image-photo-2021-12-11-10-24-15backend

Müasir Azərbaycanın qurucusu

image-reklam_sirab_01

Alman mütəfəkkiri Fridrix Nitşe yazır: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır”. Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər zamanın ən sərt sınaqlarından çıxaraq xalqlarının müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa, dövlətçiliyi möhkəmləndirməyə nail olurlar. Tarix hər bir millətə əsl şəxsiyyətləri nadir hallarda bəxş edir. Ruslar üçün bu şəxsiyyət I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, almanlar üçün Otto fon Bismark,  türklər üçün Mustafa Kamal Atatürkdürsə, azərbaycanlılar üçün adını tarixə qızıl hərflərlə yazdıran müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevdir!

Xalqını sonsuz məhəbbətlə sevən, azərbaycanlı olmağı ilə həmişə qürur duyan Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı olmuşdur. Azərbaycançılıq onun qəlbində, qanında, ruhunda idi. Ulu Öndər 1993-cü ilin 15 iyununda – bu gün haqlı olaraq “Qurtuluş Günü” kimi qeyd etdiyimiz gün Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox qarışıq və ağır bir vəziyyətdə idi. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. Belə çıxılmaz bir siyasi vəziyyətdə diqqət mərkəzinə çevrilmiş Azərbaycana liderlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev kimi müdrik, dahi bir şəxs belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi. Ümummilli lider o günləri həmişə belə xatırlayardı: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi, xanlıqlara bölünməkdən, bütövlükdə məhv olmaqdan qurtuldu. Çox qısa bir müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi. Müharibədə uzunmüddətli atəşkəsə nail olundu.

Biz tam əminliklə deyə bilərik ki, müasir qüdrətli Azərbaycan Heydər Əliyevin şah əsəridir. Müstəqil Azərbaycanın malik olduğu indiki güc müdrik dövlət xadiminin uzaqgörən siyasətinin nəticəsidir. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda  müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır.  Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə təhsil ocağı, gənclik mərkəzləri açılmış, Azərbaycanlı gəncləri SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilmişdir. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan İslam Konfransı Təşkilatının, Türk Dövlətlər Birliyinin, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, Avropa Şurası kimi təşkilatların nüfuzlu üzvü olmuşdur. İndi hər birimizin qürur mənbəyinə çevrilmiş Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında şərəfli yeri vardır. Dövlətimiz artıq yüksək beynəlxalq dairələrdə söz sahibinə çevrilmişdir. Azərbaycanın razılığı olmadan Cənubi Qafqaz regionunda iri layihələr həyata keçirilə bilmir. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipi ilə çalışan Heydər Əliyev ölkədə geniş iqtisadi islahatlar həyata keçirdi. Ulu Öndər siyasi uzaqgörənliklə dünyanın məşhur şirkətlərinin marağını Azərbaycana yönəldə bildi. Ölkə iqtisadiyyatına, xüsusilə neft sənayesinə yatırılan sərmayə nəticəsində Azərbaycan dünyanın bir çox dövlətləri ilə müqavilələr imzaladı, iqtisadi və siyasi əlaqələr qurdu. Ulu Öndər 1994–cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla ölkənin qarşısında misli görünməmiş üfüqlər açdı. Bu gün müasir Azərbaycanın iqtisadiyyatında da neft strategiyasının misilsiz rolu var.

Heydər Əliyev tərəfindən 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsaslarını yaratdı. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında ümummilli lider qeyd etmişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”. O, xatırladırdı ki, bu vəzifə həm şərəflidir, həm də çox məsuliyyətlidir.

Heydər Əliyevin xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına daim qayğı göstərməsi  böyük tarixi xidmətlərindən sayılır. Ümummilli lider Azərbaycan dilinin inkişafına xüsusi diqqət ayırmış, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” sərəncam, “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun qəbul etmişdir. Heydər Əliyev deyirdi: “Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir”. Əsası azərbaycançılıq olan milli ideologiyamızın, milli məfkurəmizin yaradılması, bütün azərbaycanlıların vahid amal və ideya ətrafında birləşməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidməti idi. 2001–ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, 2002–ci ilin iyulunda Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması soydaşlarımızın birliyinin və həmrəyliyinin güclənməsi istiqamətində atılan ən mühüm addımlardan idi. Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində təkcə müstəqil Azərbaycanın dövlət quruculuğunun möhkəmləndirilməsinə, onun dünya dövlətləri arasında nüfuzunun yüksəlməsinə nail olmadı, eyni zamanda o, bütün dünya azərbaycanlılarının milli birliyinin yaradılmasına da əvəzsiz töhfə verdi.

Ulu Öndərin həyata keçirdiyi mühüm islahatlar sırasında ordu quruculuğunda görülən tədbirləri də qeyd etmək vacibdir.  1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatının müəllifi məhz Ulu Öndərdir. Heydər Əliyev hər zaman cəbhə xəttindəki hərbi hissələrə, təlim meydanlarına gedən əsgər və zabitlərlə görüşür, onları gənc müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mübarizəyə ruhlandırırdı. Həmin döyüşlərdə öndə gedən komandirlərin əksəriyyəti isə Heydər Əliyev Məktəbinin – C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Ümummilli lider təhsil ocağının ildönümü mərasimlərindən birində salonda əyləşən zabitlərə, kursantlara demişdir: “Sizlərə baxanda sonsuz fərəh hissi duyuram ki, mən Azərbaycanda belə bir məktəb yaratdım və bu məktəbin yetirmələri mənə doğma övladlarım qədər əzizdir”. 2016-cı ilin aprel döyüşlərində qazanılan tarixi qələbəmiz də ordu quruculuğunda Heydər Əliyev strategiyasının uğurlu davamı kimi qiymətləndirilir. 24 ildən sonra insanların Cocuq Mərcanlıya qayıdışı məhz ümummilli liderimizin siyasi kursunun nəticəsidir, çünki bu kənd hələ 1994-cü ildə Heydər Əliyevin komandanlığı ilə həyata keçirilmiş ilk uğurlu hərbi əməliyyatda işğaldan azad edilmiş, lakin qarşıda bir neçə yüksəkliyə erməni hərbi birləşmələrinin nəzarət etməsinə görə bu kənddə yaşamaq təhlükəli idi.

Vətənini canından artıq sevən Ulu Öndər 2003-cü il prezident seçkilərindən əvvəl xalqa müraciətində bildirmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Həqiqətən də cənab İlham Əliyev Ulu Öndərin və xalqın ona bəslədiyi inam və ümidləri doğrultdu. Bu gün müasir Azərbaycan ümummilli liderin əsasını qoyduğu təməl üzərində dayanmadan inkişaf edir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu haqqında danışmağa səhifələr kifayət etməz. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən bu böyük şəxsiyyət heç vaxt unudula bilməz. Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Biz şagirdlər bir azərbaycanlı kimi onun həyat və fəaliyyətini oxuyub öyrənməli və onun əməllərindən şəxsi nümunə kimi istifadə etməliyik. Ulu Öndər Heydər Əliyev həmişə deyərdi: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam”. Mən də fəxr edirəm ki, bu vətənin övladıyam və Ulu Öndərimizin şah əsəri olan müstəqil Azərbaycanda yaşayıram.

 

Nəzrin Məmmədova (Bakı Dövlət Universiteti)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki