Son illərdə Yaxın Şərqdə sürətlə dəyişən geosiyasi vəziyyət ABŞ-ı regionla bağlı mövqeyinə yenidən baxmağa vadar edib. Bunun ilk siqnallarından biri ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın geri çağırması və onun yerinə daha peşəkar diplomatı təyin etmək niyyətidir. Bu addım təsadüfi deyil. Vaşinqtonda baş verən bu diplomatik dəyişiklik əslində ABŞ-ın Yaxın Şərqdə formalaşmaqda olan yeni güc mərkəzləri – o cümlədən Türkiyənin artan nüfuzu qarşısında öz mövqelərini yenidən formalaşdırmaq cəhdidir.
2025-ci ilin iyul ayında ABŞ-ın Türkiyədəki səfiri, Tom Barrakın geri çağırılması barədə qərar verildi. Hərçənd rəsmi izahat bunun “diplomatik rotasiya” olduğu bildirildi, lakin bu hadisə ABŞ və Türkiyə arasındakı son aylarda müşahidə olunan gərginliyin nəticəsi kimi də dəyərləndirilir.
Barrak, həm Suriyadakı yeni diplomatik təşəbbüslərdə aktiv rol oynasa da, bəzi dairələrdə onun Ankara ilə münasibətlərdə balansı qorumaqda uğursuz olduğu fikri irəli sürüldü. Bu diplomatik dəyişiklik fonunda ABŞ-ın Türkiyəyə yeni səfir kimi daha təcrübəli və peşəkar diplomat göndərməsi, əslində Vaşinqtonun bu ölkəyə olan yanaşmasının dəyişdiyinin göstəricisidir.
Son iki ildə Türkiyə Suriya məsələsində həm hərbi, həm də diplomatik sahədə aktiv iştirakını artırıb. Əsəd rejiminin devrilməsi , Suriyanın yeni hakimiyyətinin Türkiyə ilə olduqca sızx əməkdaşlığı Suriyanın şimalında təsir zonasının qorunması Ankaranı bu oyunda daha ugurlu olduğunu ortaya qoydu.
2025-ci ilin avqusutunda Türkiyənin dəstəyi ilə Azərbaycan qazının Suriyaya çatdırlması Türkiyənin mövqeyinin güclənməsinin bariz nümünəsi idi.
Bundan əlavə Türkiyə İraqın şimalında – xüsusilə Kürd Muxtariyyətində – PKK-ya qarşı hərbi əməliyyatları uğurla davam etdirmiş və Bağdadla enerji və su təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirmişdir. Bu prosesdə Ankara həm İraq mərkəzi hökuməti, həm də kürd administrasiyası ilə əlaqələri paralel inkişaf etdirmişdir.
Eyni zamanda, Türkiyənin bölgədəki hərbi gücləri və apardığı hərbi əməliyyatları ABŞ üçün narahatlıq doğurmaya bilməzdi, bu əslində Vaşinqtonun İraqdakı maraqları ilə toqquşmalar riski idi. Lakin rəsmi Ankaranın apardığı ugurlu diplomatik gedişlər nəticəsində Suriyada, həmçinin İraqda bəzi məsələlərdə ABŞ oyundankənar vəziyyətdə qaldı. Sözsüz bu rəsmi Vaşinqtonun qorxuya düşməsinə səbəb oldu. ABŞ İsrail vasitəsilə Suriyada nail olmaq istədiyi planlar da həyata keçməyincə rəsmi Vaşinqton Yaxın Şərq siyasi xəttində korrektlər etməyə start verdi.
ABŞ uzun illərdir Yaxın Şərqdə geosiyasi balansın qurucusu kimi çıxış edib. Lakin Türkiyənin son illərdə sərgilədiyi müstəqil siyasət – xüsusilə Rusiya ilə yaxınlaşma və NATO çərçivəsindən kənarda atılan addımlar – Vaşinqtonda bu balansın pozulması qorxusunu gücləndirib.
Bunun bariz nümunəsi, S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyə tərəfindən Rusiyadan alınması, ABŞ-ın Türkiyəni F-35 proqramından kənarlaşdırması ilə nəticələndi.
Türkiyənin yalnız Qərb yönlü deyil, eyni zamanda Rusiya, İran, Çin və Orta Asiya ölkələri ilə də paralel əməkdaşlıqlar qurması, Vaşinqton üçün təhlükəli geosiyasi alternativlərin formalaşması deməkdir. ABŞ-ın Yaxın Şərqdə mövcudluğunun zəifləməsi, regionun Türkiyə mərkəzli bir güc bölgəsinə çevrilməsi ehtimalını gücləndirir.
Türkiyənin NATO çərçivəsində bəzi məsələlərdə müstəqil qərar verməsi – məsələn, Şərqi Aralıq dənizindəki qaz resurslarına dair mövqeyi, Liviyadakı hərbi müdaxiləsi və ya Afrika diplomatiyası – Vaşinqtonun transatlantik strategiyasına zidd görünür.
ABŞ-ın Yaxın Şərq siyasətinə yenidən baxması və səfir dəyişiklikləri, əslində Türkiyənin regionda artan diplomatik, hərbi və iqtisadi təsirinə cavab xarakteri daşıyır. Türkiyə artıq yalnız NATO-nun “qəniməti” olan ön xətt ölkəsi deyil, öz geosiyasi gündəmini yaradan və regional siyasətin istiqamətini müəyyən edən əsas gücə çevrilməkdədir.
Vaşinqtonun bu reallığı qəbul etməsi isə yeni dövrdə ABŞ-Türkiyə münasibətlərinin daha mürəkkəb, ancaq qarşılıqlı ehtiyatlı yanaşmalarla davam edəcəyini göstərir.
Qoşqar Salmanlı