Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə işgüzar səfəri davam edir.
Baş Prokurorluqdan Vətəninfo.az-a verilən məlumata görə, mayın 17-də keçirdiyi görüşlərdə Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğunu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.
Tacikistanın Baş prokuroru Yusuf Raxmonla keçirilmiş görüşdə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
İranın Baş prokuroru Məhəmməd Azad Movahedi ilə keçirilmiş görüşdə prokurorluqlarımız arasında əlaqələrin dinamikası müsbət qiymətləndirilib. Kamran Əliyev iranlı həmkarını ölkəmizə rəsmi səfərə dəvət edərək əməkdaşlığın bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Bundan başqa, Baş prokuror İƏT-in Baş katibi Xosrov Noziri ilə görüş keçirib. Baş Katib bildirib ki, baş prokurorların Düşənbə görüşü ötən ilin sentyabrında Bakıda keçirilmiş iclasın uğurundan bəhrələnir. Kamran Əliyev ölkəmiz tərəfindən İƏT-lə əlaqələrə hər zaman böyük önəm verildiyini qeyd edib.
Görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlətlər arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri mövzusunda müzakirələr aparılıb.
Həmçinin, Baş prokuror Pakistanın Baş prokurorunun müavini Raşdin Navaz Kasuri ilə görüşüb. İki dost və qardaş dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, prokurorluqlarımız arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri müzakirə olunub.
Səfər çərçivəsində 2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilmiş Türk Dovlətləri Təşkilatının Baş prokurorlarının görüşü keçirilib. Görüşdə TDT çərcivəsində gələcək əməkdaşlıq perspektivləri, o cümlədən, cari ilin iyul ayında Qırğızıstanda keçiriləcək Şuranın 3-cü iclası ilə bağlı təşkilati məsələlər müzakirə edilib.
Nümayəndə heyətinin Tacikistana səfəri başa çatıb.