image-reklam-veteninfo
image-img_9654backend

Rəqəmsal inkişaf Azərbaycanın yeni inkişaf modelinin əsas sütunlarındandır

image-reklam-veteninfo

Azərbaycanın dövlət siyasətində rəqəmsal transformasiya artıq ayrıca bir istiqamət deyil, iqtisadi inkişafın, dövlət idarəçiliyinin səmərəliliyinin, milli təhlükəsizliyin və insan kapitalının gücləndirilməsinin əsas prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkədə rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində yeni inkişaf mərhələsinin əsası qoyulub. Cari ilin fevral ayında dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə qəbul olunan qərarlar da məhz Azərbaycanın rəqəmsal gələcəyini müəyyənləşdirən strateji yol xəritəsi kimi qiymətləndirilir.

Bu qərarların davamı olaraq rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin vahid şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, milli texnoloji potensialın artırılması, rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” isə qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişaf istiqamətlərini müəyyən edən əsas strateji sənəddir. Plan dövlət idarəçiliyinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, rəqəmsal iqtisadiyyatın ÜDM-də payının artırılması kimi mühüm hədəfləri özündə birləşdirir. Eyni zamanda sənəd İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə tam uzlaşdırılıb. Bununla da rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir.

Fəaliyyət Planı dörd əsas istiqaməti – rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyi əhatə edir. İnfrastrukturun inkişafı, hüquqi tənzimləmə, insan kapitalının gücləndirilməsi və effektiv idarəetmə bu siyasətin əsas dayaqları kimi müəyyənləşdirilib. Dövlət başçısının tapşırığına əsasən bütün dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinin icrasına rəhbər müavini səviyyəsində məsul şəxslərin təyin olunması da bu istiqamətdə idarəetmənin çevikliyini artırır.

Bu siyasətin icrasının koordinasiyası məqsədilə 29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən iclasda 2026-2028-ci illər üzrə Fəaliyyət Planının icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər geniş müzakirə olunub. Mehriban xanım Əliyeva bildirib ki, Şuranın əsas prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin, innovasiya ekosisteminin inkişafı, investisiyaların və startapların dəstəklənməsidir. Birinci xanım süni intellekt sahəsində qəbul ediləcək bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun formalaşdırılmasının vacibliyini xüsusi vurğulayıb.

İclasda Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət qurumları üzrə yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin Hökumət Buluduna miqrasiyası, “mygov” platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Prezidentin köməkçisi Şahmar Mövsümov isə innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyəcək genişmiqyaslı qanunvericilik islahatlarının hazırlandığını bildirib. Elm və təhsil naziri Emin Əmrullayev isə “Rəqəmsal məktəb”, “Rəqəmsal bacarıqlar” və “STEAM Azərbaycan” layihələrinin insan kapitalının inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb.

Rəqəmsallaşma istiqamətində əsas məqsədlərdən biri dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsidir. Hazırda “mygov” və “mygov Biznes” platformalarının inkişafı istiqamətində işlər davam etdirilir. Ayrı-ayrı dövlət qurumlarının fərdi portal və mobil tətbiqləri mərhələli şəkildə bu vahid ekosistemə inteqrasiya olunur. Artıq “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə “mygov”a inteqrasiya edilib, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” xidmətlərinin də ilin sonunadək tam inteqrasiyası nəzərdə tutulur.

Bu yanaşmanın əsas məqsədi vətəndaş-məmur təmasını minimuma endirmək, xidmətlərin şəffaflığını artırmaq və istifadəçi məmnuniyyətini yüksəltməkdir. Bununla yanaşı, rəqəmsal olmayan xidmətlərin elektronlaşdırılması və proaktiv xidmətlərin genişləndirilməsi həyata keçirilir. Artıq yaşa görə əmək pensiyası vətəndaşın müraciəti olmadan avtomatik təyin edilir. Uşağın doğulmasına görə birdəfəlik müavinətin də eyni mexanizmlə təqdim olunması planlaşdırılır. Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatdıqda vətəndaşların avtomatik məlumatlandırılması, səfərbərlik üzrə tibbi müayinəyə çağırışların rəqəmsal formada həyata keçirilməsi də nəzərdə tutulan yeniliklər sırasındadır.

Son aylarda sürücülük vəsiqəsinin dəyişdirilməsi tam şəkildə “mygov” üzərindən mümkün olub. Yaxın gələcəkdə şəxsiyyət vəsiqəsi və pasportun əldə olunması və dəyişdirilməsi də elektron formada həyata keçiriləcək. Ali təhsil müəssisələrinə qəbul olunan təxminən 75 min nəfərin qeydiyyat prosesi, eləcə də 225 mindən çox valideyn üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul proseduru artıq rəqəmsal müstəviyə keçirilib. Notariat xidmətlərinin bir hissəsi də “mygov” vasitəsilə təqdim olunur. Nəticədə son üç ay ərzində platformanın istifadəçi sayı 2,7 milyondan 3,5 milyona yüksələrək 30 faiz artıb.

Rəqəmsal inkişafın digər mühüm istiqaməti innovasiya iqtisadiyyatının formalaşdırılmasıdır. Bu məqsədlə vençur maliyyələşdirilməsi, kraudfandinq, “mələk investorlar” institutunun hüquqi bazasının yaradılması, “Fondlar Fondu”nun formalaşdırılması, yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi, açıq məlumatların API-lər vasitəsilə biznes və startaplar üçün əlçatan edilməsi, “Rəqəmsal səyyah” və “Rəqəmsal istedad” vizalarının tətbiqi, frilanserlər üçün vergi güzəştləri nəzərdə tutulur.

Süni intellektin inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Fəaliyyət Planına uyğun olaraq dövlət idarəçiliyində və xidmət sektorunda süni intellekt texnologiyalarının tətbiqi genişləndirilir. 2026-cı il ərzində “mygov” platformasında 4, digər dövlət qurumlarında isə 9 süni intellekt həllinin tətbiqi planlaşdırılır. Artıq “mygov” platformasında vətəndaşlara 24/7 rejimində xidmət göstərən virtual köməkçinin ilkin versiyası istifadəyə verilib. Eyni zamanda səhiyyə, gömrük və təhsil sahələrində də süni intellekt əsaslı yeni həllər hazırlanır.

Milli hesablama gücünün yaradılması məqsədilə 64 qrafik prosessorun (GPU) təchizatçısı müəyyənləşdirilib və avadanlıqların ilin sonunadək quraşdırılması planlaşdırılır. Bundan əlavə, innovativ həllərin təhlükəsiz şəkildə tətbiqini təmin etmək üçün süni intellekt üzrə “Tənzimləyici test mühiti” (Regulatory Sandbox) yaradılır və müvafiq hüquqi baza formalaşdırılır.

Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri də kibertəhlükəsizliyin gücləndirilməsidir. Bu məqsədlə Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb və onun nəzdində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC), Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi (CERT) və Rəqəmsal Tədqiqat Mərkəzi fəaliyyət göstərəcək. Yeni idarəetmə modeli kibertəhdidlərin operativ aşkarlanmasına və qarşısının alınmasına imkan verəcək.

Qanunvericilikdə ilk dəfə olaraq kibergigiyena, kiberdayanıqlılıq, kiberməkan və kibertəhlükəsizlik anlayışlarının hüquqi əsasları müəyyən edilir. Bank, energetika, nəqliyyat və digər kritik informasiya infrastrukturu subyektləri üçün yeni təhlükəsizlik tələbləri tətbiq olunacaq. Dövlət informasiya sistemlərinin Hökumət Buludu platformasına mərhələli miqrasiyası da kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.

İnsan kapitalının inkişafı rəqəmsal transformasiyanın əsas şərtlərindən biri kimi müəyyənləşdirilib. Bu gün ölkənin bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsinə qoşulub. Son beş ildə məktəblərə 235 mindən çox kompüter verilib, bir kompüterə düşən şagird sayı 32-dən 6-ya endirilib. Təhsil müəssisələrində internet trafiki 4,7 dəfə artırılıb.

Hazırda 900 mindən çox istifadəçini əhatə edən “Rəqəmsal məktəb” platforması Bakıda 354 məktəbi birləşdirir və 2026–2027-ci tədris ilindən etibarən 400-dən çox region məktəbini də əhatə edəcək. Təhsil sistemində 62 elektron xidmət göstərilir, attestat, diplom və sertifikatların elektron formada verilməsinə başlanılıb. “Rəqəmsal bacarıqlar” layihəsi 500 mindən çox, “STEAM Azərbaycan” layihəsi isə 300 mindən artıq şagirdi əhatə edir. Gələcək mərhələdə süni intellekt əsasında fərdiləşdirilmiş təhsil modelinin tətbiqi, müəllimlərin inzibati yükünün azaldılması və məlumatlara əsaslanan tədris idarəçiliyinin qurulması nəzərdə tutulur.

Bütün bu islahatlar göstərir ki, Azərbaycan rəqəmsal transformasiyanı yalnız texnoloji yenilənmə kimi deyil, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, innovasiya iqtisadiyyatının formalaşdırılması, milli təhlükəsizliyin möhkəmləndirilməsi və insan kapitalının inkişafı üçün strateji inkişaf modeli kimi qəbul edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət ölkənin rəqabət qabiliyyətinin artırılmasına, rəqəmsal iqtisadiyyatın genişlənməsinə və Azərbaycanın regionun aparıcı texnologiya mərkəzlərindən birinə çevrilməsinə xidmət edir.

Asif Əsgərov,

Milli Məclisin deputatı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki