image-photo-2021-12-26-12-33-00-1backend

Müharibədən sonra ordu quruculuğu

image-reklam_sirab_01

Azərbaycan respublikası tarixin istənilən dövrü ərzində ordu quruculuğu sahəsində şərəfli və çətin bir yol qət etmişdir. Müxtəlifdir dövrlər ərzində Azərbaycan xalqı həm siyasi həm də digər cəhətlərdə çətin sınaqlardan keçib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müxtəlif çıxışlarında hərb tariximizin son birəsrlik dövrünün bütün mərhələləri haqqında maraqlı fikirlər söyləyib, bu dövrlərə hərbi-siyasi qiymət verib və onların obyektiv təhlilini aparıb.
Azərbaycan xalqının əsasən son dövrlərini ordusuz təsəvvür etmək mümkün deyil. Bu dövrlərdə həm xalqımız həm də ordumuz çətin bir tarixi dövr keçirib. Ordunun formalaşdırılması,onun inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycanın qərar tutduğu tarixi-coğrafi məkanda milli ordunun mövcudluğu milli mövcudluğun ən etibarlı zəmanəti kimi qəbul edilirdi, ona görə də XX əsrin əvvəllərindən başlayaraq bu məsələ Azərbaycan xalqının bütün milli qüvvələrinin qarşısında dayanan mühüm hədəflərdən biri olaraq qiymətləndirilirdi.
Azərbaycan Ordusunun əsaslarının qoyulması Azərbaycanın hərb tarixində yeni bir mərhələni təşkil edir ki, bu da Azərbaycanın son birəsrlik tarixinin ən dəyərli səhifələrindən biridir. Cəmi bir neçə il ərzində ordumuz yüksək səviyyədə inkişaf etmiş və bunun da üzərində rəhbərliyimizin və xalqımızın da böyük rolu olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və Azərbaycan xalqının yenidən öz istiqlaliyyətinə qovuşması milli nizami ordu quruculuğu tarixində şərəfli bir mərhələnin başlanğıcını qoydu.
Bu mərhələ Azərbaycan Ordusunun təşkilatlanması, formalaşması və reallığa çevrilməsi mərhələsidir. Tarixi şəraitin bütün mürəkkəbliklərinə baxmayaraq, Azərbaycan xalqı və Azərbaycan hökuməti tərəfindən qısa müddət ərzində Azərbaycan Ordusunun formalaşdırılması və bu ordunun Azərbaycanın müstəqilliyinin keşiyində dayanacaq bir qüvvəyə çevrilməsi həmin mərhələnin son dərəcə əhəmiyyətli nəticəsidir.
Cümhuriyyət ordusu hərbi işə münasibətdə, ordunun cəmiyyətdə və dövlət quruculuğundakı yerinin müəyyənləşdirilməsində tamamilə yeni bir təfəkkürü üzə çıxardı, bununla da dövlətçilik tarixində yeni bir səhifə açdı. Kifayət qədər məhdud müddət ərzində struktur baxımından təşkilatlanan, təminat və təchizat sistemi yaradılan, döyüş və mənəvi-psixoloji hazırlığı nizamlanan Cümhuriyyət ordusunun yaradılması həm də Azərbaycan xalqının, azərbaycanlı zabitlərin hərbi istedadını və qabiliyyətini nümayiş etdirdi.
II Dünya müharibəsi illərində cəbhələrdə azərbaycanlıların göstərdiyi hərbi şücaət və istedad da ənənəvi şəkildə nəsillərdən- nəsillərə ötürülən hərbi təcrübə və keyfiyyətlərin nümayişi idi. Azərbaycanlılardan təşkil edilmiş milli diviziyaların hərb tarixində iz buraxmış şərəfli döyüş yolu, azərbaycanlıların müxtəlif cəbhələrdə və müxtəlif ölkələrin ərazisində göstərdikləri qəhrəmanlıq hərb tariximizə yeni bir səhifə yazmaqla Azərbaycanda hərbi ənənələrin yeni bir səviyyəyə qalxmasına da təkan verdi.
Sovet hakimiyyəti illərində Azərbaycanın hərb tarixi üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə milli zabit kadrlarının yetişdirilməsi sahəsində gördüyü tarixi fəaliyyətdir. Böyük bir uzaqgörənliklə həyata keçirilən bu işlərin nəticəsində Azərbaycanda yeni bir zabit nəslinin yetişdirilməsi mümkün oldu ki, məhz həmin zabitlər XX əsrin sonlarında müstəqilliyini yenidən qazanmış respublikanın milli ordusunun ilkin və gərəkli zabit bazasını təşkil etdilər.
Yeni hərbi hissələrin rəhbərliyinə Vətəninə sədaqətli zabitlərin təyin olunması nəzarət altına alındı. Bütün bunlar tezliklə nəticələrini göstərməyə başladı. Azərbaycanın hərbi qüvvələrinin əvvəlcə Füzuli, sonra Ağdam-Tərtər istiqamətində apardığı uğurlu döyüşlər Azərbaycan Ordusunun simasının dəyişdiyini nümayiş etdirdi və bu dəyişiklik düşmən qüvvələrini də təşvişə saldı. Heydər Əliyevin yenicə yaratmağa başladığı qüvvələr qarşısında böyük itkilər verən düşmən qüvvələri atəşin dayandırılmasına daha ciddi yanaşdılar və bunun nəticəsi olaraq 1994-cü ilin may ayında cəbhədə atəşkəs elan edildi.
Atəşkəsin əldə edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşmasında yeni bir canlanmanın başlanğıcını qoydu. Bunu Heydər Əliyevin özü də çox böyük məmnunluqla qeyd edirdi. O deyirdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.
Əsasları Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında bu tarix hər gün daha da zənginləşməkdədir.
Cənab İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub.
Sözsüz ki, İlham Əliyevin rəhbərliyi dövründə orduya kifayət qədər vəsait ayrıldı və neft gəlirlərinin xeyli hissəsi ordu quruculuğuna xərclənməyə başladı. Bütün sahələr kimi, orduya ayrılan vəsaitin həcmi dəfələrlə artırıldı və ordumuz inkişaf etməyə başladı. Heç şübhəsiz ki, bura orduda şəxsi heyətin güzəranının yaxşılaşdırılması, sosial rifah halının yüksəldilməsi, mənzil fondunun yaxşılaşdırılması, ən əsası da ordunun tam müasir silahlarla təmin olunması daxil idi. 2003-cü ildən etibarən biz hər il dünya bazarında neftin qiymətinin aşağı, yaxud yuxarı olmasından asılı olmayaraq, orduya ayrılan büdcənin daim artan xətlə getdiyinin şahidi olmuşuq”.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı nəticəsində Azərbaycan ordusunun texniki təminatı olduqca yüksək səviyyədədir. Ordu quruculuğu üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrıldığı, heç bir məhdudiyyət olmadığı məlumdur. Azərbaycanın hərbi gücü nəticəsində torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası gerçəkləşdi, burada mühüm rolu ordumuz, onun texniki, fiziki təminatı, gücü oynadı.
Ordumuzun yüksək səviyyədə hazırlığını 2016-cı ilin aprel döyüşləri bir daha təsdiqlədi. Belə ki, Ordumuz qısa müddət ərzində düşmənə sarsıdıcı zərbələr vuraraq sübut etdi ki, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Və bunu bacardı da. Ordumuz yüksək keyfiyyətli hazırlıq və təlimlərdən sonra Ermənistan ordusu ilə müharibəyə başladı. Erməni ordusunun atəşkəs rejimini pozması nəticəsində 44 günlük müharibə baş verdi və bu müharibədən xalqımız, ordumuz alnı açıq,başı dik, qalib bir şəkildə ayrıldı.
Son dövrlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan islahatlar ordumuzun istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlığının güclənməsinə şərait yaratdı.
Cənab İlham Əliyevin qayğısı nəticəsində son illər ərzində Azərbaycan Ordusu inkişafının yeni bir səviyyəsinə yüksəlib. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə hazır olan bir orduya çevrilib.
Hal-hazırda Azərbaycan Ordusu dünyanın iri dövlətlərinin orduları ilə müqayisə edilir ki, bu da ordumuzun qüdrətini bir daha təsdiqləyir.

Azərbaycan Dövlət pedaqoji Universiteti
Hüseynli Billurə

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki