image-10733e0a-c3f1-40c6-8e33-00294f7f062dbackend

Ulu Öndər Heydər Əliyev dühasının Azərbaycan dövlətçiliyinə verdiyi töhfə

image-reklam_sirab_01

 

 

 

Tarix yazmaq  üçün şəxsiyyətlər,  mükəmməl şəxsiyyətlər yetişdirmək üçün isə tarix yazmaq cəmiyyətlərin başlıca vəzifələrindəndir. Hər bir xalqın tarixində onun adını şərəflə daşıya bilən şəxsiyyətlər yetişir. Şəxsiyyət  amili o qədər spesifik  bir anlayışdır ki, bu sahəni yetişdirmək, formalaşdırmaq və inkişaf etdirmək  üçün həm  zamana,  həm dəki universal məkana ehtiyac yaranır. Zaman və məkan vəhdəti şəxslərin şəxsiyyətə çevrilməsi istiqamətində  mükəmməl sintez rolunu oynayır.

Azərbaycan xalqı xoşbəxt  xalqdır ki, onun tarixində  vətənpərvər, dövlətçiliyə bağlı, xalqını-millətini sevən və bütün bəşəri dəyərləri özündə ehtiva edən şəxsiyyətlər yetişdirmişdir. Tariximizin Cavanşir, Babək, Şeyx İbrahim, Şah İsmayıl, Nadir Şah Əfşar, Məhəmməd Əmin Rəsulzadə, Ulu Öndər Heydər Əliyev və nəhayət  zəfər tariximizi şanlı qələbələrlə yazan ölkə başçısıl İlham Əliyev kimi şəxsiyyətləri olmuşdur və onlar öz fəaliyyətləri ilə xalqımızın yaddaşında  silinməz izlər buraxmışlar.

3 oktyabr 1993-cü il tarixi Azərbaycan üçün həlledici və gələcək  inkişafın konturlarının cızıldığı gün oldu. Xalqın böyük əksəriyyətinin yekdilliklə hakimiyyətə gətirdiyi böyük azərbaycanlı öz liderlik  missiyasını həyata keçirməyə başladı. Ulu Öndərin 1993-cü ilin oktyabrında  prezident seçilməsindən sonra  müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi  əsaslı şəkildə sürətlənmişdir. Ümumilli lider ilk növbədə,  ölkədə ictimai-siyasi  sabitliyin bərpası istiqamətində  gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi  yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Separatçı qüvvələrin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanılması üçün ordu quruculuğu istiqamətində  kompleks tədbirlər həyata keçirilmişdir.

90-cı illərin əvvəlləri ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq  və qeri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna  təhdid  yaradan bütün amillər həmin dövrdə səriştəsiz və təcrübəsiz  şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.  Belə bir vəziyyətdən çıxış yolu axtaran xalqımız xilasını yalnız  Heydər Əliyevin simasında  görürdü.  Bu məqsədlədə, 1992-ci ilin oktyabrında  Azərbaycanın “91-lər” adlanan ziyalılar  Heydər Əliyevə  hakimiyyətə qayıdışı üçün  müraciət etmişdilər. Xalqın və respublikanın hakim dairələrinin böyük təkidi ilə  1993- cü ilin iyunun  9-da Bakıya gəldi. Xilaskarlıq  missiyasını öz üzərinə götürən Heydər Əliyev bütün çətinliklərə  sinə gərərək, həyatını  təhlükə altında qoyaraq  dərhal Gəncəyə  yollandı və qiyamın qarşısını aldı.

Ulu Öndər Heydər Əliyev  qlobal düçüncəli, geniş  dünyagörüşlü fenomen  bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə  praqmatik yanaşırdı, tarixi şəraiti düzgün qiymətləndirirdi, ölkənin taleyi üçün  uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq   arenada  balanslaşdırılmış  siyasətin,  rasional fəaliyyətin ustası idi.  Bu böyük siyasətçi  bütün fəaliyyəti boyu  müdrik  insan, peşəkar rəhbər,  xalqın dərin məhəbbətini qazanmış  lider,  ən nəhayət  böyük azərbaycanlı olduğunu təsdiq etmişdir.  Heydər Əliyev böyük dövlət  xadimi olmaqla bərabər, qayğıkeş ata və əvəzsiz ailə başçısı idi. Onun övladlarına,  o cümlədən nəvələrinə qayğısı,  boş vaxtlarında onlarla maraqlı gün keçirməsi  mükəmməl bir ailə obrazını yaradırdı.  Siyasi uzaqgörənliyində , fitri istedadında, müdrikliyində, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensklopedik  biliyə malik olmasında  və digər məziyyətlərdə  Heydər Əliyevin fenomenallığı  sübut olunmuş faktdır.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanı demokratiya yolu ilə  aparması və bazar iqtisadiyyatı prinsiplərinin  ölkədə tətbiq edilməsi işi oldu. O, demişdir:” Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat  prinsiplərinin bərqarar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”. Milli iqtisadiyyatımızın şah əsəri sayılan “Əsrin müqaviləsi” nin reallaşdırılması  Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın  8 ölkəsinin  13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi”  layihəsi  sonrakı illərdə daha 19 ölkənin  41 neft şirkəti ilə  26 müqavilənin imzalanmasına yol açmış, 1997- ci ildə  Azərbaycan nefti  Bakı-Novorossiysk  neft kəməri ilə , 1999-cu ildə isə Bakı-Supsa  neft kəməri ilə  dünya bazarına çıxarılmışdır. Qərbə inteqrasiya yolunu tutan Heydər Əliyev  ən çətin anlarda belə yenilməz  iradə  nümayiş etdirirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısına  sipərə çevrildi, Bakı-Tiblisi-Ceyhan neft,  Bakı-Tiblisi-Ərzurum  qaz kəmərinin  çəkilişi  məhz bu böyük insanın  iradəsi  və qətiyyətli mövqeyinin,  uzaqgörənliliyinin  nəticəsi kimi reallığa çevrildi.

Bu gün Heydər Əliyev ideyaları qədirbilən xalqımız tərəfindən unudulmur, hər bir azərbaycanlı  gündəlik   fəaliyyətində  çalışır ki,  bu  məqsədlərə çatmaq üçün daha da səylə çalışsın, daha məhsuldar iş görsün  və  Heydər Əliyev  arzularının həyata keçirilməsi istiqamətində  Prezident İlham Əliyevə  və  onun apardığı siyasətə dəstək olsun.

 

 

Mürvət İbrahimov,

Tarixçi, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki