İspaniyalı mütəxəssis Pep Qvardiola rəhbərlik etdiyi Manchester City klubundakı daxili mühit və idarəetmə barədə müsbət fikirlər səsləndirib.
Vətəninfo.az xəbər verir ki, təcrübəli mütəxəssis Sky Sports kanalına açıqlamasında komandadakı atmosferi xüsusi vurğulayıb.
55 yaşlı baş məşqçi hələ də yüksək motivasiyaya sahib olduğunu bildirib: “Hələ də inanılmaz enerjiyə malikəm. İstirahət günlərimdə belə işə gəlirəm”.
Qvardiola komandasının uğurunu klubdakı sabitliklə əlaqələndirib. Onun sözlərinə görə, belə bir mühit olmasaydı, uzun müddət eyni komandada çalışmaq mümkün olmazdı: “On il burada qala bilməzdim, əgər bu inanılmaz mühit olmasaydı”.
İspaniyalı mütəxəssis klubun təşkilati iş prinsiplərini də yüksək qiymətləndirib. O qeyd edib ki, gündəlik fəaliyyət zamanı bütün detallar nəzərə alınır və bu da həm məşqçilər heyətinin, həm də futbolçuların yalnız öz işlərinə fokuslanmasına şərait yaradır.
Qvardiola sonda komandadakı münasibətlərin xüsusi olduğunu vurğulayıb: “Bu böyük klubdur, amma burada özünü ailədəki kimi hiss edirsən”.


























