image-reklam-veteninfo
image-1backend

BAKIDA BƏZİ SƏNƏDSİZ EVLƏR SÖKÜLÜR… – Kompensasiya kimlərə veriləcək?

image-reklam-veteninfo

Bakıda sənədsiz tikilmiş evlərin sökülməsi məsələsi xüsusən son yağışlardan sonra cəmiyyət arasında ciddi müzakirələrə səbəb olur. Bir tərəfdən şəhərsalma qaydalarının pozulması və təhlükəsizlik məsələləri önə çəkilir, digər tərəfdən isə illərlə həmin evlərdə yaşayan insanların taleyi sual altına düşür.

Əsas müzakirə mövzusu isə budur: bu evlər sökülərkən vətəndaşlara kompensasiya verilməlidirmi, yoxsa qanunsuz tikililərə görə məsuliyyət yalnız sahibinə aiddir?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq uzun müddətdir, xüsusilə paytaxt Bakı şəhərinin bir çox ərazilərində söküntü işləri aparılır.

Onun sözlərinə görə, bu işlər əsasən iki formada həyata keçirilir. Bəzi ərazilər dövlət ehtiyacları üçün alınır və bu zaman vətəndaşların mənzilləri sökülərkən onlara kompensasiya olaraq pul ödənilir. Digər halda isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evləri özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəz olunur

“Hər iki söküntü prosesində vətəndaşlara kompensasiya kimi bəzi hallarda mənzil, bəzi hallarda isə pul verilir. Bundan əlavə, yeni kommunikasiya xətlərinin və avtomobil yollarının çəkilməsi ilə əlaqədar aparılan söküntülər zamanı da vətəndaşların əmlakı qiymətləndirilir və onlara kompensasiya ödənilir”, – deyə ekspert bildirib.

Ekspert qeyd edib ki, hazırda Bakı və Abşeron ərazisində yüz minlərlə çıxarışsız fərdi yaşayış evi mövcuddur: “Bu evlərin çıxarışı olmasa da, əksəriyyətində müxtəlif qurumlar tərəfindən verilmiş sənədlər mövcuddur. Belə ki, bəzi ərazilərdə bələdiyyələrin sərəncam və qərarları, digər yerlərdə isə icra hakimiyyətlərinin, kolxoz və sovxozların, həmçinin mənzil-istismar idarələrinin sənədləri əsasında fərdi yaşayış evləri tikilib. Bu cür evlərin sökülməsi zamanı vətəndaşlara mütləq qaydada kompensasiya ödənilir. Söküntü zamanı çıxarışın olması mühüm amil hesab olunsa da, vətəndaş uzun müddət həmin mənzildə yaşayırsa, kommunikasiya xətləri və qeydiyyatı mövcuddursa, çıxarış olmasa belə, bu sənədlər əsasında da kompensasiya verilir.

Əgər fərdi yaşayış evi qeyri-qanuni şəkildə inşa olunubsa, bu halda aidiyyəti dövlət qurumları məhkəməyə müraciət edir və yalnız məhkəmə qərarı ilə həmin əmlakın sökülməsi mümkündür. Bununla belə, sənədi olmasa da, uzun müddət yaşayış mövcuddursa, belə hallarda da söküntü zamanı vətəndaşlara kompensasiya ödənilir”.“AzPolitika. info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki