image-1backend

Nərimanovun xahişi niyə rədd edildi?- General yerindəcə güllələndi

image-reklam_sirab_01

Neçə-neçə igid,ərən babamız qəhrəmanlıq tariximizə öz adlarını həkk etdirməyi bacarıb. Azərbaycanın hərb tarixinə öz adını həkk etdirən igid oğullarımızdan biri də general-mayor Xəlil bəy Talışxanovdur.

Xəlil bəy Talışxanov 1859-cu ildə Tiflis şəhərində dünyaya göz acıb. Xəlil bəyin atası Əli bəy Talışxanov 1859-cu ildə Gürcüstanın Tiflis şəhərində ştabs-kapitan vəzifəsində işləyirdi. Xəlil bəyin qardaşları Kazım bəy və Əsəd bəy də general-mayor rütbəsinə yüksəlməyi bacarıblar. Bu fakt onu göstərir ki, Talışxanovlar nəsli Qafqazda, ən böyük hərbçi nəsillərindən biridir. Bu nəslin nümayəndəsi olan Xəlil bəy də hərbçi olmağı qarşısına məqsəd qoyur.

Xəlil bəy 16 yaşında Tiflisdə hərbi məktəbə daxil olur və oranı əla qiymətlərlə bitirir. Xəlil bəy 1890-1917-ci illərdə poruççik, kapitan, mayor, podpolkovnik, polkovnik rütbələrini daşıyır və müxtəlif medallarla təltif olunur. 1917-ci ildə isə general-mayor hərbi rütbəsinə yüksəlir. Xəlil bəy Birinci Dünya müharibəsində iştirak edir. Müharibədəki amansız döyüşlərdə göstərdiyi şücaətlərə görə müxtəlif medallarla təltif olunur. Xəlil bəyin, çar Rusiyası dağılandan sonra keçdiyi şücaətli döyüş yolu olduqca maraqlıdır. Xəlil bəy Cümhuriyyət dövründə rus və ermənilərə qarşı amansız döyüşlərin iştirakçısı olur.

Xəlil bəy Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı ilk günlərdən Azərbaycan hökuməti tərəfindən hərbi işə cəlb edilən ilk diviziya komandiri idi və hərbi hissələrin yaradılması ona həvalə olunmuşdu.

1917-ci il Oktyabr inqılabından sonra Rusiyada çar üsul-idarəsi devrildi və bundan yararlanan demokratik qüvvələr 1918-ci ilin mayında Azərbaycanda hakimiyyətə yiyələndilər. Həmin ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikası elan edildi.

Birinci dünya müharibəsində Qafqazlılardan ibarət bir süvari diviziya iştirak edirdi ki, həmin diviziyaya xristianlar həqarətlə “Dikaya diviziya” deyirdilər. Oktyabr inqilabından sonra həmin diviziya ləğv olundu. 1917-ci ildə Qafqaza qayıdan diviziyanın azərbaycanlılardan ibarət “Tatar süvari polku”nun zabitləri Azərbaycanda Cümhuriyyəti dönəmində Xəlil bəyin təşəbbüsü ilə polku yenidən bərpa etdilər. 600 nəfərlik polk Cümhuriyyət hökumətinin hərbi qüvvələrinin özəyi hesab olunurdu. Bu diviziyanın əsasən azərbaycanlılardan ibarət olduğunu nəzərə alıb əvvəlki adını saxladılar. Diviziyanin komandiri vəzifəsinə general-mayor Xəlil bəy Talışxanov təyin olundu. Diviziya Gəncə şəhərində yerləşirdi. Öz müstəqilliyini yenicə elan etmiş Cümhuriyyət hökuməti Azərbaycan torpaqlarının ərazi bütövlüyünü, respublikanın suverenliyini qorumali idi. Bəllidir ki, bu az vaxtda 600 nəfərlik qüvvə ilə qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək mümkün deyildi. Ona görə də Cümhuriyyət hökuməti ordu quruculuğu məsələlərinə mühüm əhəmiyyət verməyə başladı. Buna görə də sentyabrın 1-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul olundu. Baş nazir Fətəli xan Xoyski həm də müdafiə naziri, general Səməd bəy Mehmandarov isə onun müavini təyin olundu.

Həmin ərəfədə Bakıda daşnaklardan və rus millətçilərindən ibarət qoşun hissəsi təşkil olunmuşdu. Onları Bakıdan çıxartmaq üçün 1918-ci ilin əvvəllərində “Dikaya diviziya” Xəlil bəyin rəhbərliyi altında Gəncədən Bakıya gəldi, qərargahını da Bakıya köçürtdü. Stepan Şaumyanın tabeçiliyində olan kommunistlər və daşnaklar bərk qorxuya düşdülər. Xəfiyyələr vasitəsi ilə general Xəlil bəyin Bakıdan hara gedəcəyini öyrəndilər. General Xəlil bəy Bakıya çatan kimi Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti və daşnak qüvvələri tərəfindən vağzalda həbs olundu. General Xəlil bəyin həbs olunduğunu eşidən xalq Sınıqqala məscidinə toplaşmağa başladı və ağsaqqallar xalqı Bakı Sovetinə qarşı silahlı müqavimət göstərməyə çağırdılar. Şəhərin ayağa qalxması Sovetləri və daşnakları bərk qorxuya salır, onlar danışıq yolu ilə münaqişəni həll etməyə səy göstərirlər. Xəlil bəyin azad edilməsi münaqişənin aradan qaldırılması demək idi. Bir necə saatdan sonra Xəlil bəy azad edildi.

Xəlil bəyin azad edilməsindən sonra kommunistlər və daşnaklar xalqa qarşı hiyləgər siyasət apardılar. Rusların və ermənilərin başçılığı altında tarixə düşən Azərbaycan xalqının soyqırımı baş verdi. Xəlil bəy öz ordusu ilə Bakıda düşmənlərə qarşı vuruşurdu. Xəlil bəyin rəhbərlik etdiyi ordu bu silahlı vuruşmada çoxlu rus və erməni əsgər və zabitlərini məhv etdi. Artıq düşmənə qarşı mübarize aparmağın çətin olduğunu başa düşən Xəlil bəy “Dikaya diviziya”nı Lənkərana çəkdi. Çünki Xəlil bəyin rəhbərliyi altında olan “Dikaya diviziya” Bakıdakı erməni milli daşnak qvardiyasının 7 min piyada və suvari, “Qızıl qvardiya” təşkil etmiş komunistlərin 3500-ə qədər əsgəri və rus-slavyan tayfalarının silahlı dəstələrindən qat-qat az idi. Ona görə də Xəlil bəy öz ordusunu Lənkərana çəkir, Xəlil bəy istəyirdi ki, Lənkərana gəlib, əlavə qüvvə yığaraq, öz diviziyasina qatsın və yenidən mübarizəyə qoşulsun. Lakin Xəlil bəyin bu planı alınmadı. Martın 29-da qızıl qvardiyaçılar dəstəsi və daşnak qüvvələri Bakı Soveti İcraiyyə Komitəsinin əmrinə əsasən Lənkərana yola düşməli olan “Dikaya diviziya”nı tərksilah etməyə cəhd göstərdilər. Başlanmış atışma amansız döyüş üçün qığılcım rolunu oynadi. Ruslarla ermənilər Bakıdan sonra Lənkəranda da soyqırım törətdilər. Günahsız insanları öldürülürdü. Bu Azərbaycan xalqının soyqırımı idi.

1918-ci ilin sentyabrın 15-də Azərbaycan Milli Ordusu Bakı şəhərinə daxil oldu. Azərbaycan Demokratik Cumhuriyyəti hökuməti Bakıdan idarə etməyə başladı… Sonradan yaradılan milis batalyonları ilə “Dikaya diviziya”nı Azərbaycan Milli Ordusunun birinci piyada diviziyasına qatıldılar. Xəlil bəy həmin diviziyanın komandiri təyin edildi.

1920-ci ildə Azərbaycanda Sovet hökuməti quruldu. Bu dəfə daşnaklar bolşevik cildində canavar dişlərini Azərbaycan xalqına qarşı qıcadılar. Qızıl Ordu Siyasi Idarəsinin xüsusi şöbəsi Azərbaycanın görkəmli xadimlərinə, ziyalılarına amansız divan tutdu. 12 general, 27 polkovnik, 6 podpolkovnik, 46 kapitan, onlarla ştabs-kapitan, poruççik, ümumiyyətlə isə 266 nəfər müxtəlif çinli hərbici məhkəməsiz, istintaqsız 1920-ci il iyulun 16-da gecə Nargin adasına aparılıb, güllələndilər. Bu qara ölümdən Nəriman Nərimanovun səyi nəticəsində iki general, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski sağ qaldılar. Nərimanov Moskvaya teleqram vuraraq ,Xəlil bəyi azad etmək üçün xahiş edirdi. Lakin onu bu xahişi yerinə yetirilmədi.General-mayor Xəlil bəy Talışxanov iyulun 16-da məhkəməsiz güllələndi…

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image