image-1backend

Evlilikdə qohumluq əlaqəsi belə müəyyən olunacaq: Bu şəxsləri isə cəza gözləyir

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, uzun müddətdir müzakirələrə səbəb olan Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun III oxunuşda təsdiqlənib. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir. 

– qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

– bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa Publika.az-a bildirib ki, qohumluq əlaqəsini müəyyən etmək üçün arayış tələb olunacaq:

“Həmin arayışda qohumluq əlaqəsinin olub-olmadığı məlum olur. Əgər arayışda yanlış informasiya verilərsə, bunun üçün qanunda məsuliyyət nəzərdə tutulub. Bütün bunlar vətəndaşın sağlamlığı üçündür. Dövlət bunu tibbi nöqteyi-nəzərdən zərərli hesab edir. Ona görə də vətəndaşın rəyinə görə davranılmır. Bu, hökumət tərəfdən epidemiya və yaxud sağlamlığın təhlükəsi kimi görünür.

Buna görə də məcburi tədbirlər həyata keçirilir. Burada əsas olan genefondun qorunmasıdır. Bu baxımdan, narahatlıq üçün heç bir əsas yoxdur. Qanun 1 ildən sonra qüvvəyə minir. Bir il ərzində yaşı 18-dən yuxarı olan hər bir kəs öz qohumu ilə nikaha girə bilər. Ondan sonra artıq maneə qoyulacaq. Bütün hallarda qanunvericilik ən ciddi formada məsələyə öz müdaxiləsini edəcək”.

Hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

– yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

– övladlığa götürənlər və övladlığa götürülənlər;

– ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

– bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

– ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, qəbul edilən qanun çox mütərəqqidir:

“Hesab edirəm ki, bu, hələ gecikmiş bir qanundur. Uzun müddətdir mən də belə bir qanunun qəbul olunması üçün çalışmışam. Əgər hər hansı bir şeydən ziyan gəlirsə, onu etmək ağıllı bir insanın işi deyil. Qohum evliliyindən doğulan uşaqlar daha çox xəstə olurlar. Din xadimləri də bununla bağlı fəaliyyət göstərməli idilər. Amma indiyə qədər göstərməyiblər.

Əslində, İslam aləmi elan etməlidir ki, bu nikah haramdır. Əgər bununla bağlı qanunsuz nikahların sayında artım olacaqsa, ciddi mübarizə aparacağıq. İllərdir davam edən bu adət-ənənəni unutmaq lazımdır. Bu, yeni nəslin gələcəyinə zərbədir. Buna görə də qanunu müsbət qiymətləndirirəm. Qanuna qarşı çıxanları isə tənqid edirəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image