image-2f16b3ed-e54e-4575-94a4-d7b17672e84cbackend

Tarixi təşəbbüs

image-reklam_sirab_01

Tarixi təşəbbüs.

 

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur”

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdən biridir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlərdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malikdir. Min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir.

Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev demişdir: “Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil – millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur!”

Məhz buna görə ulu öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət göstərmişdir.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, ulu öndər Heydər Əliyevin uğurlu təşəbbüsü ilə respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edildi.Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutub. Konstitusiyanın 21-ci maddəsi: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.”

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verirdi. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan Ümummilli Lider deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.

Dahi lider Heydər Əliyev Azərbaycan dili haqqında bir sıra fərman və sərəncamlar izmalamışdır. Onlardan biri də “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanıdır. Bu fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirməli, xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərərək onun qorunub , inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəslə ötürə bilərik.

Bəxtiyar Vahabzadə demişkən:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir…onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Mətanət Əliyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki