Bir neçə həftə öncə Laçın şəhərinin de-fakto Azərbaycana təhvil verilməsi ilə Ermənistan müxalifəti növbəti dəfə anti-Paşinyan kampaniyasına başladı. Əslində bu səbəblə Paşinyan hökümətinə qarşı demarş əsaslı sayıla bilməzdi. Çünki 9 noyabr 2020-ci il tarixli 3-tərəfli Bəyanatda Laçın rayonunun Azərbaycana hələ 2020-ci ilin 1 dekabrında təhvil verilməli olduğu öz əksini tapmışdı. Xankəndini Ermənistana bağlayan Laçın dəhlizinin alternativ yol tikilənə qədər ermənilər tərəfindən yalnız MÜVƏQQƏTİ olaraq istifadə olunması da elə həmin vaxt tərəflər arasında razılaşdırılmış məsələdir. Keçən 2 il ərzində Ermənistan müxalifəti işğal olunmuş əraziləri, o cümlədən Laçını Azərbaycana təhvil verdiyinə görə Paşinyanı kifayət qədər tənqid və təhqir edib, hətta hakimiyyətdən uzaqlaşdırmağa da çalışıb, lakin buna nail ola bilməyib. Bu dəfə də erməni müxalifətçiləri eyni məsələni bu gün baş veribmiş kimi yenidən gündəmə gətirməklə növbəti dəfə Paşinyanı devirməyə çalışdılar. Lakin bu dəfə də Paşinyan Ermənistan əhalisinə sülhə alternativ olmadığını başa sala bildi və geniş kütlələr tərəfindən ciddi təzyiqlə üzləşmədi.
Laçının təhvil verilməsindən sonra iki ölkə başçısı arasında Brüsseldə keçirilmiş növbəti görüşdə proseslərin məntiqi ardıcıllığını təmin etmək üçün Sülh müqaviləsi üzərində işə başlamaq haqqında razılaşma əldə olundu. Bu da Ermənistan müxalifəti üçün yenidən ölkəni qarışdırmağa cəhd göstərmək üçün əsas verdi. Hadisələrin ardıcıllığına və monoton təkrarçılığına diqqət yetirəndə 13 sentyabr gecə saatlarında sərhəd bölgələrində törədilmiş qanlı təxribatın kimlərin məqsədinə uyğun olduğu aydın görünür. Başa düşülür ki, danışıqların hazırkı dönəmində hazırlanan sülh müqaviləsinin qarşısının hər vəchlə alınması yalnız Ermənistan müxalifətinin və onu xaricdən dəstəkləyən qüvvələrin maraqlarına cavab verir. Ermənistan müxalifətinin öz hakimiyyətinə qarşı əsassız mübarizəsi və bu mübarizədə hansı terrorçuluq metodlarından istifadə etməsi bizi maraqlandırmaya da bilər. Amma təəssüf ki, Ermənistanda baş verən hadisələrin əks-sədası bizim sərhəd bölgələrimizdə də özünü göstərir və bəzən də bu günlərdə olduğu kimi fədakar əsgərlərimizin şəhid olması ilə nəticələnir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Erməni təxribatları təkcə sərhəd bölgələrində yox, ölkəmizin paytaxtında və hətta vətəndən çox-çox uzaqlarda da əks-səda doğurur. Son təxribatdan dərhal sonra özünü müxalifət adlandıran, amma nəyə və niyə müxalif olduqlarını o qədər də yaxşı anlamayan və bunu xalqa düz-əməlli anlatmağa da qabiliyyəti çatmayan bir dəstə siyasətbazlar ermənilərlə unison fəaliyyətə başladılar. Koçaryan və Sarqsyan tərəfdarları İrəvanda, Əli Kərimli, Arif Hacılı, Gültəkin Hacıbəyli, Qubad İbadoğlu kimiləri Bakıda, Altay Göyüşov , Sevinc Osmanqızı kimiləri isə lap okeanın o biri tayında hakimiyyətdən niyə şəhidlər verildiyini sorğu etməyə başladılar. Bu sinxronluğu təsadüf sayanlar da var, düşmənlərlə xainlərin əlbir kampaniyası kimi qəbul edənlər də. Məqsədim bunun nə adlandırıla biləcəyini araşdırmaq deyil. Təəccübləndirən odur ki, baş vermiş təxribatın bütün təfərrüatlarının Müdafiə Nazirliyi tərəfindən açıqlanmasına baxmayaraq onlar sanki sərhədlərimizin qorunmalı olduğunu qəbul etmək fikrindən uzaq görünürlər. Görəsən, düşmən ordusu tərəfindən açılan top atəşlərinin qarşısında əsgərlərimiz geri çəkilməli idimi? Ermənistanın canlı qüvvə itkiləri bizimkindən ən azı 3 dəfə çox olmasına baxmayaraq erməni müxalifəti üsyan çağırışlarında açıq-aşkar sülh müqaviləsinə qarşı olduğunu əsas arqument olaraq göstərir. Bizim müxalifət isə Vətən müharibəsini qazanmış, torpaqlarımızı 30 illik işğaldan azad etmiş bir hakimiyyətə qarşı real savaş meydanında niyə şəhid verildiyinə dair irad bildirir. Anlaşılması çətin olan məsələ də elə budur. Eyni adamlar Vətən müharibəsinin sonunda qazanılmış qələbə ilə bağlı da iradlar səsləndirirdilər.
Bu iradın nə qədər haqsız və cılız olduğunu anlamaq üçün 1988-1992-ci illərdə verdiyimiz şəhidlərin taleyini yada salmaq yerinə düşərdi. Bu məqamda Əli Kərimlinin də yüksək səviyyədə təmsil olunduğu AXC-Müsavat hakimiyyəti illərində ömründə əlində silah tutmamış, küçələrdən “ovlanıb” avtobuslara doldurularaq birbaşa döyüş bölgəsinə göndərilmiş gənclərin şəhidliyi üçün kimlərin məsuliyyət daşıdığını sorğulamaq lazımdı. Küçələrdən oğurlanaraq heç kimin nəzarət edə bilmədiyi, heç kimin heç kimə tabe və cavabdeh olmadığı döyüş zonasına göndərilən və daha çox ordu və hakimiyyət daxilindəki başıpozuqluğun, hakimiyyətin idarə olunmasındakı diletantlığın nəticəsində şəhid olmuş 10 mindən çox gəncin taleyinə görə bu günədək heç kimin məsuliyyət daşımadığı da təkzibedilməz faktdır. 30 il davam edən Qarabağ savaşlarında verdiyimiz şəhidlərin illər üzrə sayını araşdıranda onların təxminən 75%-nin məhz AXC-Müsavat hakimiyyəti illərinə təsadüf etdiyini görmək heç də çətin deyil. Həmin dövrdə həlak olmuş 10 mindən çox döyüşçümüzün şəhidlik statusu və bu statusdan irəli gələn imtiyazları da məhz bu günkü hakimiyyətin dövründə tanınıb və onların ailələri bütün qayğılarla əhatə olunub. Bəs minlərlə insanı zorakılıqla labüd ölümə göndərən AXC-Müsavat hakimiyyətinin təmsilçiləri onların şəhid olması üçün məsuliyyət daşımağa hazırdırmı? Əgər Əli Kərimli, Pənah Hüseyn, İsa Qəmbər kimiləri hakimiyyətdə olmağın məsuliyyətini anlayırlarsa niyə həmin illərdə törətdikləri əməllərə görə könüllü surətdə özlərini dövlətin istintaq orqanlarına təslim etmirlər? Əksinə, Vətən uğrunda şəhidliyi ilə yenicə adlarını tariximizə qızıl hərflərlə yazmış şəhidlərimizlə siyasi alver edir, onların şəhidliyi üzərində çoxdan ölkənin gündəmindən çıxmış siyasi profillərini canlandırmağa çalışırlar. Görünür ki, ölkə üçün bu qədər hüznlü günlərdə erməni müxalifəti ilə unison fəaliyyəti görünən bizim radikallar vaxtilə siyasi hakimiyyətdə olmağın məsuliyyətini daşımadıqları kimi, indi də müxalifətdə olmağın da məsuliyyətini anlamırlar. Odur ki, bir çox hallarda düşmən ölkənin müxalifəti tərəfindən bizim siyasi hakimiyyətimizə qarşı ünvanlanan etirazları təkrar etməklə onlarla sanki əlbir olduqlarını büruza verirlər. Siyasət meydanında marginallaşmanın əsas səbəbi də məhz buradan qaynaqlanır.
Döyüş şəraitində şəhid verilməsi bütün müharibələrin acı reallığıdır. Dünyanın savaşlar tarixi Vətən, xalq, millət uğrunda döyüşlərdə şəhidliyin nə qədər müqəddəs bir missiya olduğunun və şəhidlərin xatirəsinə nə qədər böyük ehtiram göstərilməsinin örnəkləri ilə doludur. Bunu dərk etmək üçün tək Çanaqqala döyüşünü xatırlamaq kifayətdir. Bunun üçün 104 il əvvəl, elə bu gün Bakının daşnak-bolşevik işğalından azad olunması uğrunda şəhid olmuş soydaşlarımızdan ibrət götürmək lazımdır.
Azərbaycan xalqı və dövləti öz şəhidlərinin xatirəsini həmişə ucalarda tutub və bu həmişə belə olacaq. Çünki onlar əcdadlarımızın bizə əmanət qoyub getdikləri Vətən torpaqlarını düşməndən qoruyaraq şəhid olublar. Onlar tarixin özlərindən sonrakı dönəmində də xalqımızın müstəqil və azad həyatını təmin etmək üçün şəhid olublar. Şəhidlərimizin şəhidliiyndən sui-istifadə etməyə çalışan, bu müqəddəs missiyanı siyasi alver predmetinə çevirmək istəyənlər isə xalqın nifrətinə layiqdirlər.