Atəşkəsə baxmayaraq, İsrail ordusu Livanın cənubundakı Huceyr dərəsinə hava zərbələri endirib, Hiyam şəhərini avtomat silahlardan atəşə tutub.
Vətəninfo.az xəbər verir ki, Livanın rəsmi NNA xəbər agentliyinin məlumatına görə, İsrail döyüş təyyarələri gecə yarısından sonra Huceyr dərəsinin Qantara istiqamətinə hava hücumu həyata keçirib.
İsrail qüvvələri Hiyam şəhərini də avtomat silahlardan atəşə tutub.
İsrail ordusu gecə saatlarında Livanın cənubundakı Bint-Cbeyl rayonunun Hədasa qəsəbəsində də silahlı insident törədib.
NNA-nın məlumatına görə, İsrail əsgərləri Hədasanın Qərb məhəlləsini avtomat silahlardan atəşə tutublar.
Eyni zamanda, İsrailə aid hərbi texnikanın qəsəbə daxilində hərəkət etdiyi bildirilib.
İsrail ordusu martın 2-də Livana qarşı intensiv hava zərbələri endirərək ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.
Livan hökuməti həmin dövrdə ölkə daxilində məcburi köçkün düşən şəxslərin sayının bir milyonu keçdiyini bəyan etmişdi.
Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs razılaşması daha sonra bir neçə dəfə uzadılıb. Atəşkəsə baxmayaraq, İsrail ordusu avqustun 15-də səhər saatlarında Livana qarşı yenidən hava zərbələri endirməyə başlayıb.
Livan Səhiyyə Nazirliyi martın 2-dən bəri İsrailin ölkəyə etdiyi hücumlar nəticəsində 4 346 nəfərin həyatını itirdiyini bildirib.


























