image-reklam-veteninfo
image-1backend

Beynəlxalq hüququn təməlində ədalətlə yanaşı müdriklik dayanır

image-reklam-veteninfo

Beynəlxalq hüququn heçə sayıldığı və güc amilinin dominantlıq etdiyi müasir dünyada etibarlı tərəfdaşlara daha çox ehtiyac duyulur. Hətta ənənəvi müttəfiqlər arasında yaranmaqda olan çatlar da göstərir ki, hazırkı mürəkkəb və qarmaqarışıq dünyada etibarlı tərəfdaş statusunu qorumaq heç vaxt olmadığı qədər çətindir. Bu gün böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, əksər aktorlar geosiyasətin və diplomatiyanın bu ağır imtahanı ilə üz-üzədir.

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də Bakıda keçirilən biznes-forumda səsləndirdiyi bəyanat həm də bu baxımdan xüsusi diqqət çəkir: “Biz, həmçinin bir faktı da yüksək dəyərləndiririk ki, Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçün həm siyasi, həm iqtisadi sahədə və ən vacibi isə energetika sahəsində strateji tərəfdaşdır… İnanın mənə Avropada və o cümlədən bizim regionda bu, yüksək dəyərləndirilir. Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması ən mühüm sərvətdir”.

Latviya Prezidentinin bəyanatı mövcud reallığı əks etdirir və geosiyasi turbulentliyin yüksəldiyi müasir dövrdə bu gerçəklik artıq Avropa İttifaqının yüksəksəviyyəli rəsmiləri tərəfindən də etiraf olunur. Belçika və Niderlandın Nümayəndələr Palatalarının aprelin 16-da Azərbaycana qarşı qəbul etdiyi qətnamələrin nəinki “hüquqi”, o cümlədən siyasi məntiqini və hədəflərini həm də buna görə heç cür anlamaq mümkün deyil. Burada söhbət təkcə qərəzdən və məqsədli təhrifetmələrdən getmir. Söhbət, ilk növbədə, ondan gedir ki, Avropanın ayrı-ayrı parlament qurupları bu cür əsassız iddialarla faktiki olaraq ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə hörmət etməyən və onu güc yolu ilə dəyişdirməyə çalışan aktorların yanında yer alır, bununla belələrinə bilərəkdən və ya bilməyərəkdən dəstək vermiş olurlar. Hələ də görə bilmirlər ki, beynəlxalq hüququn fundamental prinsiplərinə seçmə qaydasında yanaşmaları və coğrafiyalardan asılı olaraq dəyişkən mövqeləri bugünkü hüquqi özbaşınalığın əsas səbəblərindən biridir, bəlkə də birincisidir.

Latviya Prezidentinin ədalətə söykənən obyektiv və səmimi bəyanatlarını nəzərə alaraq, ümid edirəm ki, Avropa parlamentariləri bu cür hüquqi və siyasi məntiqsizlik təcrübəsinə gec də olsa son qoyacaqlar. Nəhayət, görə biləcəklər ki, belə qərəzli təcrübə təkcə Azərbaycanın deyil, həmçinin digər coğrafiyalarda işğaldan və separatçılıqdan əziyyət çəkən başqa xalqların da qanuni maraqlarını təhdid edir və yalnız beynəlxalq hüququ pozan aktorların işinə yarayır.

İnanıram ki, Prezident İlham Əliyevin Latviya dövlət başçısının iştirakı ilə mətbuata bəyanatında səsləndirdiyi bu fikir Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyən bəzi Avropa siyasətçilərini daha dərindən düşünməyə və obyektiv nəticə çıxarmağa sövq edəcək: “Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər”.

Etnik və ya dini təəssübkeşlik pərdəsi altında gizlənən,  əslində isə qərəzli qətnamə və bəyanatlarla olduqca təhlükəli olan bölücülüyü və ayrı-seçkiliyi təşviq edənlər gec-tez qəbul edəcək ki, heç bir cahil arqument ədalət anlayışının mahiyyətini dəyişdirə bilməz. O cümlədən, beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda bərpa olunmuş ədaləti və tarixi reallığı da dəyişə bilməyəcək. Çünki həmin deputatların seçmə üsulu ilə guya müdafiə etdkləri beynəlxalq hüququn təməlini də yalnız ədalət və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, siyasi iradə və müdriklik təşkil edir.

Ülvi Quliyev
Milli Məclisin deputatı 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki