Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyalar paketinin hazırlanacağını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Kallas Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib ki, yeni sanksiya siyahısı bu payız təqdim ediləcək. Onun sözlərinə görə, paket qəbul olunarsa, Aİ-nin sanksiya tətbiq etdiyi Rusiya vətəndaşları, şirkətləri və təşkilatlarının sayı dərhal üçdə bir artacaq.
“Bu payız müharibənin başlanmasından bəri Rusiyaya qarşı ən geniş sanksiyalar siyahısını təqdim edəcəyəm”, – Kallas deyib.
Aİ rəsmisi əlavə edib ki, Rusiyaya qarşı təzyiqlər Moskva müharibəni dayandırana qədər artırılmalıdır.
Kallasın sözlərinə görə, indiyədək tətbiq olunan Aİ sanksiyaları Rusiyanın hərbi maşınına 1 trilyon avrodan çox zərər vurub. O, yeni tədbirlərin məqsədinin Rusiyaya iqtisadi təzyiqi daha da gücləndirmək olduğunu vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı iyul ayında Rusiyaya qarşı növbəti sanksiya paketini qəbul edib. Sonuncu tədbirlər əsasən Rusiyanın bank sektoru və kriptovalyuta şəbəkələrinə məhdudiyyətləri əhatə edib.
Kallas yeni paketə daxil ediləcək konkret şəxslər, şirkətlər və təşkilatların adlarını açıqlamayıb.


























