image-img-20230504-wa0078backend

Heydər Əliyev və müasir Azərbaycan

image-reklam_sirab_01

May ayının 10-da Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Ulu öndər Heydər Əliyevi bizlərdən cismən ayıran zaman kəsiyi uzandıqca, onun şəxsiyyətinin böyüklüyünü, dahiliyini daha dərindən hiss edirik. Aradan illər, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, Ulu Öndərimizə olan tükənməz xalq məhəbbəti isə bitməyəcək, Azərbaycan yaşadıqca Heydər Əliyev də yaşayacaqdır.
Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bu gün Ulu Öndərimizin Fəxri Xiyabandakı məzarı xalqımızın müqəddəs ziyarətgahı və gənclərin and yeridir. Bütün il boyu insanlar bura gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış, şöhrət tapmış böyük Azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri, onun Müstəqil Azərbaycan dövlətinin qurucusu olması, ölkəmizin inkişafına verdiyi töhfələr nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bu gün ölkəmizin bütün bölgələrində, dövlət və digər qurumlarda, idarə və təşkilatlarında, elm, təhsil və səhiyyə müəssisələrində Ulu öndərin xatirəsinə həsr edilən tədbirlər keçirilir, onun əziz xatirəsi yad edilir.

Ötən XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş edib. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də məhz Azərbaycan xalqıdır ki, onun dahi şəxsiyət, bütün türk dünyasının fəxri Heydər Əliyev kimi oğlu var.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
Ümummilli Lider Heydər Əliyevin adı Azərbaycan xalqının təxminən 40 illik bir dövrünü əhatə edən tarixinin simvoluna çevrilib. Müasir Azərbaycanın ötən əsrin son onilliyində kifayət qədər mürəkkəb ictimai-siyasi proseslər fonunda yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində Ulu Öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün əsaslar yaratmışdır. Ümummilli Liderin əzmkar fəaliyyəti sayəsində suveren Azərbaycanın hərtərəfli tərəqqisinin əsası qoyulmuş, ölkəmiz istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də inkişaf prosesinin digər vacib sahələrində özünün yeni intibah mərhələsinə daxil olmuşdur. Azərbaycan xalqının yenidən öz hüquqlarını suveren şəkildə uğurla reallaşdırması məhz Ümummilli Liderin möhtəşəm fəaliyyəti sayəsində mümkün olmuş, ölkədə milli dövlətçilik konsepsiyasının əsası yaradılmışdır. 1990-cı illərin əvvəllərindən getdikcə gərginləşən iqtisadi və siyasi böhranların qarşısı alınmış, yenicə müstəqillik əldə etmiş respublikamız iqtisadi xaos və tənəzzül dövründən çıxaraq makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna qədəm qoymuşdur.
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” – deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Heydər Əliyev xalqının, mənsub olduğu millətin parlaq və işıqlı gələcəyi naminə hətta zamanla belə cəngə çıxmış və arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Bugünkü nəsil belə bir şəxsiyyətlə eyni dövrdə yaşadığına, fəaliyyət göstərdiyinə görə taleyinə və bəxtinə minnətdardır.
1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə Azərbaycanı gerilikdən və tənəzzüldən xilas oldu. böyük irəliləyiş əldə edildi.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Birinci katibi seçilməsindən dərhal sonra kənd təsərrüfatı, sənaye, iqtisadiyyat və digər sahələrinin inkişafı, sosial məsələlərin həlli, əhalinin rifah halının yaxşılaşdırılması yönələn tədbirlərə start verildi, qısa müddərdə bütün sahələrdə mühüm irəliləyişlərə nail olundu.
Ulu Öndərin Azərbaycanın rəhbərliyinə ilk gəlişi sovet dönəminə təsadüf etmişdi. Cəmiyyətin bütün digər sahələrində olduğu kimi, səhiyyədə də real vəziyyət göründüyündən fərqli idi. Məsələn, Azərbaycanın təhsilinin  maddi-texniki bazası acınacaqlı durumda idi. O cümlədən, kadr çatışmazlığı və mövcud kadrların qeyri-qənaətbəxş səviyyəsi də Azərbaycan təhsilində yığılıb qalmış problemlərindən idi.
Ona görə də 1969-cu ildə keçirilmiş tarixi plenumda Azərbaycanda təhsilin inkişaf sürətini prinsipcə kökündən dəyişmək qarşıya vəzifə kimi qoyuldu və respublikanın yeni rəhbərinin bu təhsildə tərəqqiyə nail olmaq əzmi özünü dərhal və aydın şəkildə göstərdi.
Heydər Əliyev öz fəaliyyətində 1970-ci illərdə və 1980-ci illərin əvvəlində respublikada təhsilin inkişafı istiqamətində görülən işlərə geniş yer ayrıldı. Elm və təhsilin ölkənin inkişafında həlledici rol oynayan amillərdən olduğundan Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən təhsildə ciddi inkişaf dövrü başlandı.

Təkcə elm və təhsil sahəsində deyil,eyni zamanda səhiyyə sahəsində də tərəqqiyə nail olunmağa bağlanılmışdı. İlkin dövrdə, 1970-1975-ci illər ərzində respublikada təkcə uşaq poliklinika və xəstəxanalarının sayı 150-dən 185-ə çatdırıldı. 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektlər inşa olundu.
Qısa zaman ərzində ölkədə Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz və s. tibb müəssisələri yaradıldı və əhalinin istifadəsinə verildi. Milli Onkologiya Mərkəzinin yeni korpusunun və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yeni kompleksinin tikintisinə başlandı.
Səhiyyəni cəmiyyətin və dövlətin həyatında ən mühüm sahələrdən biri kimi qiymətləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir.”
Bu Ulu önədərin sağlam cəmiyyətin qurulması, sözün həqiqi mənasında ziyalə nəsilin formalaşdırılması istiqamətində uğurlu addımlarından biri hesab edilməlidir.

Xatırladım ki, Heydər Əliyev 1970-1980-ci illərdə ümumilikdə 30-dək gənc Azərbaycan aliminin İttifaq səviyyəsində müxtəlif ixtisaslar üzrə doktoranturaya qəbul edilməsinə nail olmuşdu. Onun səyləri ilə hər il yüzlərlə Azərbaycanlı gənc SSRİ-nin müxtəlif şəhərlərindəki ali məktəblərə təhsil almağa göndərilirdi və bu gənclər sonradan yüksək ali təhsil alaraq ölkəmizin inkişafında müxtəlif sahələrdə uğurlu kadrlar olaraq fəaliyyət göstərməkdə idilər.

O döverdə sadaladığım uğurların davamı olaraq, Respublikada təhsil sahəsində  kadrlarının və alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, müxtəlif sahələr üzrə elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırıldı, ölkədə  elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, dissertasiyalar müdafiə edən həmin insanlar sonralar Azərbaycan elminin  fəxri kimi,  elm və thsilin inkişafına dəyərli töhfələr verdilər.
1993-cü ildən sonra biz şahid olduq ki, Azərbaycan vətəndaş müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz silahlı dəstələrdən yalnız Heydər Əliyevin qətiyyəti və inamı hesabına xilas oldu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından – 1993-cü ildən sonra Azərbaycan dövlətinin dirçəlməsində, onun mövqeyinin, təməlinin möhkəmlənməsində rolu əvəzsiz olmuşdur. Dahi şəxsiyyətin səyləri ilə qısa müddət ərzində ölkədə stabillik yaradıldı, cəbhə xəttində atəşkəsə nail olundu, iqtisadi islahatlara başlanıldı, bərpa-quruculuq işlərinə start verildi.
Müstəqillik dövründə Heydər Əliyev əvvələr əsasını qoyduğu işləri yenidən həyata keçirməyə və genişmiqyaslı islahatların aparılmasına başladı. Müstəqilliyimizin ilk illərindəki ictimai-siyasi hadisələr, yaşanılan böhran əhalinin  ümumi yaşayışının  pisləşməsinə səbəb olmuşdur.  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalanması, elm və təhsil sahəsində həyata keçirdiyi islahatlar  Azərbaycan elminin səmərəsinin intensivləşdirilməsinə baza yaratdı. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il tarixli Sərəncamı ilə elm və təhsil sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı. Təhsil sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət ayrıldı. 1994-cü ildən başlayaraq, Respublika  Təhsil Nazirliyində xarici əlaqələr üzrə xüsusi qurum yaradıldı. 1993-2003-cü illərdə Təhsil sahəsində bir sıra fundamental qanunlar qəbul edildi.

Ulu Öndər öz çıxışlarının birində qeyd etmişdi ki, “Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən  təhsil ocağı olmasın”. Heydər Əliyevin səyləri ilə ölkə təhsili daha da inkişaf etdirilməsi ilə bağlı işlər bu gün sürətli templərlə həyata keçirilir.
Ümummilli Liderin başladığı işlər bu gün onun sıyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Dövlət başçısının sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq, iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı  təhsilin göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. Azərbaycanda müasir ali təhsil ocaqları  avadanlığı və cihazlarla təchiz olunmuş  onlarla təhsil  müəssisəsi uğurlu fəaliyyət göstərməkdədir.  Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta mübaliğəsiz desək, onları üstələyir. Respublika Klinik Uşaq Xəstəxanasında, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Uşaq Nevroloji Xəstəxanasında, Respublika Diaqnostika Mərkəzində, 3 nömrəli Klinik Uşaq Xəstəxanasında, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında təmir və yenidənqurma işləri aparılmış, Ağdaş, Şəki, Tovuz, Daşkəsən, Şabran rayonlarında yeni mərkəzi xəstəxanalar, Ucarda Uşaq Xəstəxanası və s. tikilib istifadəyə verilib. Yeni s\hiyyə ocaqlarının tikintisi, əsaslı təmir-yenidənqurulması, müasir avadanlıqlarla təmin etdilməsi işləri davam etdirilir.
Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. Müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə belə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır.
Sosial sahəyə diqqət və qayğının nəticəsidir ki, dövlət büdcəsi təsdiq olunarkən, sosialyönümlülük prioritet olaraq qalır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində, məhz insan amili dayanır və ölkə rəhbərliyinin sosial siyasətinin fəlsəfəsi bütün vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir.
2019-cu ilin sonunda dünya ölkələri yeni bir qlobal bəla olan COVID-19 pandemiyası ilə üzləşdi. Milyonlarla insan bu xəstəliyə yoluxdu, sağlamlıqlarına ziyan dəydi, çox böyük sayda insan həyatını itirdi. Azərbaycanda ölkə başçısı cənab İlham Əliyevin səyləri ilə pandemiyaya qarşı mübarizənin ilk günlərindən dövlət siyasətinin əsasını təşkil edən insan amilinə diqqət daha da gücləndirildi, səhiyyənin inkişafı naminə nəzərdə tutulan köklü islahatların həyata keçirilməsi sürətləndirildi. Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi, vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirildi. Qısa zamanda 13 modul tipli səhiyyə ocaqları, «Yeni klinika» kimi möhtəşəm xəstəxana inşa edildi, tibb müəssisələrində çarpayıların sayı 10 mini ötdü. COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi hazırlandı. Respublikamızda pandemiyadan qorunmağın ən başlıca şərti olan maskaların, tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulan xüsusi qoruyucu geyimlərin istehsalına başlanıldı. Yeni yoluxmuş xəstələrin həyatlarını ilk mərhələdən etibarən qorumaq üçün hər cür imkana malik, müasir avadanlıqlarla təmin olunmuş təcili yardım maşınları respublikamıza gətirildi. Dünyanın ən tanınmış təcrübəli həkimləri ölkəmizə dəvət edildi. Görülmüş tədbirlər nəticəsində başqa ölkələrlə müqayisədə Azərbaycanda yeni yoluxmalar və ölüm halları nisbətən az oldu. Dövlət tərəfindən elan olunan karantin rejimlərinin, məhdudiyyətlərin tətbiqi ilə pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların birgə fəaliyyəti təşkil olundu, əhali arasında geniş vaksinasiya aparıldı. Virusun fəsadlarına qarşı mübarizəni sərtləşdirən Azərbaycan həkimlərinin səyi, dövlətin dəstəyi ilə ümumi bəlaya qarşı mübarizə metodlarının tətbiqinə diqqət artırıldı.
Həmçinin Pandemiya dövründə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərən, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə ayıran Azərbaycan bu təşkilat tərəfindən digər ölkələrə nümunə kimi təqdim olunub, bu da ölkəmizin humanitar siyasətinə beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.
Xususi olaraq qeyd edilməlidir ki, ölkəmizdə tibb müəssisələrinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchizat, əqli-fiziki cəhətdən qüsurlu olan şəxslərə maddi-mənəvi dəstək Azərbaycanın Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizminin əsasında həllini tapıb. Mehriban xanım Əliyevanın gerçəkləşdirdiyi layihələr bəhrəsini vermiş və  Bugünkü güclü və qüdrətli Azərbaycanı Heydər Əliyev yaradıb, onun müstəqilliyini yaşadıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb.
Tam qətiyyətlə deyə bilərəm ki, Ulu Öndər Heydər Əliyevin “şah əsəri” olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaqdır.

 

Cəfərova Gülər Mübariz qızı

 

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image