image-photo-2021-12-11-10-24-17-1backend

Uğurlu Xarici Siyasət

image-reklam_sirab_01

Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikanın qarşısında duran prioritet məsələlərdən biri də milli mənafe əsas tutulmaqla xarici siyasət strategiyasının reallaşdırılması idi. Həmin dövrdə ölkə çətin, hətta çıxılmaz durumda idi. Bir tərəfdən ölkənin ağır sosial-iqtisadi durumu fonunda mənsəbpərəstlərin kreslo davası, digər tərəfdən bədnam qonşularımızın əsassız ərazi iddiaları və bununla bağlı başladıqları elan olunmamış müharibə Azərbaycanın mövcudluğunu faktiki olaraq sual altına almışdı.  1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi. Həmin dövrdə yenicə dövlət müstəqilliyini əldə etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Çox çətin və mürəkkəb dövrdə və əhatədə olan Azərbaycan dövlətinin xarici siyasət kursunu böyük dövlətçilik təcrübəsi olan, dünyada baş verən siyasi hadisə və proseslərə dərindən bələd olan Heydər Əliyev işləyib hazırlaya bilərdi. Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu. Bütün bu hadisə və proseslərin düzgün istiqamətə yönəldilməsi Ermənistanın Azərbaycanın ərazisinə hərbi təcavüzü və təcavüzün qarşısının alınması fonunda baş verirdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalın nəticələrinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ölkəmizin xarici siyasət kursunda əsas yerlərdən birini tutmuşdu.

Dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Heydər Əliyev BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi. Elə bu uzaqgörən və ardıcıl siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsinin qəbul olunmasından sonra həmin siyasətin nəticəsi kimi BMT Baş Assambleyasının 65-ci sessiyasında “İşğal olunmuş ərazilərdə vəziyyətə dair” məsələ müzakirə olunmuş və müvafiq qətnamə qəbul edilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ulu öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ulu öndər eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi.

Azərbaycan Respublikasının siyasi və hərbi təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev müasir dünyanın ən güclü və nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlığa da çox böyük üstünlük verirdi. Bu məqsədlə 1994-cü ilin may ayının 4-də NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə səfər edərək orada “Sülh Naminə Tərəfdaşlıq Proqramının” çərçivə sənədini imzalamışdır. Sənədin imzalanmasından sonra Azərbaycan-NATO əlaqələrində dinamik inkişaf başladı, ölkəmizin təhlükəsizliyi ilə bağlı Alyansla daimi məsləhətləşmələr aparıldı, Azərbaycan ordusunda islahatların gerçəkləşdirilməsi və ordunun NATO standartlarına uyğunlaşdırılması həyata keçirildi. Bununla yanaşı, Azərbaycan ordusunun hissələri NATO-nun müxtəlif sülhyaratma əməliyyatlarında iştirak etməyə başladı. Hazırda NATO-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı” çərçivəsində Alyansla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq uğurla davam etdirilir. NATO Parlament Assambleyasının ildə iki dəfə keçirilən sessiyalarında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti yaxından iştirak edir. 2010-cu ilin sonlarında keçirilən NATO-nun Lissabon sammitində qəbul olunmuş Alyansın “Yeni strateji konsepsiyasında” Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəklənmişdir. Qeyd etmək lazımdır ki, NATO-nun bundan əvvəl keçirilən Riqa və Buxarest sammitlərində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir.

Özünün xarici siyasət kursunda ümummilli lider Heydər Əliyev Avropa İttifaqı ilə əlaqələrə xüsusi əhəmiyyət verirdi. Çünki Avropa İttifaqı dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan bir təşkilatdır. 1996-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Lüksemburqda “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Sənəddə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Hazırda Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.

Özünün xarici siyasət kursunda Heydər Əliyev Avropa Şurası kimi mötəbər bir təşkilata da çox böyük əhəmiyyət vermişdir. 2001-ci il yanvarın 25-də Azərbaycan AŞ-nın tam hüquqlu üzvü seçilmişdir. Bu il Azərbaycanın AŞ-na üzvlüyünün 10 ili tamam oldu. Ötən bu 10 il ərzində Azərbaycanla AŞ arasında əlaqələr dinamik olaraq inkişaf etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin AŞ Parlament Assambleyasındakı nümayəndə heyəti sessiyalarda fəal iştirak edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində çox böyük işlər görmüşlər. 2011-ci ilin yanvar ayında AŞ-nın Dağlıq Qarabağa dair Alt Komitəsinin işinin yenidən bərpa olunması haqda qərar qəbul olunmuşdur.

Azərbaycanın xarici siyasətində ulu öndər Heydər Əliyev eyni zamanda MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Komitəsi, İslam Konfransı Təşkilatı və digər təşkilatlarla əlaqə və münasibətlərin qurulmasına böyük əhəmiyyət vermişdir. Həmin siyasətin məntiqi nəticəsi kimi yuxarıda adlarını çəkdiyimiz təşkilatların böyük əksəriyyəti beynəlxalq qurumlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.

Azərbaycan Respublikasının əlverişli geosiyasi və coğrafi məkanda yerləşməsini, Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpü rolunu oynamasını və eyni zamanda zəngin təbii sərvətlərə, karbohidrogen ehtiyatlarına malik olmasını nəzərə alaraq Heydər Əliyev neft-qaz və nəqliyyat kommunikasiya layihələrinin işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə xüsusi əhəmiyyət verməyə başladı. Azərbaycanın o dövrdəki iqtisadi vəziyyətini nəzərə alan Heydər Əliyev ilk növbədə ölkəyə xarici investisiyaların cəlb olunması istiqamətində lazımi işlərin görülməsini təmin etdi. Belə tədbirlərdən biri xarici investorların investisiyalarının qorunması və onlar üçün əlverişli şəraitin yaradılması idi. Ölkəyə xarici investisiyaların cəlb olunması üçün ilk növbədə neft və qaz layihələrinin reallaşdırılmasını və onun dünya bazarlarına çıxarılmasını təmin etmək lazım idi. 1994-cü ildə çox böyük maneə və çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi” adlanan böyük neft müqaviləsinin bağlanması ilə bu istiqamətdə ilk addım atıldı.

Tarixi təcrübə göstərdi ki, ulu öndərin uğurlu neft strategiyası ölkəmizin iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq imicinin və nüfuzunun artmasına da səbəb olmuşdur. Heydər Əliyevin yeni neft strategiyası nəticəsində bu gün Azərbaycan Respublikası regionun ən dinamik inkişaf edən, iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və eyni zamanda tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilmişdir.

Dünya liderləri Heydər Əliyevin  uğurlu xarici siyasətinin təzahürü olaraq öz fikirlərini gözəl sözlərlə dilə gətirmişdirlər

ABŞ- ın sabiq prezidenti Corc Buş Heydər Əliyev haqda “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin qorunub saxlanmasında böyük əhəmiyyət kəsb etmişdir. Eyni zamanda onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”demişdir.

“Heydər Əliyev, həqiqətən, Rusiyanın böyük dostu idi, biz bunu hiss edirdik və çox qiymətləndiririk. Azərbaycan bütün bu illər ərzində MDB-nin az-az ölkələrindən biri idi ki, orada rusdilli məktəblər bağlanmamış, rus-dilli nəşrlərin sayı nəinki azalmamış, hətta Sovet İttifaqı dövründəkindən də çox olmuşdur… O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim. Bu, böyük itkidir”.  Rusiya Federasiyasının prezidenti Vladimir Putinin fikirləri də belə olmuşdur.

“Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim. Arzu edirəm ki, Minsk qrupu həmsədrlərinin dəstəyi ilə onun səyləri davam etdirilsin və uğurla nəticələnsin”. – Fransa prezidenti Jak Şirak.

“Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır”.- Gerhard Şröder, Almaniya Federativ Respublikasının federal kansleri.

“Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Onun prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxşılaşdırdı. Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, iqamətgahında bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir”.  Böyük Britaniyanın sabiq Baş Naziri Toni Bleyer də belə demişdir.

“Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişaf edərək möhkəmlənməsinə böyük töhfə vermiş Heydər Əliyevin dünyasını dəyişməsi, Azərbaycanda olduğu kimi, Türk ulusunda da dərin kədər yaratmışdır. Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır. Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir”. Qardaş Türkiyə Respublikasının sabiq prezidenti Əhməd Necdət Sezərin də fikirləri belə idi.

 

                                                            Sevinc Hüseyxanova (Bakı Dövlət Universiteti)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki