İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin ali rəhbəri Müctəba Xamenei tərəfindən həyata keçirilən siyasət region dövlətlərinin ABŞ və İsraildən uzaqlaşmasına səbəb olur.
Vətəninfo.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, İranın rəqibləri ərəb və müsəlman ölkələrini Tehrana qarşı birləşdirməyə çalışsalar da, bu cəhdlər uğursuzluqla nəticələnib.
“Bu siyasət həmin planları pozur. Nəticədə region ölkələri ABŞ və İsraildən uzaqlaşır və bu proses davam edir”, – deyə İran prezidenti vurğulayıb.
Məsud Pezeşkian qeyd edib ki, son bir il yarım ərzində ölkənin ali rəhbərliyi ilə müntəzəm görüşlər keçirib və bu təmaslar hər həftə davam edib.
İran prezidenti həmçinin bildirib ki, ölkənin əleyhdarları İran daxilində parçalanma yaratmağa çalışırlar. Onun sözlərinə görə, heç bir xalqı bombardman və ya təhdid yolu ilə təslim olmağa məcbur etmək mümkün deyil.
Pezeşkian ali rəhbərliyə qarşı mümkün sui-qəsd iddialarına münasibət bildirərkən qeyd edib ki, İranın yüksək vəzifəli hərbi və siyasi rəsmilərinin asanlıqla hədəfə alınması qəbuledilməzdir.
O əlavə edib ki, ölkənin təhlükəsizlik imkanlarının gücləndirilməsi və dövlət rəsmilərinin qorunması İran rəhbərliyinin əsas prioritetlərindən biri olaraq qalır.


























