ABŞ və İran arasında hərbi gərginlik yeni mərhələyə keçib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrandakı bir sıra hədəflərə qarşı yeni hərbi əməliyyatların başladığını açıqlayıb.
CENTCOM-un bəyanatında bildirilir ki, əməliyyatlar ABŞ prezidentinin göstərişi əsasında həyata keçirilir və İranın davam edən aqressiv fəaliyyətlərinə cavab xarakteri daşıyır. ABŞ tərəfi zərbələri “özünümüdafiə tədbirləri” kimi qiymətləndirir.
Vətəninfo.az xəbər verir ki, İran mediasının məlumatına görə, paytaxt Tehran ətrafında, eləcə də Fars və Hörmüzqan əyalətlərində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Yerli sakinlər bir sıra bölgələrdə partlayış səslərinin eşidildiyini bildiriblər.
Yarı-rəsmi Mehr Xəbər Agentliyi və Tasnim Xəbər Agentliyinin məlumatına əsasən, partlayış səsləri xüsusilə Hörmüz boğazı yaxınlığında yerləşən Sirik və Minab şəhərlərində qeydə alınıb. İran dövlət televiziyası Sirik şəhərində ən azı üç partlayış səsinin eşidildiyini xəbər verib.
İran mediası Qeşm və Həngam adalarındakı bəzi obyektlərin də hücumların hədəfinə çevrildiyini bildirib. Eyni zamanda, Bəndər Abbas şəhərində də partlayışların baş verdiyi barədə məlumatlar yayılıb. İranın dövlət xəbər agentliyi IRNA partlayış səslərinin şəhərin hava limanı ərazisindən gəldiyini qeyd edib.
Məlumatlarda İran və ABŞ qüvvələri arasında dənizdə də qarşıdurmaların yaşandığı bildirilir. Lakin bu məlumatlarla bağlı tərəflərdən əlavə rəsmi təsdiq verilməyib.
ABŞ Prezidenti Donald Tramp son açıqlamalarında İrana qarşı daha sərt addımların atılacağını bəyan edib. O, Vaşinqtonun həyata keçirdiyi hərbi əməliyyatları müdafiə edərək, ABŞ-ın cavab vermək hüququna malik olduğunu vurğulayıb.
Digər tərəfdən, İranın yüksək hərbi rəhbərliyi Hörmüz boğazının bütün növ gəmilər üçün bağlandığını açıqlayıb. Rəsmi Tehranın bəyanatına görə, neft tankerləri və kommersiya gəmiləri daxil olmaqla, boğazdan keçməyə cəhd edən istənilən gəmi hədəfə alına bilər.
Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin həyata keçirildiyi strateji dəniz marşrutu hesab olunur. Ekspertlər xəbərdarlıq edirlər ki, bölgədə gərginliyin daha da artması qlobal enerji bazarlarında ciddi təsirlərə səbəb ola bilər.

























