image-reklam-veteninfo
image-6e1dd443e23ce71860c37ba98c4266aabackend

Perinatal Mərkəzdəki YANĞIN işi yekunlaşır – Prokuror bu CƏZANI tələb etdi

image-reklam-veteninfo

Sabah, mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Ötən prosesdə prokuror mərkəzin sabiq direktoru və digər vəzifəli şəxslərin həbsini tələb edib.

Dövlət ittihamçısı məhkəmədən xahiş edib ki, hər 3 təqsirləndirilən şəxs 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilsin.

perinatal yangin 1345

Cəzanın müddətinə gəlincə, prokuror direktor Mehriban Abasquliyevanın 8 il, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin 7 il, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayevin 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalarını istəyib. Prokuror, həmçinin, hazırda azadlıqda olan təqsirləndirilən şəxslərin elə məhkəmə zalındaca həbs olunmasını tələb edib.

İstintaq materiallarına görə, faciəyə səbəb müəssisənin elektrik təsərrüfatının həddindən artıq yüklənməsi olub. Bildirilir ki, direktor Mehriban Abasquliyeva təyin edildikdən sonra mərkəzin texniki potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırıb. Bu isə elektrik xətlərində qısaqapanmaya və nəticədə 4-cü mərtəbədə yerləşən Yeni doğulmuşların intensiv terapiya bölməsində yanğına yol açıb. Müttəhimlər ittihamı qəbul etmirlər.

Xatırladaq ki, məşum olay 2024-cü il yanvarın 9-da baş verib. Həmin yanğın zamanı 7 körpə tüstüdən boğularaq həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Müəssisəyə dəyən maddi ziyanın miqdarı isə 361 min manat olaraq qiymətləndirilir.

Prokurorun çıxışından sonra vəkillər müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Sabah məhkəmə prosesi davam edəcək. İclasda müdafiə tərəfinin çıxışları dinləniləcək.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki