Britaniyanın kriminal tarixinin ən müəmmalı hadisələrindən biri – həkim Con Bodkin Adamsın işi 70 ilə yaxındır mübahisə mövzusu olaraq qalır. Varlı və yaşlı xəstələrinin ölümləri, həkimə qoyulan miraslar, yüksək dozada morfin və digər güclü preparatlar, eləcə də sonradan ortaya çıxan şübhələr bu işi XX əsrin ən səs-küylü məhkəmə proseslərindən birinə çevirib.
“Kommersant”ın tarixi araşdırmasında Con Bodkin Adamsın bir qətldə məhkəmə tərəfindən bəraət aldığı, iki qətldə ittiham olunduğu, ən azı 14 ölüm hadisəsində isə şübhəli bilindiyi xatırladılır. Bununla belə, onun həqiqətən qatil olub-olmadığı bu günədək qəti şəkildə sübuta yetirilməyib.
Hadisələrin əsas dönüş nöqtəsi 23 iyul 1956-cı ildə İngiltərənin İstborn şəhərində varlı dul qadın Gertruda “Bobbi” Hallettin ölümündən sonra baş verib. Polisə anonim zəng edən şəxs qadının və beş ay əvvəl ölən ərinin ölümünü şübhəli hesab etdiyini bildirib və onların həkimi Con Bodkin Adamsın adını çəkib.
50 yaşlı Hallett ərinin ölümündən sonra depressiyaya düşmüşdü. Adams ona böyük dozada barbituratlar yazırdı. İyulun 19-da qadın həddindən artıq yuxu dərmanı qəbul edib, komaya düşüb və iyulun 23-də ölüb. Sonrakı analizlər onun orqanizmindəki barbiturat miqdarının ölümcül dozadan təxminən iki dəfə çox olduğunu göstərib.
Şübhələri artıran başqa bir məqam da vardı. Ölümündən bir neçə gün əvvəl Hallett Adamsa 1000 funt sterlinqlik çek vermiş, həmçinin 1954-cü il istehsalı olan Rolls-Royce Silver Dawn avtomobilini ona vəsiyyət etmişdi.
Araşdırma genişləndikcə polis həkimin digər xəstələrinin ölümlərini də araşdırmağa başlayıb. Patoloq Frensis Kemps Adamsın müalicə etdiyi şəxslərlə bağlı 310 ölüm şəhadətnaməsini nəzərdən keçirib. Onlardan 163-ü əlavə araşdırmaya layiq görülüb. Bu insanların hamısının komada öldüyü bildirilirdi.
Adamsın varlı xəstələrlə münasibətləri də diqqət çəkirdi. O, həkimlik fəaliyyəti dövründə 132 xəstəsinin vəsiyyətnaməsində qeyd edilmişdi. Hələ 1935-ci ildə pasiyenti Matilda Uitton ona sərvətinin təxminən üçdə ikisini – 7385 funt sterlinqi miras qoymuşdu.
Polisin ehtimal etdiyi sxemə görə, Adams varlı və yaşlı xəstələrin etibarını qazanır, onların vəsiyyətnamələrinə daxil olur, daha sonra güclü dərmanlar və narkotik tərkibli preparatlardan istifadə edirdi. Xəstə komaya düşdükdən sonra ölüm təbii səbəblərlə rəsmiləşdirilir, bəzi hallarda isə meyit kremasiya edilirdi. Lakin bu sxemin qəsdən qətl məqsədi daşıdığını sübut etmək mümkün olmayıb.
Ən çox şübhə doğuran ölümlərdən biri 81 yaşlı varlı dul qadın Edit Morrellin ölümü idi. İnsult keçirmiş Morrellə Adams uzun müddət morfin və diamorfin – heroin kimi tanınan güclü opioid vururdu. Qadın 1950-ci ilin noyabrında öldükdən sonra meyiti kremasiya edilmişdi. Buna görə illər sonra nə yarılma, nə də toksikoloji ekspertiza aparmaq mümkün idi.
Digər diqqətçəkən hadisə 85 yaşlı Culiya Brednamla bağlı idi. Şahid ifadəsinə görə, qadının vəziyyəti pisləşəndə Adams ona iynə vuraraq “üç dəqiqəyə hər şey bitəcək” deyib. Qadın az sonra ölüb. Həkim ölüm səbəbi kimi beyinə qan sızmasını göstərib. Brednam isə ona miras qoymuşdu.
1956-cı ilin noyabrında polis Adamsın evində axtarış apararkən onun gizlicə iki morfin flakonunu cibinə qoymağa çalışdığını müəyyən edib. Flakonların üzərində artıq ölmüş xəstələrin adları yazılmışdı.
19 dekabr 1956-cı ildə Adams Edit Morrelli öldürmək ittihamı ilə həbs edilib. 18 mart 1957-ci ildə başlayan proses Britaniya mətbuatında “əsrin məhkəməsi” kimi təqdim olunurdu. Məhkəməni Britaniya ilə yanaşı ABŞ, Almaniya, İsveç və Fransadan gəlmiş təxminən 200 jurnalist izləyirdi.
Prokurorluq Adamsın Morrellin ölümünü həddindən artıq narkotik dozası ilə qəsdən sürətləndirdiyini iddia edirdi. Lakin əsas problem maddi sübutların olmaması idi: meyit kremasiya edilmişdi, yarılma aparılmamışdı, toksikoloji analiz və toxuma nümunələri yox idi.
Müdafiə tərəfi isə tibb bacılarının xəstəyə qulluq zamanı yazdığı səkkiz dəftəri məhkəməyə təqdim edib. Bu qeydlər 1956-cı ildə verilmiş ifadələrlə ciddi şəkildə ziddiyyət təşkil edirdi və Morrellə faktiki olaraq istintaqın iddia etdiyindən daha az preparat verildiyini göstərirdi.
9 aprel 1957-ci ildə andlılar cəmi 44 dəqiqəlik müşavirədən sonra Con Bodkin Adamsı Edit Morrellin qətlində təqsirsiz hesab ediblər. Bundan sonra Bobbi Hallettin ölümü ilə bağlı qətl ittihamı üzrə də məhkəmə prosesi davam etdirilməyib.
Lakin Adams tamamilə məsuliyyətdən yayınmayıb. 1957-ci ilin iyulunda saxta reseptlər, kremasiya sənədlərində yanlış məlumatlar, narkotik maddələrin uçotu qaydalarının pozulması və polis axtarışına maneçilik kimi daha yüngül ittihamlar üzrə məhkəmə qarşısına çıxıb. O, 14 bənd üzrə günahını etiraf edib və ümumilikdə 2400 funt sterlinq cərimələnib. Həmçinin həkimlərin reyestrindən çıxarılıb.
1961-ci ildə Adamsın həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququ bərpa olunub. O, yenidən işləməyə başlayıb, lakin əvvəlki nüfuzunu geri qaytara bilməyib.
Con Bodkin Adams 1983-cü ildə vəfat edib və ömrünün sonuna qədər qatil olduğunu qəbul etməyib.
Onun ölümündən sonra açılan polis arxivləri də mübahisələrə son qoymayıb. Bəzi tədqiqatçılar Adamsın cəzadan yayınmış seriyalı qatil olduğunu düşünür, digərləri isə polis və mətbuatın zəif sübutlar əsasında onun haqqında “qatil həkim” obrazı yaratdığını bildirirlər.
Beləliklə, Britaniya kriminal tarixinin ən müəmmalı suallarından biri hələ də açıq qalır: Con Bodkin Adams varlı xəstələrinin ölümünü sürətləndirərək onların mirasına sahib çıxan seriyalı qatil idi, yoxsa şübhəli tibbi metodları və pula həddindən artıq marağı olan, lakin qətl törətməyən həkim?Musavat.com


























