image-reklam-veteninfo
image-1backend

“TSAXAL” NECƏ YARANIB? – Və ya HƏMAS doğurdanmı İsraili təəccübləndirib?

image-reklam-veteninfo

1987-ci ildən 1991-ci ilə qədər davam edən, fələstinlilərin İsrailə qarşı başlatdığı Birinci İntifada bəzən “Daşlar döyüşü” də adlandırılır. Çünki intifadanın əvvəlində fələstinlilər israillilərə qarşı ilk növbədə daş və əldəqayırma silahlardan istifadə edirdilər.

O vaxtlar Yasir Ərəfata və onun rəhbərlik etidyi Fələstin Azadlıq Təşkilatına tabe olan silahlı qruplar var idi. Amma onların sayı o qədər çox deyildi və yüngül silahlara – “Kalaşnikov” avtomatları, tapança və qumbaralara sahib idilər. SSRI-nin süqutundan sonra bu və digər qrupların ağır və iriçaplı silahlar əldə etməsi çətin olmadı.

İsrail ordusu Qəzza zolağından ayrıldıqdan sonra HƏMAS-ın bölgədə nüfuzu artdı və öz silahlı qanadı olan “Qəssam Briqadalarını” gücləndirdi. İran və “Hizbullah”ın dəstəyi ilə HƏMAS-ın paramilitar dəstələri tamamilə təşkilatlandı.


Fələstin gəncləri İrana yalnız dini təhsil və ya hərbi təlim üçün getmirlər, həm də çox sayda HƏMAS üzvü İranda raket istehsal etməyi, “qaraj şəraitində” silah düzəltməyi, həmçinin tunel, bunker və istehkam işlərini öyrənirlər. Son hadisələrdə HƏMAS-ın paramotor və dronlardan da istifadə etməsi çox şeydən xəbər verir.

Elə İsrail rəhbərliyini də məhz narahat edən budur – HƏMAS-ın silahlı dəstələri tədricən nizami orduya çevrilir. Təhsil və iş imkanları məhdud olan Fələstin gəncləri bu ordunun ehtiyat gücü sayıla bilərlər. Burada demoqrafik artım da xüsusi rol oynayır. Çünki çoxuşaqlı ərəb ailələrində hər oğlan uşağı HƏMAS üçün bir potensial əsgər deməkdir.


Bəziləri deyə bilər ki, HƏMAS yenilik edib və İsraili təəccübləndirib.

Tarixə nəzər salsaq görərik ki, HƏMAS əslində yeni heç nə etməyib, sadəcə İsrail ordusu “Tsaxal”ın keçdiyi yolu indi fərqli üslubda təkrarlayıb. Çünki İsrail ordusu da vaxtilə könüllü gənclərdən toplanan, gah ərəb məntəqələrinə, gah da keçmiş metropoliya Britaniyanın Fələstindəki poçt qatarlarına hücum edən paramilitar dəstələrin bazasında qurulub.

Yəhudi qruplarının ən məşhurları 1948-ci ilə qədər “Xaqana”, “Beytar”, “Etsel” və “Lexi” kimi silahlı qruplar sionist ideyalara söykənir. “Vəd edilmiş” torpaqlarda İsrail dövlətinin qurulması naminə, hətta terroru belə məqbul hesab edirdilər.

“Xaqana” qrupu dəfələrlə ingilis polislərinə hücum edib, hətta ağacdan asdığı meyitlərə də öz “imza”sını atıb. Bu qrupların əksəriyyəti əsasən Rusiyadan köçən yəhudilərdən təşkil olunub. Daha sonra isə müharibələrdə təcrübə toplamış, Britaniya ordusunda xidmət etmiş yəhudilər daha təşkilatlı dəstələr yaratmağa başladılar. Nasist Almaniyasına qarşı Britaniyanın tərəfində döyüşən və İsrail dövlətinin yaranacağına ümid edən yəhudilər Londondan bir konkretlik görməyincə, ekstremist qrupların tərəfinə keçərək, Britaniyanın polis bölmələri və poçt qatarlarına hücum etməyə başlamışdılar.

Bu və digər qruplarda həm kişilər, həm də qadınlar, hətta evli cütlüklər də döyüşürdü.

 

 

Məşhur qadın siyasətçi, İsraildə nazir və Baş nazir vəzifələrini tutan sabiq Mossad əməkdaşı Tsipi Livninin valideynləri də “Beytar” üzvü idilər. Onlar qatar soyğunlarında tanış olaraq ailə qurmuşdular. “Beytar” isə əvvəlcə sionist gənclər təşkilatı kimi qurulmuş, yəhudi köçkünlərin mühafizəsi üçün gözətçi dəstələri yaratdıqdan sonra isə daha da irəli gedərək, bir çox “səs-küylü”aktlar törətmişdi.

Həmçinin, 1939-cu ildə Britaniyanın Fələstinə yəhudilərin miqrasiyasını qadağan edəndən sonra bu təşkilatlar qeyri-leqal yollarla yəhudiləri, xüsusilə də nasistlərdən qaçanları Fələstin torpaqlarına yerləşdirməkdə fəallıq göstərirdilər.

İsrail dövləti qurulduqdan iki həftə sonra – 26 may 1948-ci il tarixində dövlətin ilk Baş naziri David Ben-Qurion İsrail Müdafiə Qüvvələrinin – “Tsaxal”ın yaradılması barədə sərəncam imzaladı. Lakin bu ordunu hansısa qüvvənin bazasında yaratmaq və qısa müddətdə nizami ordu formalaşdırmaq lazım idi. Çünki bir tərəfdən ərəb dövlətləri – Misir, İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Suriya, hətta əhalisinin yarısı xristian olan Livan belə yeni yaradılmış dövlətə qarşı hücuma keçmişdi.

Düşmən dövlətlər çox olsa da, onların qoşunlarının ümumi sayı 30 mini keçmirdi. Digər tərəfdən, səriştəli zabitlər baxımından da ərəb dövlətləri korluq çəkirdi və aralarında koordinasiya yox idi. Onların əsl niyyəti sadəcə yeni ərazilər qazanmaq idi. Həmçinin, Qərb ölkələri və SSRİ ərəb dövlətlərinə silah satmayacaqlarını bəyan etmişdilər.

Və bu, İsrailə imkan yaratdı ki, qısa zamanda səfərbərlik edərək, həmçinin ABŞ və Avropadan silahlar gətirdərək cəbhədə dönüş yaratsın.

Çoxdan mövcud olan “Xaqana”, Lexi” və “Etsel” qrupları yeni yaradılmış ordu ilə birləşmək barədə saziş imzaladılar. Digər tərəfdən, İsraildə əli silah tuta bilən və hərbi xidmətə yararlı olan hər kəs orduya çağırıldı. Nəticədə, “Tsaxal” qısa zamanda 65 min ordu topladı. Digər tərəfdən, Avropadan İsrailə köçmüş mühəndis və alimlər qısa zamanda silah istehsalına başladılar. Günümüzdə məşhur olan “Uzi” avtomatik tapançalarının yaradıcısı İzekiel Uzi də yeni yaranmış dövlətə fayda verməyə çalışan gənc mühəndis və konstruktorların sırasında idi.


Beləliklə, HƏMAS bu gün İsrail ordusunun təxminən 70 il bundan əvvəl keçdiyi yolu keçmək istəyir. Hazırda HƏMAS-ın “Tsaxal” ilə rəqabət aparması, əlbəttə ki, inandırıcı deyil. Çünki İsrail ordusunda olan texnika və təchizat HƏMAS-da yoxdur.

Lakin hadisələrin gedişatı göstərir ki, HƏMAS qüvvələri heç də düşünüldüyü qədər zəif deyillər. Getdikcə də güclənirlər. Buna görə də İsrail onu məhz indi sıradan çıxarmağa cəhd edir. Yaxın gələcəkdə daha ciddi problemlərlə üzləşməməsi üçün…“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki