki, Türkiyə müharibəyə hazır deyil. Məhz bu görüş nəticəsində Türkiyə müharibəyə qoşulmaqdan qurtuldu. Danışıqlarda yüksək peşəkarlıq nümayiş etdirən Cəmil Cahid bəy bu gün də Türkiyədə böyük iftixarla yad edilir.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image