Sovet İttifaqı dövründə, 1924-cü ildə bir-birindən ayrılan iki bacı-qardaşın nəvələri təxminən bir əsr sonra Bakı-Qars arasında birbaşa aviareyslərin başlaması ilə Türkiyənin Qars şəhərində bir araya gəliblər.
Vətəninfo.az xəbər verir ki, Azərbaycanın paytaxtı Bakıdan Qarsa gedən Şərgiyə və Nüşabə Məmmədova bacıları Akyaka rayonunun Demirkent kəndində yaşayan qohumları tərəfindən saz-sözlə qarşılanıblar.
Təxminən 100 il əvvəl baş verən ayrılıq iki ailənin müxtəlif ölkələrdə həyatlarını davam etdirməsinə səbəb olub. İllər keçməsinə baxmayaraq, qohumluq əlaqələri qorunub saxlanılıb. Bakı-Qars arasında birbaşa uçuşların başlaması isə ailə üzvlərinin yenidən görüşməsinə imkan yaradıb.
Şərgiyə və Nüşabə Məmmədova bacıları Demirkent kəndində yaşayan qohumlarının evinə qonaq olublar. Kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanan bacılar qohumları ilə qucaqlaşaraq uzun illərin həsrətinə son qoyublar.
Ailə üzvləri eyni süfrə arxasında toplaşaraq keçmişdən qalan xatirələri bölüşüblər. Görüş zamanı saz çalınıb, mahnılar oxunub. Duyğulu anların yaşandığı görüşdə təxminən bir əsr əvvəl yarımçıq qalan ailə hekayəsi yenidən davam edib.
Bakıda yaşayan Şərgiyə Məmmədova bildirib ki, ailəsinin 1924-cü ildə yaşadığı ayrılıq onlar üçün böyük həsrətə çevrilib. Onun sözlərinə görə, atası təxminən 15 il əvvəl Qarsa gələrək burada yaşayan qohumları ilə görüşüb.
Məmmədova bu görüşün ailə üzvləri üçün xüsusi əhəmiyyət daşıdığını və uzun illərdən sonra qohumların yenidən bir araya gəlməsindən böyük sevinc hissi keçirdiklərini vurğulayıb.


























