Səhihliyi şübhə doğuran bəlli video ətrafında yaranmış ajiotaj davam edir. Erməni “dördlüyü” – Ermənistan dövləti, erməni diasporu, erməni lobbisi və erməni kilsəsi yayılmış videodan maksimum “fayda” götürməyə çalışır, beynəlxalq qurumlara şikayətlər ünvanlayırlar. Bu dəfə “dördlüyün” beşinci ayağı da var- videoların yayılmasında İran mediası xüsusi canfəşanlıq göstərir. “Cinayate cəng dər Qərəbağ” başlığı ilə ənənəvi və sosial mediada yüzlərlə link paylaşılıb. Üstəlik, bizim pasifistlər də heç bir araşdırma aparmadan verdikt çıxarır, baş verənlərə görə ordumuzu, əsgərmizi qınayırlar.
Xatırladaq ki, “Amnesty International” 2020-ci ilin dekabrında 22- də II Qarabağ savaşı ilə bağlı videoları təhlil etdiyini bildirmişdi. O zaman 11 videoda Ermənistan , 7-sində isə Azərbaycan əsgərlərinin nizamnamədənkənar davranışlara yol verdiyi görünürdü . Videolarda erməni əsgərlər azərbaycanlı əsiri öldürüb nəşini iplə sürüyürdülər. Daha əvvəl Mübariz İbrahimov və Fərid Əhmədovun nəşləri ilə bağlı oxşar davranışlarını “sənədləşdirən” ermənilər o çəkilişləri uzun müddət ordumuza qarşı psixoloji müharibədə istifadə etmişdilər.
“Human Rights Watch” insan haqları təşkilatı isə 2020 – ci il dekabrın 11-də Dağlıq Qarabağ müharibəsində beynəlxalq humanitar hüququn pozulması ilə bağlı iki hesabat yaymışdı. Hesabatın birində Azərbaycan silahlı qüvvələrinin, digərində isə Ermənistan tərəfin yol verdiyi pozuntulardan söz açılırdı.
Bu yaxınlarda Ukrayna beynəlxalq təşkilatlarla necə davranmaq lazım gəldiyinin nümunəsini göstərdi. “Amnesty İnternational” avqustun əvvəllərində dərc etdiyi hesabatda Ukrayna qoşunlarının yaşayış məntəqələrində dislokasiya edilməsi və əsirlərlə bağlı davranışları kəskin tənqid olunurdu.
Prezident Volodimir Zelenski hüquq müdafiəçilərinin Rusiyanın hərbi cinayətlərinə görə məsuliyyəti Ukraynanın üzərinə atmağa çalışdıqlarını bildirdi, bizim liberallardan fərqli olaraq bütün ukraynalı liberallar haqsız tənqidə qarşı birgə mövqe ortaya qoya bildilər. “Amnesty International” əvvəlcə tənqidləri qəbul etməsə də, sonra geri çəkilməyə məcbur oldu. Demək, düşmənin dezinformasiyası da, beynəlxalq təşkilatların qərəzi də ola bilər, amma düşmənin dezinformasiyasına qarşı daha effektiv arqumentlər qoyduqda, bu mövzunu diqqətə aldıqda nəticə əldə etmək olur. Avropa ittifaqınınin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın dünən öz rəyinə düzəliş etməsi də bunu sübut edir.
Xəbər verildiyi kimi, video artıq Azərbaycan Hərbi Prokurorluğu tərəfindən nəzarətə götürülüb və araşdırma aparılır. Azərbaycan tərəfi heç zaman hərbi cinayətləri cəzasız qoymayıb, II Qarabağ savaşı zamanı da hansısa yanlışlar aşkarlananda dərhal reaksiya verib və cəzalar da tətbiq edib.Amma bunu Ermənistan haqda demək mümkündürmü?
II Qarabağ savaşından sonra beynəlxalq təşkilatların təsbit etdiyi hərbi cinayətlərin hansı haqda Ermənistanda rəsmi araşdırma aparılıb? O zaman Qərb mediasına açıqlamalarında erməni rəsmiləri bunu etməyin psixoloji baxımdan mümkünsüz olduğunu , onsuz da savaşı uduzmuş Ermənistan cəmiyyətinin növbəti travma yaşaya biləcəyini deyirdilər. Qəribəsi odur ki, beynəlxalq təşkilatlar da bu yanaşmaya anlayış göstərirdilər.
Deyildiyi kimi, Azərbaycanın əlində əks iddialar üçün kifayət qədər faktlar, görüntülər var. I Qarabağ savaşından sonra isə azərbaycanlı əsirlərlə vəhşi davaranış faktları beynəlxal mediaya da sızıb. Məsələn, erməni general Manvel Qrigorian öz evində azərbaycanlı əsirlər saxlamasını etiraf edir, 15 yaşlı azərbaycanlını əsir götürüb adını dıyişdirməsi ilə öyünürdü: “Müharibədən Ermənistana yüzlərlə əsirlə qayıtdım. Simon adlı əsiri evdə saxlayırdım. Simonun 15 yaşı vardı”(Radio Liberty, 03 noyabr 2014).
Mən bu faktlardan istifadı edib bütün nizamnamədənkənar, beynəlxalq konvensiyalara ziddi istənilən davranışa haqq qazandırlmasının tərəfdarı deyiləm. Amma eyni hala görə Ukrayna və Ermənistan ordusuna anlayışla yanaşıb söhbət azərbaycanlı əsgərlərə gələndə onların dərhal cəzalandırılmasının tələb edilmısini anlamaqda çətinlik çəkirəm.
Cənab liberallar, buyurun, bir az da erməniləri ittiham edin!