image-reklam-veteninfo
image-1backend

Azərbaycanın iqtsadi qüdrəti Avropanın bir çox olkələrin ölkəmizə olan marağını artırır

image-reklam-veteninfo

Azərbaycanın Avropa ilə münasibətləri strateji tərəfdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulmuş dinamik bir modeldir. Rəsmi Bakı Avropa İttifaqı və ona üzv ölkələrlə əlaqələrini Avrasiyanın logistik xəritəsini formalaşdıran mühüm geosiyasi aktor statusunda inkişaf etdirir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində maraqlı olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir. Bu layihələr Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib. Azərbaycan çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji xəritəsini şaxələndirən mühüm tərəfdaşdır. Xüsusilə qlobal enerji böhranı fonunda imzalanmış memorandumlar Bakını qitənin enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirib.
Ölkəmizin tranzit imkanları beynəlxalq maliyyə qurumlarının, o cümlədən Davos İqtisadi Forumunun hesabatlarında liderliyini şərtləndirən əsas amillər sırasındadır. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin ən mühüm halqası kimi Avropanın Asiya bazarlarına təhlükəsiz və qısa çıxışını təmin edir. Bu, Bakını qitə üçün önəmli ticarət və logistika məkanına çevirir. Ölkəmiz Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu münasibətlər suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmət əsasında qurularaq, regionda sabitliyin qorunmasına xidmət edir.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə onun dünyadakı nüfuzunu daha da artırıb. Azərbaycanla iqtisadi əlaqələrin yaradılması və genişləndirilməsi məqsədi ilə bir sıra Avropa ölkələrinin rəhbərlərinin olkəmizə səfərləri baş tutub. Aprelin 22-də Avropa İttifaqına daxil olan növbəti ölkənin – Latviya Respublikasınin Prezidenti Edqars Rinkeviçs ölkəmizə rəsmi səfərə gəlib. Prezident İlham Əliyevlə tətbətək və geniş tərkibli görüşlərdən sonra Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Mərasimdə iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib və Azərbaycan və Latviya araında 5 mühüm sənəd mübadilə edilib.

Mərasim zamanı Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib: “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”. Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb.

Həmin gün hər iki dövlət başçısı, çoxsaylı nümayəndələrin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib. Forumda Azərbaycan və Latviyanın mövcud iqtisadi imkanları qeyd edilərək gələcək əməkdaşlıq planları ətraflı müzakirə edilib. Bildirilib ki, son illər ərzində Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər görülüb. Son dörd-beş il ərzində ümumi daxili məhsulun sürətli artımı müşahidə edilib. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.

Azərbaycanda təbii qaz hasilatı artır, hasil edilən təbii qazın böyük hissəsi isə ixrac olunur. Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 6,1 faizinə bərabərdir. Ölkənin valyuta və qızıl ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Hazırda ölkəmizin əlavə investisiyalara böyük ehtiyac vardır. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib.

Qeyd edilməlidir ki, son iyirmi il ərzində Azərbaycanın iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub.

Bu gün Azərbaycanda və həmçinin xaricdə, əsasən qonşu ölkələrdəki və Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymağa davam edilir. Bu, Avropa Komissiyası tərəfindən də dəstəklənir. Avropa Komissiyası ilə bir neçə əməkdaşlıq formatımız var ki, onlardan biri də enerji əməkdaşlığıdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, – hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, – 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək”.
Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə ölkəmiz dünyada birinci yerdədir. Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə birincidir, bu da bir çox olkələrin ölkəmizə olan iqtisadi marağını artırır.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki