Azərbaycan dilinin zənginliyi digər dillərlə müqayisədə daha çox üstünlük təşkil edir. Bunu bir çox dilçi alimlərimiz də öz əsərlərində qeyd ediblər. Müasir Azərbaycan dili, işgüzar kommunikasiyaların real həyatda tətbiqi, o zaman niyə ciddi problemlər yaradır?
İşgüzar və akademik kommunikasiya dilə dair nəzəri və təcrübi məsələləri, Azərbaycan ədəbi dilinin norma və üslublarının,etika, ümumi və sosial psixologiya,məntiq,nitq mədəniyyətinin bir çox məsələlərini öyrədilməsini nəzərdə tutur.
Şəxsi ideyaların yaranması texnologiyasını bilmək mətni modellər əsasında qurmaq bacarığı, qrammatik, stilistik, məntiqi, nitq səhvlərinin düzəldilməsi, elmi mətnlərin redaktə olunması üsulları, elmi mətnlərin tərtibi prinsirlərinin linqvostilistik parametrlərini; akademik yazılara qoyulan beynəlxalq norma və tələbləri bilməyə nail olmaq işgüzar Azərbaycan dilinin tələblərindəndir.
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib sayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidirlər. Bildiyimiz kimi, dil lüğət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə təşəkkül tapmış ünsiyyət vasitəsidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu ünsiyyət vasitəsindən fərqli istifadəsidir, ayrı-ayrı insanların danışığıdır. Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
1.Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması.
2.Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Hər hansı dilin fonetik, leksik (yaxud leksik-semantik), qrammatik, eləcə də orfoqrafik və orfoepik qayda-qanunları vardır. Onları öyrənmədən, bilmədən nitq mədəniyyətinə yiyələnmək mümkün deyildir. Haqqında danışılan qayda-qanunlar müəyyən tarixi təkamülün məhsulu olub, cəmiyyətin normal ünsiyyətinə xidmət edir. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir.“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan”. Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması ilə çox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var”.
MƏDƏNI NİTQƏ VERİLƏN BAŞLICA TƏLƏBLƏR : Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur. Müasir dövrümüz gənc nəslin qarşısında yüksək nitq mədəniyyətinə yiyələnmək vəzifəsini qoyur. Dövlət qurumlarından dəfələrlə narazılıq eşidilmişdir ki, gənclərimiz, xüsusən Bədən Tərbiyəsi və İdman Akademiyasının Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında öz gücü, iradəsi, dözümlülüyü ilə fərqlənərək medallar qazanmış tələbə və məzunları efir və ekran qarşısında, dövlət başçısı Prezidentə məlumat verəndə öz uğurlu nəticələri haqqında olduqca sönük çıxış edir, 4-5 cümlədən ibarət fikrini gözəl, rəvan, səlis dillə ifadə etməkdə çətinlik çəkirlər, yüksək idman nəticələri ilə bütün dünyanı heyran qoymuş çempionlarımız öz rabitəsiz və sönük çıxışları ilə dinləyiciləri çox təəccübləndirirlər. Doğrudanmı səlis, rəvan, gözəl danışmağı bacarmaq belə çətindir? Axı gözəl danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır. Hadisələr, faktlar, onların səbəb-nəticə əlaqələri bilərəkdən təhrif olunmuş şəkildə dilə gətirilməməli, reallıqdan uzaqlaşma hallarına, yalan məlumatlara, layiq olmayan təriflərə, nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. Deməli, düzgün nitq ifadə olunan fikrin həqiqiliyindən, doğru,dürüstlüyündən çox asılıdır.
NİTQİN DƏQİQLİYİ. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Fikrin aydın izahı dəqiq düşüncənin nəticəsidir. Dəqiqlik və yığcamlıq nitqin əsas məziyyətləri kimi zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz ehtiyatı zəngin olan adamın nitqi dəqiq ola bilər.
NİTQİN AYDINLIĞI. Aydınlıq ifadə üsuludur, ifadə olunan fikrin asan qavranılması üçün o, həmişə diqqət mərkəzində olur. Nitq üçün aydınlıq, səlislik və yığcamlıq yüksək qiymətləndirilir.
Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Dil səsləri öz məxrəcində deyilməsə, hecanın tələffüzdən düşməsi, normal intonasiyaya əməl olunmaması, bütün cümlələrin ya yüksək, ya da alçaq templə deyilməsi, idmanla bağlı çəki dərəcələrinin və ya rəqəmlərin ardıcıl və sürətlə sadalanması, bəzi hərflərin sözlərin sonunda buraxılması şəxsin savadı, dünyagörüşü, mütaliəsi ilə, söz ehtiyatının kəmiyyət və keyfiyyətcə azlığının nəticəsidir. Sadalanan nöqsanları aradan qaldırmaq üçün aşağıdakılar nəzərdə saxlanılmalıdır: 1) Nitqin aydınlığına nail olmaq üçün danışılacaq mövzu öncə ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır. 2) Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir. 3) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək sözlər məntiqi vurğu hesabına aydın nəzərə çarpdırılmalıdır; 4) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz edilməli, “bunun” əvəzinə “munun”, “gətirdi” əvəzinə “gətdi”, “gəl gedək” əvəzinə “gə gedəy”, “ona görə” əvəzinə “oa gora”, “nə üçün” əvəzinə “nöşün” və s. deyilməməlidir. 5) Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə olunan nitqin başa düşülməsinə (Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını çətinləşdirir) cəhd göstərilməlidir. Çıxış edənlər (mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və başqaları) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli, diksiya ilə bağlı şivə qüsurlarını düzəltməlidir, yəni nitqin səs mədəniyyətinə yiyələnməlidirlər.
NİTQİN TƏMİZLİYİ
Mədəni nitqə verilən tələblərdən biri də onun təmizliyi hesab olunur. Ədəbi dilin qaydalarından kənara çıxmamaqla ifadə olunan nitq təmizdir.
NİTQİN YIĞCAMLIĞI. Mədəni nitqin keyfiyyətlərindən olan yığcamlıq müxtəsərlik və qısalıq anlamındadır. İnsanlar adi danışıqdan tutmuş mühazirə, məruzə, çıxışlara, eləcə də bədii əsərlərə qədər yığcamlıq tərəfdarı olub uzunçuluğun, sözçülüyün əleyhinədirlər. Fikri əhatə etməklə qısa demək bacarığı bu da istedad əlamətidir.
NİTQİN SADƏLİYİ. Nitqin sadəliyi onun aydınlığından, asan, anlaşıqlı, təbii və düzgün olmasından asılıdır. Sadə nitq ümumxalq danışıq dili elementlərindən, bəsit cümlələrdən, elmi və ya bədii üslubdan qaçmaq anlamında yox, fikrin asan qavranılmasına kömək edən, əşya və hadisələrin mahiyyətini yığcam və dəqiq verən ifadə tərzi kimi başa düşülür.
NİTQİN MÜNASİBLİYİ. Nitqin münasibliyi üçün misallar və sitatlar elə seçilməlidir ki, konkret dil situasiyalarının, ədəbi üslubların, zəruri söz və ifadələrin işlədilmə qanunauyğunluğu nəzərə alınsın. ünsiyyətin müxtəlif sahələrinə xidmət edən funksional üslubların hər birinin özünəməxsus dil materialını seçmə və işlətmə üsulları vardır.
NİTQİN ORİJİNALLIĞI. Özünəməxsusluğu ilə seçilən, bir sıra məziyyətləri ilə fərqlənən nitq orijinal sayılır. Təbii ki, belə nitq bir konfransda, iclasda, toplantıda yalnız bir və ya iki nəfərdə alına bilər. Nitqin orijinallığı özünü nədə göstərir? 1) Şifahi nitqdə başqalarından seçilən fərdi, bəzi hallarda tələffüz tərzində. Natiq cümlələrdəki ayrı-ayrı sözləri, məqamında ayrı-ayrı hecaları, məntiqi vurğunu çox aydın diksiya ilə tələffüz edir, söz və qrammatik formalarda orfoepik normaları tam gözləyir, ucadan, lakin aramla, tələsmədən danışır, intonasiya çalarlarından, sözlərin avazlanmasından məzmuna uyğun bacarıqla bəhrələnir.
NİTQİN MƏNTİQLİYİ. Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm, fikir məntiqə əsaslandığı üçün məntiqi nitq adlanır. Məntiqə əsaslanaraq mülahizə və mühakimələrini düzgün və konkret ifadə edən natiqin nitqi kommunikativ keyfiyyət kimi dəqiq olur, yəni məzmun insan təfəkkürünün məhsulu kimi meydana gəlir.
NİTQİN AHƏNGDARLIĞI. Nitqin ahəngdarlığı deyiləndə onun səlisliyi, gözəlliyi, axıcılığı, rəvanlıq gözlənilməklə materialın alçaq tondan başlayaraq uca tona doğru yüksəlməsi, eyni zamanda avazın, tempin dəyişməsi, dinləyiciləri özünə cəlb etmə qabiliyyəti, dilin fonetik imkanlarından bəhrələnməklə cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması və sadə fikirlərin mürəkkəbə doğru faktlar və rəqəmlərlə ahəngdar verilməsi nəzərdə tutulur.
NİTQİN ZƏNGİNLİYİ. Zəngin söz ehtiyatına malik natiq yalnız dilin incəliklərinə bələdlik nəticəsində öz nitqini rəngarəng qura bilir. Nitqin zənginliyinin başlıca amili onda dil vahidlərinin təkcə çoxluğu deyil, rəngarəngliyidir.
Azərbaycan ədəbi dilinin bu yöndə izahı ilə bağlı qrammatik qaydaları da mühüm əhəmiyyət kəsb edir.İşgüzar kommunikasiya və düzgün ünsiyyət bacarıqları ilə bağlı müvafiq qaydalar da bu yöndə paralel olaraq ,cəmiyyətimizə və müasir gəncliyimizə yetərincə tədris olunsa,bu yolda irəli doğru qəti addımlar atılmış olar.Düşünürəm ki,bu hər bir azərbaycanlının borcu,iş dünyasında irəliləmək istəyən hər bir gəncimizin vəzifəsi olmalıdır.
İstifadə olunmuş ədəbiyyat: professor N.Məmmədli “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”.
Gülər Cəfərova
Ekspert,dilçi