image-img-20240618-wa0018backend

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

image-reklam_sirab_01

Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin idarəetmə sistemində köklü dəyişikliklər baş verdi. Eləcə də ölkədə baş verən xaos, özbaşınalıq, qanunsuzluqlar aradan qaldırıldı. Əsas məqsəd ölkənin suverenliyini təmin etmək və Azərbaycanın parlaq, inkişaf edən gələcəyinə nail olmaq idi.

Ulu Öndər Heydər Əliyevin vətənə sevgisi, şübhəsiz, hər kəsə məlumdur. O, hər çıxışında görmək istədiyi gələcək Azərbaycandan danışar və bunun üçün xüsusi tədbirlər görərdi.Çıxışlarından birini qeyd etmək istərdim. “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.” – Ulu Öndər Heydər Əliyev.
Bəli, dahi, uzaqgörən şəxsiyyət Heydər Əliyev dediyi sözlərin hər birinə əməl etdi. Onun əsas qayəsi ölkəmizin suverenliyini bərpa etmək, işğal olunmuş torpaqlarımızı azad etmək və öz yurdlarından qovulmuş vətəndaşlarımızı geri qaytarmaq idi. Təbii ki, bütün bunları reallaşdırmaq üçün güclü iradəyə, uzaqgörən siyasi bacarıqlara malik olmaq lazım idi. Məhz Heydər Əliyev belə şəxsiyyətlərdən biri idi. Onun hakimiyyətə gətirilməsi xalqımızın ən uğurlu seçimlərindən idi.
Məlumdur ki, həmin dövrdə dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə,ölkə kimi varlığımıza təhdid yaratmışdı. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün bir illik rəhbərliyi ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, hətta ən faciəlisi torpaqlarımızın işğalı, ölkəmizin dövlət kimi var olmasına təhdid yaratmışdır.Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Hətta bu baş verənlər vətəndaş müharibəsinin yaranmasına səbəb olmuşdur. Bütün bu çətinliklərin öhdəsindən məhz Heydər Əliyev gəldi. Onun rəhbərliyi dövrü Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni inkişafı tarixində yüksək mərhələdir.
Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Beləliklə, artıq idarəetmə sistemində dəyişikliklər baş verdi. Ulu Öndər Heydər Əliyev ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Ölkədə siyasi sabitliyin bərqərar olmasına, qanunsuzluqların aradan qaldırılmasına, təhlükəsiz həyat şəraitinin yaranmasına təşəbbüs göstərmiş və nail olmuşdur. Ölkənin ictimai-siyasi, iqtisadi həyatında artıq dirçəlişin izləri görünməyə başlamışdır. Əsas məqsəd ölkənin inkişaf strategiyasını qurmaq idi. Belə ki, 1994-cü ildə torpaqlarımızı işğal edən Ermənistanla atəşkəs elan edildi. Qarabağın işğalınının beynəlxalq səviyyədə tanınması məhz Heydər Əliyevin təşəbbüslərinin nəticəsidir. Eləcə də ölkə idarəçiliyinin əsasını təşkil edən Konstitusiya qəbul edildi. Yeni Konstitusiya demokratiyaya, beynəlxalq hüquqlara əsaslanırdı. Ən əsas məsələlərdən biri də ordu quruculuğu idi. Ümummilli lider hər zaman ordunun yüksək səviyyədə təşkili üçün çalışmış, müasir metodlardan, silahlardan istifadə edərək güclü ordu yaradılmasına səy göstərmişdir. Heydər Əliyevin əsas amalı güclü ordu yaradaraq torpaqlarımızı tez bir zamanda işğaldan azad etməkdir. Bunun üçün həm də ölkənin güclü, inkişaf etməsinə nail olmaq idi. Eləcə də siyasi arenada söz sahibi olmaq vacib amil idi. Bunun üçün neft sahəsində əməkdaşlıqlara başlanıldı və 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalandı. Və bununla da ölkənin inkişfında müsbət irəliləyişlər baş verdi. Təbii ki, yalnız iqtisadı deyil, ictimai, mədəni, təhsil, səhiyyə sahəsinin də inkişafına diqqət ayrıldı.
Heydər Əliyev vətənini sevən şəxsiyyət olduğu üçün hər zaman vətənpərvər, təhsilli, bacarıqlı gənclərin yetişdirilməsinə çağırmış və belə gənclərə dövlət tərəfindən dəstək olunmuşdur.
Heydər Əliyevin əsası ideologiyası azərbaycançılıq idi. Millətini, xalqını sevən şəxsiyyət olaraq hər zaman xalqını bu ideologiya ətrafında birləşməyə çağırırdı. Onun milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir. Ulu Öndər Heydər Əliyevin 1993-2003-cü illər hakimiyyəti dövrü Azərbaycanın inkişafında köklü dəyişikliklər oldu. Ölkənin bu günü məhz həmin dövrdə bünövrəsinin düzgün şəkildə qoyulmasının nəticəsidir. Bu gün Heydər Əliyevin miras qoyduğu Azərbaycan Prezident İlham Əliyev tərəfindən uğurla idarə edilir. Ölkənin suverenliyinin bərpa olunması, beynəlxalq arenada söz sahibinə malik olmağımız bunun əyani sübutudur.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki