image-19backend

“Lotu Quli”nin adamını öldürən şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib

image-reklam_sirab_01

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun barəsində olan hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.

Vətəninfo.az-ın xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 7-nə təyin edilib.

Cinayət işi hakim Nazim Mövsümovun icraatına verilib.

Qeyd edək ki, hadisə 2018-ci ilin dekabrın 29-da Bakının Keşlə qəsəbəsində baş verib. Z.İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevi və sərnişin Asif Bağırovu güllələyib. Nəticədə T.Babayev hadisə yerində ölüb. A.Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

Məlumata görə, Z.İsmayılov vaxtilə “qanuni oğru” Rövşən Caniyevin (“Rövşən Lənkəranski” – 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilən T.Babayev isə digər “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli” – 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq öldürülüb) klanına daxil olub.

Hadisə kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində baş verdiyi bildirilir.

Z.İsmayılovun barəsində qəsdən adam öldürmə, iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.İsmayılov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum, zərərçəkmiş apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki