image-22backend

“Patria” gəmisinin sirli partlayışı: Yəhudilərin soyqırımına kim qərar vermişdi?

image-reklam_sirab_01

1940-cı ildə almanlar Avropa yəhudilərini hələ qırmırdılar, onlara əmlaklarının müəyyən miqdarını verməklə Avropadan getməyə icazə verilirdi. Üstəlik, yəhudilərin çoxu Fələstinə getməyə çalışırdı, bu da həmin ərazi üzərində mandata sahib olan Britaniya üçün ərəblərin etirazı üzündən problemlər yaradırdı. Beləliklə, almanlar bir güllə ilə iki hədəfi verurdular: həm yəhudiləri qovur, həm də ingilislər üçün problem yaradırdılar.

ZjA adlı yəhudi təşkilatı 1940-cı ilin sentyabrında 3600-ə qədər yəhudini Rumıniyanın Tulça limanından Fələstinə daşımaq üçün üç gəmi kirayələdi. Giriş icazəsi olmayan sərnişinləri daşıyan gəmilər Fələstin sahillərinə yaxınlaşanda Britaniya donanması onları nəzarət altına aldı və Hayfa limanına gətirdi.

Noyabrın 20-də Fələstin üzrə Ali komissar Harold Makmaykl həmin qaçqınların Hind okeanındakı Mavriki və Karib dənizindəki Trinidad adalarına göndərmək barədə qərar qəbul etdi. Mavrikiyə gedəcək yəhudilər “Patria” gəmisinə köçürüldülər. Onların sayı təxminən 1800 nəfər idi.

Fələstin yəhudilərinin “Haqana” silahlı təşkilatı gəminin mühərriklər olan hissəsində bomba partlatmaq və onu təmirə saxlamaqla vaxt udmaq qərarına gəldi. Bir gün əvvəl qoyulan bomba noyarın 25-də səhər saatlarında partladı.

Amma bombanın gücü düzgün hesablanmamışdı, ya da gəmi köhnəlmişdi, partlayış təkcə mühərrrikləri sıradan çıxarmadı, gəminin altında böyük deşik açıldı və “Patria” 16 dəqiqə ərzində batdı. Ərəblərin də iştirak etdiyi xilasetmə işləri nəticəsində 1500-dən çox insan xilas edildi, 267 nəfər isə boğuldu.

Vüsət alan beynəlxalq kampaniyadan sonra Britaniya komissarlığı üç gəmidə gələn yəhudilərə humanitar əsaslarla Fələstində qalmaq icazəsi verildi.

Partlayışı kimin törətməsi 17 il mübahisə mövzusu oldu. Mavrikiyə getmək istəməyən sərnişinlərin, daha radikal “İrqun” təşkilatının törətmələri ehtimal olunurdu. 1957-ci ildə bombanı gəmiyə qoyan Munya Mardorun xatirələri çıxanda işin arxasında “Haqana”nın durduğu məlum oldu.

Yadigar Sadıqlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki